Məhkəmə qərarları › İş №2(058)-968/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-968/2025

18.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-968/2025 18.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 2610 manat məbləğində pulun və ödədiyi 46.10 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü il mart ayının əvvəli sosial şəbəkələrdə telefonunu satmaq barəsində paylaşım etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 onunla əlaqə saxlamış və telefonu qohumu Cavabdeh2 almaq istədiyini ancaq pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Telefonu 3010 manat pul məbləğində almağa razılaşmışdır. xx.xx.2023-cü tarixdə Cavabdeh1 və Cavabdeh2 öz kimlikləri və öz xətləri ilə imei kodu **********35048 İphone 13 pro max modenilini 400 manat verib telefonu aldıqlarını və qalan 2610 manatı isə hər ay 174 manat olmaqla 15 aya verəcəklərini qeyd edib imzalamışdırlar. Hal hazırda sözügedən borcdan 2610 manat borcları qalmışdır. Dəfələrlə cavabdehlərdən pulunu qaytarmasını tələb etsə də cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, o cavabdehlərə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddianı qəbul etmir, belə ki, iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi, borcun etirafı barədə sənəddəki imza ona məxsus olsa da, telefonu digər Cavabdeh2 götürmüşdür, o, sadəcə Bəxtiyarın öhdəliyinə zamin kimi həmin sənədə imza etmişdir. Ona görə də hesab edir ki, tələb ona münasibətdə əsassızdır, ona görə də tələbin münasibətdə rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Cavabdeh2 və Cavabdeh1 yazdığı və imzaları ilə təsdiq etdiyi əlyazmalardan görünür ki, onlar İddiaçı İmei kodu **********35048 İphone 13 pro max markalı telefonu nisyə qaydada aldıqlarını, 400 manat ilkin ödəniş edərək malın dəyərinin qalan hissəsini hər ay 174 manat olmaqla 15 ay ərzində ödəyəcəklərinə dair öhdəlik götürdüklərini qeyd etmişlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında nisyə alqısatqı müqaviləsi bağlanmış və onlar arasında sözügedən müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutla öz təsdiqini tapmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdehlər öhdəliklərini icra etməmişlər. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehlərdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2610 (iki min altı yüz on) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə, ödənilmiş 46.10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2610 (iki min altı yüz on) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46.10 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar