Məhkəmə qərarları › İş №2(058)-97/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-97/2024

15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-97/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzilində gördükləri işlərə görə 1500 manat məbləğində pulun tutulub birdəfəyə onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar təxminən 2023-cü ilin iyun ayında cavabdeh X3 ilə olan razılaşmalarına əsasən cavabdehə məxsus ünvan 1 ünvanda olan mənzilində təmir-tikinti işlərinə başlamış və evdə 2 aya yaxın bir sıra işlər görmüşlər. Onlar işi gördükcə pulu 3 dəfəyə alacaqları barədə cavabdehlə razılaşmışlar. Cavabdehin mənzilində gördükləri çapıntı və zamaska işlərinin ümumi məbləği hesablamalarına görə 2500 (iki min beş yüz) manat tutmuşdur. Həmin pulun 1000 (min) manatını cavabdeh onlara vermiş, qalan 1500 (min beş yüz) manat pulu isə cavabdehdən evlərinə zəruri ərzaq və sair almaq üçün istəmişlər, lakin cavabdeh onlara pul verməyərək bildirmişdir ki, pulu onlara yalnız bütün işlər bitəndən sonra verəcəkdir. Cavabdeh tez-tez onlara işi deyilən vaxtda bitirmədikləri təqdirdə bir qəpik də pul verməyəcəyini bildirmişdir. Lakin bununla belə, onlar cavabdehə hər hansı material alıb gətirməsini dedikdə cavabdeh günlərlə həmin materialın alınıb gətirilməsini ləngitmişdir. Sanki cavabdeh qəsdən belə edirmiş ki, onlar işi gec görsünlər, cavabdeh isə onların pulunu verməsin. Bu hal onları təmin etmir, ona görə ki, ailələrinin onların qazancına ehtiyacı vardır. Əgər onlar hər ay evlərinə pul verməsələr ailələri nə ilə dolansınlar. Hər ikisinin də ailəsinin yeganə qazanc gətirənləri onlardır. Cavabdehin evində görəcəkləri işlərin həcmi böyük olduğundan işin bitməsi uzun çəkəcəkdir. Cavabdehin bu cür hərəkətləri onlarda işi qurtarandan sonra da pullarını verməyəcəyi şübhəsi yaradır. Cavabdeh bir işi 5 dəfə sökdürüb gördürmüş, pulu verməyə gəldikdə isə dava etmişdir. Cavabdeh bildirmişdir ki, pulu yoxdur, halbuki kifayət qədər imkanı vardır, mənzilin təmiri üçün xeyli vəsait xərcləyib material almış, lakin onların pulunu verməmişdir. Üstəlik də kürəkənini onların üstünə göndərmiş, kürəkəni Orxanın şəhid atasının ünvanına söyüş söymüşdür. Onlar iş görmüşlər, çavabdeh də gördürdüyü işin pulunu ödəməlidir. İddiaçı1 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Ailəlidir, iki körpə övladı vardır, xəstə və yaşlı anası onun himayəsində yaşayır. İddiaçı2 şəhid ailəsidir. Atası X1 rayonunda aparılan döyüş əməliyyatlarında şəhid olmuşdur. Hazırda anası onun himayəsindədir. Cavabdeh onları işlədib, gördükləri işlərin pulunu ödəmədiyi üçün cavabdehin hərəkətləri barədə polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Polisdən onlara işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, məhkəmə qaydasında cavabdehdən 1500 manat pul birdəfəyə alınıb onlara ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, onların gördükləri iş müqabilində alacaqları pul 2500 manat hesablanmışdır, cavabdehdən 1000 manat pul almışlar, lakin hazırda 1500 manat cavabdehdən alacaqları vardır. Cavabdeh pəncərənin zamaska çəkildikdən sonra qoyulmasını istəmiş, lakin zamaska bir həftə sonra alınmışdır, bu səbəbdən də, onlar bir həftə iş görə bilməmişlər. Cavabdeh nə demişdirsə onlar əməl etmişlər, özbaşlarına heç bir hərəkət etməmişlər. Evin təmiri üçün material olmadığı üçün iş yarımçıq qalmışdır. Cavabdehin aşağı mərtəbədə yaşayan qonşusunun evinə su damdığı üçün döşəməni sökməmişlər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, ev astardan çıxmış, astardan sonra divardan dəmir mayaklar sökülmüş, mayakların yeri işlənilmişdir. Cavabdeh onlara oboylara çatdıqdan sonra pəncərələri qoymaqlarını bildirmişdir. Material vaxtında alınmamış, onlar bir həftə on gün material gözləmişlər, bu səbəbdən də iş yubanmışdır, cavabdeh işin yubanmasına səbəb kimi materialın bitməsini deyil, onları günahkar bilmişdir. Görmədikləri işi haqqhesaba vurmamışlar, aralarında yaranan problemlərin səbəbi cavabdehin iddiaçılara gördükləri iş müqabilində pul verməməsi olmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbi əsassızdir. O, onkoloji xəstədir. Onun evində iddiaçılar evin divarının astarını bitirməmiş, üzlüyü isə vurmamışlar. Şöküntü və hörgü işlərini bitirməmiş, hamam və ayaqyolunu təmir etməmişlər. O, iddiaçılara bildirmişdir ki, iş tamilə bitsin sonra pullarını verəcəkdir. Münasibətlərinin pozulmasına səbəb iddiaçıların ləng işləmələri və işi bitirməmiş pul istəmələri olmuşdur. O, işlərin bir qismini gördükdən sonra 1000 manat, qalan işləri gördükdən sonra isə 1500 manat pul verəcəyini iddiaçılara bildirmişdir, iddiaçılar isə işlərini vaxtında və düzgün yerinə yetirmədikləri üçün o, cavabdelərə pul verməmişdir. Sonra o, başqa ustaya müraciət edib 2800 manat pul verərək, iddiaçıların tamamlanmamış işlərini Namiq adlı ustaya gördürmüşdür. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, hazırda cavabdehin evində usta kimi işləyir, lakin oboy bitdiyi üçün iş dayanmışdır. Cavabdeh məxsus evdə işə başlayarkən o, görmüşdür ki, iş natamamdır. Cavabdeh ona görəcəyi iş müqabilində 2800 manat pul vermişdir. Ondan əvvəl həmin evdə iddiaçıların gördüyü işlərin dəyəri isə təxminən 1400-1500 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş İddiaçı2 şöbəyə müraciəti əsasında toplanmış materiallardann görünür ki, araşdırma zamanı Samux rayonu, Əhmədbəyli kəndində yaşayan İddiaçı2 müraciətində cinayət tərkibi və inzibati xəta aşkar edilməmişdir. Məhkəmə iddiaçılara öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçılar öz etirazlarının əsası kimi istinad etdikləri halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçıların göstərdiyi hallar öz izahatlarından başqa heç bir sübutla təsdiq olunmamışdır. Ona görə də məhkəmə mövcud materiallar və işin müəyyən edilmiş halları əsasında mübahisənin həll edilməsini mümkün hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçılar iddia ərizəsində evdə gördükləri tikinti və təmir işlərinə görə xərci və həmin xərcin cavabdeh tərəfindən onlara ödənilmədiyini sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özlərinin izahatı olmuşdur. Məhkəmə iclasında iddiaçıların iddia tələbi üzrə cavabdehin iddiaçılara olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən cəmi 1500 manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə hesab edir ki, iddiaçıların tələbinin əsaslı olması üçün cavabdeh tərəfindən onlara gördükləri işə görə pulun ödənilməməsi təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılar görməli olduğu işlərin müqabilində qabaqcadan cavabdehdən 1000 manat pul almışlar, lakin öhdəliyi lazımınca yerinə yetirməmiş və cavabdehi əlverişsiz vəziyyətə salmışlar. Sifarişin yerinə yetirilməsində və görülmüş işin qəbul edilməsində cavabdehin heç bir hərəkətsizliyi olmamışdır. Eləcə də, iddiaçılar sifarişdə nəzərdə tutulmuş işləri tam yerinə yetirməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçıların öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirmələrini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar