Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-99/2024 23.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mehdi qızı və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Mehdi qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqsirli bilindikləri cinayət işi üzrə zərərçəkmiş şəxsə ödədikləri zərərin əvəzi - 21000 manat pulun cavabdehlərdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mehdi qızını qardaşı X1 vasitəsilə tanımışdır. Cavabdehlər 2019-cu ilin noyabr ayında Xalidə zəng edib çağırıblar ki, gedək bazardan mal-qara alaq. Onlar birlikdə bazara gedərək 7 ədəd xırda buynuzlu mal-qara alıblar və aparıb yatağa düşürüblər. Ondan sonra Gülşənin əri Cavabdeh2 onun maşınına 6 ədəd arpa çuvalı qoyub və o, Gülşən ilə birklikdə mağazaya gedib. Gülşən arpa çuvalını mağazaya təhvil verib, daha sonra ona bildirib ki qardaşı oğlu üçün etdiyi bazarlığı aparıb vermək lazımdı. Onlar bazarlığı birlikdə aparıb verəndən sonra evə qayıdarkən yolda Gülşənə zəng gəlib. Gülşən yolda maşından düşərək təcili taksi ilə getməli olduğunu bildirib. Həmin gün saat 19:00-da Xalidə naməlum zəng gəlib, həmin şəxs özünü polis əməkdaşı kimi təqdim edərək elit kafesinin yanına gəlməsini tələb edib. Həmin yerə Xalidin əvəzinə Çingiz və arvadı Nərgiz gediblər. Orada polis əməkdaşı olmayıb, sadəcə Cavabdeh2 və 4 nəfər tanımadıqları şəxs olub. Həmin tanımadıqları şəxslər ona bildiriblər ki, onlara 21000 ziyan vurublar, vaxt veriblər ki, həmin zərərin əvəzini ödəsinlər, yoxsa onu öldürəcəklər. O, qardaşı Çərkəzə zəng edib bunun nə məsələ olması haqqında soruşduqda qardaşı Çərkəz bildirib ki, Xalidi ora fəhlə kimi aparıb, orada ona aid heç bir iş yoxdur. Lakin həmin gecədən qardaşı Çərkəz də qaçıb, ondan heç bir xəbər çıxmayıb. Gülşən və Elmədddin onu şərləyiblər və oğurluq işində onlar təqsirli bilinib cəzaya məhkum ediliblər. Gülşən onun yoldaşı Nərgizə dəfələrlə deyib ki, yoldaşın həbsdən çıxsın onlara nə qədər ziyan vurubsa hamısını ödəyəcək. O, həbsdə olanda Gülşən hətta ümumilikdə 4 ay olmaqla hər ay 40-50 manat onlara pul ödəyib. Hətta Elməddin də onun yoldaşına zəng edərək deyib ki, həbsdən çıxanda onlara vurduğu ziyanı ödəyəcək. Lakin həmin pulu cavabdehlər ödəməmiş, aralarında olan şifahi razılaşmaya əməl etməmişlər. Cavabdehlər onlara borclu olduqları 21000 manat pulu könüllü ödəmədikləri üçün məcbur olub məhkəmədə iddia qaldırıb. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 1(040)02/2022 saylı, 10 fevral 2022-ci il tarixli hökmün surətindən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən aydın olur ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs İddiaçı2 ona vurulmuş ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 1(066)44/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh2 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cavabdeh1 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. İddiaçıların izahatlarından, eləcə də tədqiq edilmiş iş materiallarından görünür ki, iddiaçılar və cavabdehlər məhkəmənin müvafiq hökmləri ilə oğurluq əməlində təqsirli bilinərək müvafiq cəzalara məhkum ediliblər. Kəlbəcər Rayon Məhkəməsinin 1(040)02/2022 saylı, 10 fevral 2022-ci il tarixli hökmündən məlum olur ki, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs İddiaçı2 tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Hazırda iddiaçılar iddia edirlər ki, sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan hazırki iş üzrə cavabdehlər yəni - Cavabdeh2 və Cavabdeh1 tərəfindən vurulmasına baxmayaraq həmin ziyan zərərçəkmiş şəxsə İddiaçı2 tərəfindən ödənilmişdir. Ona görə də iddiaçılar sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın əvəzi kimi ödənildiyini bildirdikləri 21000 manat pulun cavabdehlərdən alınaraq onlara verilməsini tələb edirlər. Həmçinin iddiaçılar iddia ərizəsində cavabdehlərin verdikləri vədə və aralarında olan şifahi razılaşmaya əməl etmədiklərini bildirilər. Göründüyü kimi iddiaçılar vaxtilə təqsirli bilindikləri cinayət əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanın yalnız cavabdehlər tərəfindən vurulmasına baxmayaraq zərərin əvəzinin İddiaçı2 tərəfindən ödənildiyini bildirməklə gah həmin hala, gah da iddia tələbinin hüquqi əsası kimi borc münasibətlərinə istinad edirlər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə öhdəliyin yaranması üçün ya tərəflər arasında hər hansı bir müqavilə olmalı, ya öhdəlik mülki hüquq pozuntusundan (deliktdən) əmələ gəlməli, ya da əsassız varlanma səbəbindən yaranmalıdır. Hazırda işin faktiki hallarından və iş materiallarından məlum olur ki, tərəflər arasında heç bir müqavilə olmayıb, həmçinin mübahisəyə əsassız varlanma və ya mülki hüquq pozuntusu kimi hüquqi qiymət verilməsi mümkünsüzdür. İddia tələbinin hüququ əsasını müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı bir hüquq münasibətinin və öhdəliyin yaranmasından söhbət gedə bilməz. Ona görə də, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-99/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-99/2024
23.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver