Məhkəmə qərarları › İş №2(058)-997/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-997/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-997/2023 14.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı «borc» tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh BOKT "xxxx" QSC-nin xeyrinə 2094 manat əsas borc, 314.10 cərimə borcu və 44,48 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2452,58 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 055-EMB-0281-22 saylı kredit müqaviləsi və kredit müaviləsinə bir saylı əlavə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 19 ay müddətinə 3138 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2023-cü il tarixə əsas borcu 2094 manat, faiz borcu 0,00 manat, cərimə borcu 314 manat olmaqla, ümumi borcu 2408,10 manat qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Kredit müqaviləsinin 2.1.1ci bəndinə əsasən Borcalan bu Müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş məbləğlərini vaxtlı-vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini bocalandan tələb edə bilər. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən Borcalan öhdəliklərini bu müqavilə ilə və onun əlavəsinə müvafiq surətdə yerinə yetirmədiyi halda və ya müqavilənin əlavəsində göstərilən ödəmə ardıcıllığına ardıcıl olaraq 2 dəfə əməl etmədikdə borcverən əsas və faiz borcunun, hesablanmış cərimənin borcalandan borcverənin xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 28 yanvar 2021-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 055- EMB-0281-22 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 19 ay müddətinə 0% dərəcəsi olmaqla 3138 manat məbləğində kredit vermiş, Cavabdeh pulu qəbul edib, ödəniş cədvəlinə müvafiq şəkildə BOKT "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 055-EMB-0281-22 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdehnın BOKT "xxxx" QSC-yə əsas borc üzrə 2408,10 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, BOKT "xxxx" QSC-nin xeyrinə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2094 manat əsas borc, 209 manat cərimə borcu olmaqla 2303 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 44,48 manat dövlət rüsumunun əvəzinin da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2094 manat əsas borc, 209 manat cərimə olmaqla cəmi 2303 (iki min üç yüz üç) manat və 44,48 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar