Məhkəmə qərarları › İş №2(059)-10/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-10/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-10/2023 17.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X4 və X6 qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1940 manat borcun və ödənilmiş 39,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı tələbin dəqiqləşdiriməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirzəhüseyn Kərimovun ata adının “Həsənağa” kimi nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 2(059)-383/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərardadı ilə mülki işin icraatı cavabdeh Mirzəhüseyn Kərimov öldüyünə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə onun hüquq varisi müəyyən edilənədək dayandırılmış, bu məhkəmənin 28 fevral 2023-cü il tarixli, 2(059)- 10/2023 saylı qərardadı ilə mərhum cavabdeh Mirzəhüseyn Kərimovun hüquq varisləri məhkəmə tərəfindən müəyyən edildiyi üçün iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından mülki işin icraatı təzələnmiş, habelə Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsində qeydiyyatda olan X7 və X8 cavabdeh X1 hüquq varisləri qismində içə cəlb edilmişlər. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, mərhum Mirzəhüseyn Kərimovla bir müəssisədə işləmiş, yəni iş yoldaşı olmuşdur. Elə bu münasibətdən sui-istifadə edən mərhum Mirzəhüseyn Kərimov, ona müraciət edərək, qızının toy mərasiminə görə borc pul verməsini, özünün isə kredit borcları olduğu üçün Banklardan pul əldə edə bilmədiyini bildirmişdir. İş yoldaşı olduğundan mərhum Mirzəhüseyn Kərimova rədd cavabı verə bilməmiş və özünə də pul lazım olduğundan bakdan kredit götürmək qərarına gəlmişdir. Beləliklə, "xxxx" ASC-dən 23 iyul 2019-cu il tarixli kredit müqaviləsi ilə üç il müddətinə 4000 manat, faizlə birlikdə 5648,47 manat qaytarmaq şərtilə nağd pul götürüb, onun 1800 manatını mərhum Mirzəhüseyn Kərimova vermişdir. Aralarındakı şərtə görə mərhum Mirzəhüseyn Kərimov götürdüyü 1800 manatı, 740 manat faizi ilə birlikdə, cəmi 2540 manat borc şəklində, hər ay əmək haqqından 120 manat olmaqla, ona qaytarmalı olsa da, mərhum söz verdiyi kimi hər ay 120 manat ödəmə öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, mərhum Mirzəhüseyn Kərimov borcundan sonuncu dəfə 2020-ci ilin avqust ayında 40 manat, ümumilikdə 600 manat ödəyərək, borcun ödənilməmiş qalan 1940 manat məbləğini hər dəfə müxtəlif bəhanələr gətirərməklə, ödəməkdən qərəzli boyun qaçırmışdır. Bu səbəbdən də, borcun məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, X10 xahişi əsasında 23 iyul 2019-cu il tarixdə Siyəzən şəhərində yerləşən "xxxx" ASC-dən eyni tarixli kredit müqaviləsinə əsasən götürdüyü puldan 1800 manatını elə həmin bankın qarşısında özü ilə zamin lazım olar deyə apardığı Şahid yanında mərhum Mirzəhüseynə vermiş, habelə aralarındakı razılaşmaya görə mərhum Mirzəhüseyn Kərimov götürdüyü 1800 manatı, 740 manat faizi ilə birlikdə, cəmi 2540 manat borc şəklində, hər ay əmək haqqından 120 manat olmaqla, ona qaytarmalı olmuşdur. Lakin, mərhum Mirzəhüseyn Kərimov üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, o cümlədən 1800 manat borcdan cəmi 600 manat ödəniş etmiş, nəticədə 1200 manat pul ödənilməmiş qalmışdır. Belə ki, o, hazırda faiz borcu üzrə 740 manatın da deyil, yalnız əsas məbləğ üzrə qalıq 1200 manat borcun qaytarılmasını tələb edir. Bundan başqa, o, X10 sağlığında ondan dəfələrlə borcunun qaytarılmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə bundan yayınmışdır. Odur ki, iddianın qismən, o cümlədən 1200 manat borcun qaytarılması hissəsində təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Cavabdehlər X7 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh X7 17 aprel 2023-cü il tarixdə iddia tələbini qəbul etməməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. Bundan başqa, atası Mirzəhüseyn Kərimov öldükdən sonra sonuncudan heç bir miras əmlak qalmamış, nə o, nə də anası mərhum atasından miras əmlak qəbul etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Şahid ifadəsində göstərdi ki, əvvəllər o, mərhum Mirzəhüseyn Kərimov və İddiaçı birlikdə Siyəzən rayonu, Gil-Gil stansiyasında işləmiş, habelə sonuncu onun briqadiri olsa da, mərhum Mirzəhüseyn Kərimov həmin stansiyanın yaşıllaşdırma şöbəsində çalışmışdır. Bundan əlavə, mərhum Mirzəhüseyn Kərimovla hər hansı bir formada düşmənçiliyi və ya ədavəti olmamış, sonuncunun oğlu X14 müharibəsinin iştirakçısı olmuşdur. X2 toyu ərəfəsində onun kasıb olması ilə əlaqədar sonuncu üçün pul toplayıb, yardım etmək niyyətləri olmuşdur. Lakin, 2019-cu ildə İddiaçı "xxxx" ASC-dən kreditə pul götürmüş, habelə o da, zaminə ehtiyac olar deyə, iddiaçı Kiçikağa mərhum Mirzəhüseynlə birlikdə banka getsə də, buna zərurət olmamışdır. Bundan sonra, onlar birlikdə sözügedən bankın arxasında yerləşən çayçıya getmiş, orada əyləşib, çay içərək, yemək yemiş, bu zaman iddiaçı mərhuma 100 manatlıq əskinaslar şəklində dəqiq bilmədiyi məbləğdə pul vermiş, lakin ehtimalına görə bu məbləğ 3000 manat olmuşdur. Çünki, 2000 və ya 3000 manat məbləğ onlar üçün böyük məbləğdir. Eyni zamanda, İddiaçılə mərhum Mirzəhüseyn Kərimov arasında iş yoldaşlığından irəli gələn səmimiyyət olduğundan sonuncular arasında hər hansı bir yazılı sənəd tərtib edilməmiş, hətta mərhum Mirzəhüseyn bu hərəkətinə görə iddiaçı Kiçikağaya minnətdarlığını bildirmişdir. Hətta, razılaşma əsasında həmin məbləğ mərhum Mirzəhüseyn Kərimov tərəfindən banka qaytarılmalı olmuşdur. Daha sonra, İddiaçı yedikləri yeməyə və içdiklərə çaya görə xidmət haqqını vermiş, həmçinin oradan taksiyə əyləşib, hərə öz evinə getmişdir. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında 23 iyul 2019-cu il tarixdə bağlanmış BPM**********69 saylı kredit müqaviləsinə, həmçinin ödəniş qrafikinin surətindən görünür ki, bank İddiaçı 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 4000 manat məbləğində kredit vermiş, habelə bu məbləğ faizlərlə birlikdə hər ay 157 manat, sonuncu ay isə 153,47 manat hesablanmaqla, ödənilməli olmuşdur. İşdə olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X3 07 iyul 2022-ci il tarixdə ölmüşdür. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin 17 fevral 2023-cü il tarixli, 53 nömrəli məktubundan görünür ki, 07 iyul 2022-ci il tarixdə vəfat etmiş X1 miras əmlakı vərəsələr tərəfindən qəbul edilməmiş və vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşdə olan 25 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 39,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd edir ki, şahid İddiaçı əvvəllər işçisi olmaqla, sonuncunun mərhum Mirzəhüseyn Kərimovla olan münasibətlərini bildiyindən, iş üzrə iddiaçı tərəfindən ifadə verməsi baxımından və beləliklə də, şahid dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan, eyni zamanda mübahisə ilə əlaqədar verilmiş şahid ifadəsiylə iddiaçının izahatı arasında ziddiyyətlər olduğundan əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahid ifadəsinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də ifadə verilən zaman pulun verilmə qaydasının və məbləğinin düzgün, o cümlədən dəqiq göstərilməməsidir. Belə ki, Şahid ifadəsində İddiaçı tərəfindən "xxxx" ASC-dən götürülmüş kredit məbləğinin hesabına mərhum Mirzəhüseyn Kərimova borc pulun sözügedən bankın arxasında yerləşən çayçıda 100 manatlıq əskinaslar şəklində dəqiq bilmədiyi məbləğdə, ehtimalına görə 3000 manat həcmində verildiyini bildirsə də, İddiaçı bu məbləği 1800 manat həcmində göstərməklə, bankın qarşısında verdiyini qeyd etmişdir. Digər tərəfdən, hər hansı bir şəxsin yanında üçüncü şəxsə borc pul verilərkən, pulu verən şəxs qeyd olunan məbləği iştirakçıların yanında sayıb təhvil verir. Yəni, yanında üçüncü şəxsə pul verilməsinin şahidi olmuş şəxs üzərindən illər keçsə belə, verilmiş məbləğin şahidi olduğundan miqdarını xatırlamaması mümkün deyildir. Çünki, şahidin iştirakı və gedən prosesləri dəqiqliklə müşahidə etməsi bu tipli mübahisələrdə əhəmiyyətli və mötəbər sübuta çevrilir. Hazırda, şahid ifadəsi ilə iddiaçının izahatı arasında ortaya çıxan ziddiyyətli məqamlar sonda verilmiş ifadəyə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən bu şahid ifadəsinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Beləliklə, iddiaçının izahatı, şahid ifadəsi, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının 23 iyul 2019cu il tarixdə mərhum Mirzəhüseyn Kərimova 1800 manat məbləğində borc pul verməsinin, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu borc olaraq almasının, eləcə də faizi ilə birlikdə, ümumilikdə 2540 manat məbləğində ödəməli olmasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin İ və İİ hissələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Göründüyü kimi iddiaçı X10 hərəkətləri nəticəsində hüquqlarının pozulduğunu, bununla da ona zərər dəydiyini əsas gətirib, məhkəməyə müraciət etsə də, sonuncunun iddiaçının qarşısında 23 iyul 2019-cu il tarixdə borcun alınması, habelə bu borcun faizləri ilə birlikdə qaytarılması barədə qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdüyü müəyyən edilməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən müqavilənin olması zəruridir. Hazırda isə iddiaçı ilə X10 arasında 23 iyul 2019-cu il tarixdə borc münasibətlərindən irəli gələn hüquq və vəzifələrin yaranması üçün belə bir şifahi və ya yazılı müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 740-cı maddəsinin İ hissəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Adı qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən, Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bu mənada məhkəmə iclasında müəyyən edildi ki, mərhum X1 birinci dərəcə vərəsələri sayılan X7 və X8 mərhumun ölənədək malik olduğu əmlak hüquqlarının (miras aktivinin) sahibinə və vəzifələrin (miras passivinin) icraçısına çevrilməmişlər. Belə ki, X10 miras əmlakı vərəsələr tərəfindən qəbul edilməmiş və vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Eyni zamanda, adları çəkilən bu cavabdehlər tərəfindən X10 İddiaçı qarşısında hər hansı bir formada öhdəlik daşıması halı belə etiraf edilməmişdir. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, cavabdehlərdən 1940 manat borc pulun qaytarılmasını tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir, bu səbəbdən də, iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X4 və X6 qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 39,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər X4 və X6 qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 39,40 (otuz doqquz manat 40 qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar