Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-109/2022 21.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə əmlakına vurulmuş ziyana görə 913,71 manat məbləğində dəymiş zərərin və ilkin mediasiya sessiyasına müraciət zamanı ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 27 noyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu müddətsiz əmək müqaviləsi ilə işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, eyni zamanda, “X3” haqqında müqaviləni imzalamışdır. Bundan sonra, 27 avqust 2018-ci il tarixli, 366-K saylı əmrlə Cavabdeh administrator vəzifəsinə təyin edilsə də, o, iş vaxtında bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 21 aprel 2020-ci il tarixdə “Oba-Siyəzən 3” mağazasında Cavabdeh iştirakı ilə keçirilmiş inventarizasiya zamanı çatışmazlıqlar aşkar edilmiş, habelə “inventarizasiya nəticələrinə ” yekun akta əsasən dəymiş zərərin miqdarı 1693,05 manat müəyyən edilsə də, həmin ziyanın 779,34 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, ümumi borc 913,71 manat hesablanmışdır. Həmçinin, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 31 may 2020-ci il tarixli, 287- K saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh heç bir ödəniş həyata keçirməmişdir. Nəticədə, cavabdehin iddiaçı MMC-yə 913,71 manat borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan 27 noyabr 2017-ci il tarixli əmək müqaviləsinin, eyni tarixli, 523-K nömrəli əmrin çıxarışından, eləcə də həmin tarixli X3 haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh həmin tarixdən işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmiş, həmçinin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan 27 avqust 2018-ci il tarixli, 366-K nömrəli əmrdən çıxarışa, eləcə də eyni tarixli X3 haqqında müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdən "xxxx" MMCyə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 21 aprel 2020-ci il tarixli “Oba-Siyezen 3” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, həmin tarixdə müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 1693,05 manat çatışmazlıq müəyyən edilmiş, lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 21 aprel 2020-ci il tarixli imtina aktından görünür ki, həmin tarixdə keçirilmiş inventarizasiya zamanı maddi məsul şəxs Cavabdeh iştirak etmiş, həmçinin, o, yoxlanmanın nəticəsinə dair tərtib edilmiş sənədlərlə tanış olsa da, heç bir səbəb və irad bildirmədən həmin sənədləri imzalamaqdan, habelə əskik gəlmələrin yaranma səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan 31 may 2020-ci il tarixli, 287-K nömrəli əmrdən çıxarışa əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə görə xitam verilmişdir. İşdə olan 13 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə əlaqədar inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, onun hesabında 1693,05 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin bu çatışmazlığın 779,34 manat hissəsi şirkət tərəfindən güzəşt edildikdən sonra Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 913,71 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 11 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə1 Nüsrət oğlu ilkin mediasiya qurumuna müraciət edən zaman mediator X1 hesabına 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 27 noyabr 2017-ci il tarixli əmək müqaviləsinə, eləcə də həmin tarixli X3 haqqında müqaviləyə əsasən cavabdeh bu tarixdən işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Bundan sonra, o, 27 avqust 2018-ci il tarixli əmrlə həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin eyni tarixli X3 haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Daha sonra, 21 aprel 2020-ci il tarixdə, “Oba-Siyezen 3” filialında keçirilmiş inventarizasiya zamanı 1693,05 manat zərər aşkar edilərək, bu barədə akt tərtib olunmuş, lakin Cavabdeh həmin akta imza etməkdən, habelə əskik gəlmələrin yaranma səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 31 may 2020-ci il tarixli, 287-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 1693,05 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 913,71 manat müəyyən edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, sonuncu edilmiş xəbərdarlığa məhəl qoymamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba-Siyəzən 3” filialı üzrə administrator işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə 913,71 manat məbləğində zərər vurmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 913,71 (doqquz yüz on üç manat 71 qəpik) manat məbləğində dəymiş zərər və ilkin mediasiya sessiyasına müraciət zamanı ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 913,71 (doqquz yüz on üç manat 71 qəpik) manat məbləğində dəymiş zərər və ilkin mediasiya sessiyasına müraciət zamanı ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-109/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-109/2022
21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver