Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-110/2022 21.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 47000 manat məbləğində əsas, 3552 manat faiz borcu, 200 manat mediator xərci və 50 manat məhkəmə məsrəfinin əvəzi olmaqla, ümumilikdə 50802 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının ərazisində yem məhsullarının istehsalı, emalı, tədarükü və satışı ilə məşğul olmaqla, müxtəlif tarixli qaimələr əsasında ümumilikdə 106 637 manat dəyərində yem məhsullarını, o cümlədən 08 mart 2021-ci il tarixli, 1581 nömrəli qaiməyə görə dəyəri 20000 manat olan 20000 kq (400 kisə), 18 mart 2021-ci il tarixli, 1599 nömrəli qaiməyə əsasən dəyəri 21000 manat olan 20000 kq (400 kisə), 23 mart 2021-ci il tarixli, 1606 nömrəli qaimə üzrə ümumi dəyəri 21687,5 manat olan 20350 kq (407 kisə), 29 mart 2021ci il tarixli, 1616 nömrəli qaiməyə görə ümumi dəyəri 21 000 manat olan 20000 kq (400 kisə), 05 aprel 2021-ci il tarixli, 1629 nömrəli qaimə üzrə isə ümumi dəyəri 22 950 manat olan 22000 kq (440 kisə) broyler böyütmə, broyler başlanğıc, hind toyuğu və kənd 1 yemi Cavabdeh nisyə olaraq satmışdır. Belə ki, Cavabdeh Siyəzən rayon sakinləri X2, X4 və Faiq adlı şəxslərlə birlikdə MMC-yə gələrək, iddiaçı MMC-dən quş yemi alıb-satmaqla əməkdaşlıq edəcəklərinə dair rəhbərliyi inandırmışlar. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən yem məhsulları bir nəfər, yəni Cavabdeh tərəfindən təhvil alınmış, X2, X4 və Faiq adlı şəxslər isə bu yemləri toyuqlara sərf etdikdən sonra, quşların satışından əldə edilmiş vəsait hesabına qaimələr üzrə hesablanmış borcu iddiaçı MMC-yə ödəyəcəklərinə söz vermişlər. Cavabdeh qaimələr üzrə cəmi 64637 manat ödəniş etsə də, qalıq 42000 manatı ödəməmiş, habelə Vaqif Babayevin, Elşən Əliyevin və Faiq adlı şəxslərin onu aldadaraq, qalan məbləği ona qaytarmadıqlarını bildirmiş, bundan sonra, ümumiyyətlə, telefon zənglərinə cavab verməmişdir. Məhz buna görə də, iddiaçı MMC tərəfindən 04 may 2021-ci il tarixdə Siyəzən rayon prokurorluğuna edilmiş müraciət üzrə aparılmış yoxlama zamanı dindirilmiş şəxslərin izahatında ziddiyyətlər müəyyən edilmişdir. Belə ki, Elşən Əliyev hazırkı iş üzrə Cavabdeh pulun 39500 manatını ödədiyini bildirsə də, Vaqif Babayev sonuncu ilə aralarında heç bir alış-veriş olmadığını qeyd etmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin 16 may 2021-ci il tarixli qərarına əsasən mübahisənin mülki xarakterli olması, həmçinin Cavabdeh Rüstəm oğlunun əməlində hər hansı bir cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Borcun ödənilməsi ilə əlaqədar, cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, o, hər dəfə müxtəlif vədlər verməklə, borcu ödəməkdən yayınmış, buna görə də, Azər Rüstəmova 28 sentyabr 2021-ci il tarixdə yazılı xəbərdarlıq da edilmiş, lakin sonuncu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, habelə iddiaçı MMC-yə 42000 manat borcu qalmışdır. Eyni zamanda, 31 yanvar 2020-ci il tarix üçün bank uçot dərəcəsi 7,25% müəyyən edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən cavabdehdən iddiaçı MMC-nin xeyrinə 3552 manat faiz borcu da tutulmalıdır. Bundan əlavə, mübahisənin məhkəmədən kənar qaydada həlli ilə əlaqədar mediasiya qurumuna müraciət edərkən 200 manat ödəniş edilmiş, habelə 50 manat məhkəmə xərci, yəni dövlət rüsumu ödəməklə, poçt xidmətinə və sairəyə görə məsrəflər sərf etmişlər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı "xxxx" MMC-dən 2021-ci ilin mart-aprel aylarında qaimələr əsasında ümumilikdə 106 637 manat dəyərində broyler toyuqları üçün yem məhsulları alaraq, Siyəzən rayon sakinləri olan öncədən tanıdığı X2, X4 və Faiq adlı şəxslərə vermiş, sonuncular isə broyler toyuqlarının satışından əldə etdikləri pulla ümumi borcun böyük qismini, yəni 64637 manatını qaytarsalar da, qalıq 42000 manatı hələ də qaytarmadıqları üçün o, iddiaçı MMC-yə sonuncu məbləğ həcmində borclu qalmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan 08 mart 2021-ci il tarixli, 1581 nömrəli qaiməyə görə dəyəri 20000 manat olan 20000 kq (400 kisə), 18 mart 2021-ci il tarixli, 1599 nömrəli qaiməyə əsasən dəyəri 21000 manat olan 20000 kq (400 kisə), 23 mart 2021-ci il tarixli, 1606 nömrəli qaimə üzrə dəyəri ümumi dəyəri 21687,5 manat olan 20350 kq (407 kisə), 29 mart 2021-ci il tarixli, 1616 nömrəli qaiməyə görə ümumi dəyəri 21000 manat olan 20000 kq (400 kisə), 05 aprel 2021-ci il tarixli, 1629 nömrəli qaimə üzrə isə ümumi dəyəri 22950 manat olan 22000 kq (440 kisə) broyler böyütmə, broyler başlanğıc, hind toyuğu və kənd 1 yemi İddiaçı MMC tərəfindən Cavabdeh nisyə olaraq satılmışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 may 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin 16 may 2021-ci il tarixli, 183-5122-1221 saylı məktubun surətindən görünür ki, İddiaçı MMC-yə göstərilən xüsusatlarla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 28 sentyabr 2021-ci il tarixli pretenziyi məktubundan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh 21 fevral 2022-ci il tarixli ərizələrindən görünür ki, iddiaçı tərəf iddiasını əsas borca münasibətdə 42000 manat həcmində müdafiə etmiş, Cavabdeh isə tələbi həmin həcmdə qəbul etmişdir. İşdə olan 19 avqust 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı MMC ilkin mediasiya qurumuna müraciət edən zaman mediator X1 hesabına 200 manat məbləğində mediasiya ödənişi etmişdir. İşdə olan 24 dekabr 2021-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı MMC məhkəməyə müraciət edərkən 42 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında şifahi razılığa əsasən 08, 18, 23, 29 mart və 05 aprel 2021-ci il tarixli qaimələr əsasında iddiaçı MMC tərəfindən cavabdehə ümumilikdə 106637 manat dəyərində yem məhsulları nisyə olaraq satılmış, həmçinin sonuncu tərəfindən həmin borcdan 64637 manatı qaytarılsa da, qalıq 42000 manat ödənilməmiş qalmış, bununla da, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, nisyə alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda, bu hal məhkəmə iclasında cavabdehin öz tərəfindən etiraf edilmiş, habelə sonuncu iddiaçı MMC-yə 42000 manat borcunun olmasını qəbul etmişdir. Ona görə də, iddiaçı ödənilməmiş 42000 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbinin əsas borca dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin əsas borcun “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməsi istisna edilir. Bundan əlavə, məhkəmə iddia tələbinin “3552 manat faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsinə də qiymət verərək belə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Həmin qərarda eyni zamanda göstərilir ki, MM-in 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Hazırkı vəziyyətdə isə cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya çatası pul vəsaitini qanunsuz saxlaması, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması (müəyyən gəlir, artım, bəhər və s. əldə etməsi) təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Deməli, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinin İ cümləsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinin İ cümləsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119-cu maddəsinin İ və İV hissələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 42000 manat məbləğində pul, ödənilmiş 200 manat mediator xərcinin 83%-i, yəni 166 manatı, eləcə də 50 manat məhkəmə məsrəfinin 83%-i, yəni 41,50 manatı, cəmi 42207,50 (qırx iki min iki yüz yeddi manat 50 qəpik) manat pul alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 42000 manat məbləğində əsas borc, ödənilmiş 200 manat mediator xərcinin 83%-i, yəni 166 manat, eləcə də 50 manat məhkəmə xərcinin 83%-i, yəni 41,50 manat olmaqla, cəmi 42207,50 (qırx iki min iki yüz yeddi manat 50 qəpik) manat pul alınaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-110/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-110/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver