Məhkəmə qərarları › İş №2(059)-111/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-111/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-111/2025 10.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı (üçüncü şəxs Siyəzən RPŞ DYPB YPXİ) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, özünə məxsus Tayota markalı 99MK271 dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayon Qarabulaq kənd yolu ilə üzü Siyəzən istiqamətində hərəkətdə olarkən cavabdeh tərəfindən iri buynuzlu heyvanlar yola çıxarıldığı üçün onun avtomobili inəklərdən birinə dəymiş, nəticədə avtomaşınına ziyan dəymişdir. Cavabdeh isə onun təqsirinin olmadığını, əksinə onun inəyinə və özünə ziyan dəydiyini bildirir. İddia tələbi İddiaçı cavabdeh X2 (üçüncü şəxs Siyəzən RPŞ DYPB YPXİ) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, heyvanın avtomobilə vurduğu 2340 manat məbləğində zərərin və ödənilmiş 44 manat manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 21 noyabr 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində ona məxsus olan Tayota markalı 99MK271 dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayon Qarabulaq kənd yolu ilə üzü Siyəzən istiqamətində hərəkətdə olarkən qəfildən yolun sağından iri buynuzlu heyvanlar sahibi tərəfindən yola çıxarılmağa başlamış, yolun hərəkət hissəsində xeyli heyvan olduğundan avtomaşının hərəkət istiqamətini sola dəyişsə də, idarə etdiyi avtomobil heyvanlardan birinə dəymiş və nəticədə avtomobilin əsasən ön və sol hissəsi ciddi zərər gördüyündən ona 2340 manat məbləğində ziyan dəymişdir. Hadisə zamanı heç kim xəsarət almasa da, nəqliyyat vasitəsinə ciddi maddi zərər dəymişdir. Cavabdeh, yəni heyvan sahibi hadisə ilə əlaqədar Siyəzən rayon PŞ-də izahat vermiş və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 338.5-ci maddəsi ilə inzibati cərimə olunmuşdur. Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən avtotəmir sexinin mütəxəsisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli “Ziyan Aktı”na əsasən avtomaşına cəmi 2340 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına ciddi maddi zərər dəymiş, həmçinin keçirdiyi psixoloji sarsıntıya görə mənəvi zərərə uğramışdır. Buna baxmayaraq cavabdeh mənim əmlakıma vurulan ziyanı ödəməyəcəyini bildirir. Onu da qeyd edir ki, cavabdeh tərəfindən heyvanlarını özbaşına buraxdığına görə həmin ərazidə bir neçə dəfə heyvanların vurulması ilə əlaqədar yol nəqliyyat hasdisəsinin baş verməsi deyilir. Odur ki,mübahisənin ədalətli həllindən ötrü ədalət mühakiməsini yalnız Məhkəmələr həyata keçirdiyini əsas tutaraq, hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya dair yazılı etiraz edərək bildirmişdir ki, 21 noyabr 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində İddiaçı özünün idarə etdiyi Tayota markalı 99MK271 dövlət nömrə nişanlı avtomaşınla yüksək sürətdə Siyəzən istiqamətində hərəkət etməklə yolundan çıxaraq sol tərəfdə, əks istiqamətdə, yarı hissəsi torpaq yolda olan ona məxsus bir baş iribuynuzlu inəyini vuraraq ağır xəsarət yetirmişdir. Baş vermiş hadisə zamanı onun sol əlinə da ziyan dəymişdir. Hadisə yerinə gəlmiş Siyəzən rayon X7 Yol Polisi əməkdaşı İlkin adlı şəxs, onun savadsızlığından sui-istifadə edərək, öz maddi marağına görə işi qeyri-obyektiv apararaq onun barəsində İXM 338.5-ci maddəsi ilə inzibati protokol tərtib edərək, oxuya bilmədiyi sənədə imza etdirmişdir. Bundan başqa baş vermiş hadisə nəticəsində onun inəyi ölməsə də, müalicəsi üçün 500 manat pul xərcləmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi və Siyəzən rayon X7 Yol Polisi əməkdaşı İlkin adlı şəxsin hərəkətlərinin yoxlanılması üçün təkrar araşdırılma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya dair etirazını müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını tərəflərin və şahidin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən 30 yanvar 2018-ci il tarixdə verilmiş AD seriyalı, 139694 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, “Toyota Camry” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. İşdə olan məhkəmənin sorğusu əsasında əldə edilmiş Siyəzən rayon X10 Yol polisi tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi- at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi inzibati məsuliyyət müəyyən edən normadır. İşdə olan fiziki şəxs X4 tərəfindən 29 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ziyan aktından görünür ki, İddiaçı məxsus 2014-cü il buraxılışlı, “Toyota Camry” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyan aşağıdakı kimidir: sol yan güzgü-01 ədəd, qiyməti 200 manat, sol qanad ön-01 ədəd qiyməti 180 manat, banper ön- 01 ədəd qiyməti 240 manat, ön sol fara-01 ədəd qiyməti 220 manat, sol duman fara-01 ədəd qiyməti 70 manat, patkrilnik sol-01 ədəd 30 manat, matorum altraşitnik 01 ədəd 40 manat, abirsofka 01 ədəd 120 manat, ön kapot-01 ədəd 600 manat, banper kaleska-01 ədəd 40 manat, dəmirçi əl haqqı 300 manat, rəngsaz əl haqqı 300 manat olmaqla, cəmi 2340 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli, 9/1139 nömrəli rəyinin surətindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində iş materiallarında olan X4 tərəfindən 29 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ziyan aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Toyota rəsmi dilleri bazarlarında olan avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Toyota Camry” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2340 manat müəyyən edilir, o cümlədən dəyişməli hissələrin qiyməti 1740 manat, təmir-bərpa işlərinin qiyməti 600 manat müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Siyəzən rayon X7 X9 baş dövlət avtomobil müfəttişi X3 izahat verərək bildirmişdir ki, 2024-cü ilin noyabr ayında yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumat əsasında hadisə yerinə getmiş, İddiaçı özünə məxsus olan Tayota markalı 99MK271 dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayon Qarabulaq kənd yolu ilə üzü Siyəzən istiqamətində hərəkətdə olarkən qəfildən yolun sağından iri buynuzlu heyvanlardan birinə- inəyə dəymişdir. Həmin vaxt inək ölməmiş, inəyi sahibi olan cavabdeh və maşının sürcüsü olan iddiaçıya hər hansı xəsarət dəyməmişdir. Faktla bağlı araşdırma aparılmış hazırki iş üzrə cavabdeh X1 təqsiri müəyyən olunaraq barəsində İXMnin 338.5.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilərək 40 manat məbləğində inzibati cərimə olunmuş və onun tərəfindən cərimə dərhal ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə qeyd edir ki, İddiaçı özünə məxsus Tayota markalı 99MK271 dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayon Qarabulaq kənd yolu ilə üzü Siyəzən istiqamətində hərəkətdə olarkən Cavabdeh mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi ilə bağlı təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus maşının cavabdehə məxsus inəklə toqquşması və iddiaçıya məxsus avtomaşına ziyan dəyməsi iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərar, ziyan aktı, ekspert rəyi, tərəflərin izahatları və şahid ifadəsi ilə tam sübuta yetirilmişdir. Cavabdeh baş vermiş hadisədə təqsirli olmadığını bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməyərək əksinə tənbeh edildiyi 40 manat inzibati cəriməni də dərhal ödəyərək (məhkəmə iclasında özünün və şahidin verdiyi izahat) həmin qərarla razılaşmışdır. Dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş mateiallarında olan ziyan aktı və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi Tayota markalı 99MK271 dövlət nömrə nişanlı avtomaşına 2340 manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli, 9/1139 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniz qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 46 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu kimi 44 manat məbləğində pul tələb edildiyindən, 44 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, aparılmış məhkəmə-əmttəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat tutulmaqla dövlət büdcəsinin xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2340 manat məbləğində maddi ziyan və 44 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, eksperti tədqiqatının dəyəri olan 50 manat məbləğində pul tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh 2340 manat məbləğində maddi ziyan və 44 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2384 (iki min üç yüz səksən dörd) manat məbləğində pul tutulataq İddiaçı xeyrinə ödənilsin. Aparılmış məhkəmə-əmttəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar