Məhkəmə qərarları › İş №2(059)-131/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-131/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-131/2020 02.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yaylax qızının və onların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 Yaylax qızına qarşı “borcun qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Yaylax qızına qarşı “borcun qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 973 manat kredit borcunun və 10000 manat vurulan mənəvi ziyanın, Cavabdeh2 Yaylax qızından isə 1650 manat kredit borcunun və 15000 manat vurulan mənəvi ziyanın əvəzinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, uzun müddət Siyəzən rayon 1 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmiş, hazırda isə təqaüdçüdür. 2015-ci ilin yanvar ayında işlədiyi məktəbin kimya müəllimi Cavabdeh1 ona yaxınlaşıb, çox çətin vəziyyətdə olduğunu, təhsil haqqını ödəməzsə, oğlunun universitetdən qovulacağını bildirərək, ona kömək üçün “xxxxxxxxxxxx” ASC-dən 6000 manat kredit götürməsini xahiş etmiş, o isə pulu necə ödəyəcəkləri ilə maraqlandıqda, Esmira bu pulu özünün və Siyəzən rayon 5 saylı tam orta məktəbin direktoru Cavabdeh2 götürdüklərini, hər ay hər biri 130 manat olmaqla, 3 il müddətinə 6000 manat əsas kredit məbləğini və 3000 manat faiz məbləğini, yəni cəmi 9000 manat kredit borcunu qaytaracaqlarını bildirmişdir. Həmin vaxtlar “xxxxxxx” KB ASCdən 10000 manat kredit götürdüyünü bildirdikdə, ondan razılıq verməsini xahiş edərək, qalan məsələləri özləri yoluna qoyacağını qeyd etmişdir. Keçmiş iş yoldaşı Cavabdeh1 çoxsaylı xahişlərindən sonra sonuncuya şəxsiyyət vəsiqəsini Cavabdeh2 çatdırması üçün vermişdir. Sonradan “xxxxxxxxxxxx” ASC-dən qeyd etdiyi krediti alıb Esmira müəlliməyə vermiş, sonuncuya hər ay “xxxxxxx” ASC-yə 549 manat kredit ödədiyini bir daha bildirib, onu pis vəziyyətə qoymamalarını xahiş etmişdir. Lakin, cavabdehlər kredit borcunu 3 ay ödəsələr də, 2015-ci ilin iyun ayından aylıq ödənişlərin həyata keçirilməsini dayandırmışlar. Böyük mübahisələrdən, habelə müxtəlif orqanlara, o cümlədən Təhsil Nazirliyinə və hüquq mühafizə orqanlarına şikayətlərindən sonra cavabdehlər ona iki dəfə 500 manat pul vermişlər və bundan sonra krediti ödəmədiklərinə görə kredit borcu onun əmək haqqı kartından Bank tərəfindən avtomatik tutulmağa başlanmışdır. Beləliklə, hər iki cavabdeh 2015-ci ilin iyun ayından hər dəfə müxtəlif bəhanələrlə evlərini satmaqla və ya girov qoymaqla pul götürəcəkləri, yaxud qızıllarını sataraq pul əldə etməklə borcunu qaytaracaqlarını bildirib, onu aldatmışlar. Sonralar məlum oldu ki, bu şəxslər onun kimi onlarla insanı aldadaraq adlarına pul götürmüş və onun başına gətirilən oyundan onların da başına gətirilmişdir. O, cavabdehlərin dələduz əməllərini gördükdən sonra onlardan heç olmasa krediti almaları barədə yazılı izahat almışdır. Cavabdehlərin verdiyi izahatlarda Cavabdeh1 ona 973 manat borcu olduğunu, Cavabdeh2 isə bu kreditdən ona 2000 manat pul verildiyini, lakin guya hazırda ona 650 manat borcu qaldığını bildirmişdir. Qeyd edir ki, cavabdehlər kreditin əsas məbləği olan 6000 manat pulun qaytarıldığını bildirsələr də, bu kreditin 3000 manat təşkil edən faizindən danışmırlar, bu faiz məbləği onların aldıqları kreditdən istifadə məbləğidir və bu faizin qaytarılması birmənalı cavabdehlərin öhdəliyindədir. Cavabdeh2 çatan 2000 manat kreditə görə o, 1000 manat faiz məbləği, Esmira Quliyeyaya çatan 4000 manat kreditə görə 2000 manat faiz məbləği ödəməli idi. Cavabdeh1 2000 manat faiz məbləğini ödəsə də, Cavabdeh2 1000 manat faiz məbləğini ödəməmişdir. Cavabdeh2 əsas və faiz borc məbləğləri cəmləşdirildikdə 1650 manat, Cavabdeh1 isə 973 manat borcu qalır. Həmçinin, cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi zərər də dəymişdir. Cavabdehlər tərəfindən dəymiş mənəvi zərərin məbləğini Cavabdeh1 münasibətdə 10000 manat, Cavabdeh2 Yaylax qızına münasibətdə isə 15 000 manat məbləğində qiymətləndirir və tələb edir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 razılığı ilə onların əvəzindən izahat verilməsi xahiş edilmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, eləcə də, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etməklə izahatında göstərdi ki, Cavabdeh1 Siyəzən RPŞ-də 2016-cı il tarixdə verdiyi izahatında iddiaçıya kredit müqaviləsi üzrə aylıq ödənişləri və həmin vaxta 850 manat borclu qaldığını etiraf etmişdir. Hesab edir ki, iddia iddia müddəti keçdiyi üçün rədd edilməlidir. Belə ki, Siyəzən rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli “Cinayət təqibinin başlanmasının rədd olunması haqqında” qərarda iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də iddia müddətinin axımı sözügedən qərarın qəbul edildiyi vaxtdan, yəni 2016-cı ilin iyul ayından başlanmalıdır. Eyni zamanda qeyd edir ki, Cavabdeh1 qərar qəbul edildikdən sonra həmin 850 manat pulu 2016-cı ilin iyul, avqust və sentyabr aylarında hər dəfə 300-350 manat olmaqla tam həcmdə Siyəzən şəhərində yerləşən “Sahil” marketin sahibi Gülbikə Quliyevaya vermiş, iddiaçı da pulu həmin mağazadan götürmüşdür. İddiaçının özünün də etiraf etdiyi kimi, onun tərəfindən Cavabdeh2 birbaşa hər hansı məbləğdə pul verilməmişdir. Cavabdeh1 kredit pulundan Cavabdeh2 da 2000 manat pul vermiş, həmin pulu Cavabdeh2 Cavabdeh1 tam məbləğdə qaytarmışdır. Bir daha qeyd edir ki, bu münasibətlər cavabdehlər arasında yaranmışdır və iddiaçının bu məsələyə heç bir aidiyyəti yoxdur. Bundan əlavə, iddiaçı müqavilədən irəli gələn iddia müddətini ötürdükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını, həmçinin şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X2 ifadəsində göstərdi ki, o, Siyəzən şəhərində yerləşən “Sahil” mağazasının sahibidir. Tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur, habelə münasibətləri normaldır. Cavabdeh1 2016-cı ilin təxminən avqust, sentyabr aylarında mağazasına hər dəfə 300-350 manat olmaqla, ümumilikdə 1000 manatadək pul qoyaraq, bu pulu əvvəlcədən tanıdığı İbrahim adlı riyaziyyat müəlliminin götürəcəyini bildirmişdir. 2016-cı ilin sentyabr ayında əri vəfat etdiyi üçün mağazada özü dayanmış və həmin vaxt Esmira müəllimə pulu onun özünə vermiş, pulu isə ondan İbrahim müəllimin oğlu Həmidin götürdüyü yadındadır. İşdə olan Cavabdeh1 xx xxx 2015-ci il tarixli izahatının surətindən görünür ki, o, İddiaçı adına bankdan 6000 manat pul götürmüş, həmin məbləğin 2000 manatını Cavabdeh2 Yaylax qızına vermiş, bundan sonra ödənişləri may ayına kimi icra etmiş, may ayından sonra İddiaçı 2 dəfə 500 manat olmaqla, cəmi 1000 manat pul vermişdir. Dekabr ayından aprel ayı da daxil olmaqla bankın pulu İddiaçı əmək haqqı kartından tutulmuşdur. O, dekabr ayı da daxil olmaqla, may ayına qədər İddiaçı 973 manat verməli, qalan vəsaiti isə özü ödəməlidir. İşdə olan Cavabdeh2 Yaylax qızı tərəfindən tərtib edilmiş izahatın surətindən görünür ki, 2015-ci ilin yanvarında Cavabdeh1 İddiaçı adına bankdan 6000 manat pul götürmüş, həmin məbləğin 2000 manatını ona vermiş, o, isə 2015-ci ilin dekabr ayına kimi həmin pulları ödəmişdir. Bundan əlavə, o, 2016-cı ilin yanvar ayından 2016-cı ilin may ayına kimi pulu ödəməmişdir. Buna görə də onun müəllimə 520 manat borcu vardır, həmçinin arada 130 manat pul da var ki, o da müəllimə verilməlidir. Eyni zamanda, may ayından həmin pulu özü ödəyəcəkdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli, 05/11537-169987-17 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 6000 manat pulun 6 aylıq krediti, yəni 2015-ci ilin iyun ayına kimi Cavabdeh1 tərəfindən banka ödənilsə də, 2015-ci ilin iyun ayından sonra bankın aylıq kredit pulunu Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmədiyindən kredit pulu İddiaçı əmək haqqından tutulmuşdur. Bu faktlar RPŞ-nin İB-nə verilmiş izahatlarda və toplanmış materialda təsdiqini tapdığından cinayət təqibinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmiş, habelə Cavabdeh1 və Cavabdeh2 ilə aradakı mübahisəli məsələ mülki xarakterli olduğundan mülkü qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. Material tələb edilib Siyəzən rayon prokurorluğunda öyrənilmiş, xx xxxxxxx 2017-ci il tarixdə cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar xx xxxxxx 2018-ci il tarixdə ləğv edilərək əlavə araşdırılma aparılması üçün Siyəzən RPŞ-nin istintaq bölməsinə qaytarılmışdır. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 183-8696-1220 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında Siyəzən RPŞ-də toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və material RPŞ-nin dəftərxanasında arxivdə saxlanılmışdır. xx xxx 2020-ci il tarixdə 1 nömrəli akt, sıra nömrəsi 466 olmaqla, həmin material arxivdə saxlama müddəti bitdiyindən məhv edilmişdir. İşdə olan İddiaçı məxsus ödəniş kartı üzrə xx xxxxxx 2014-cü il və xx xxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, kredit borcu üzrə İddiaçı əmək haqqından silinmələr xx xxxxxx 2015-ci il tarixdən başlayaraq həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 2015-ci il tarixdə yarandığından Mülki Məcəllənin 740-cı maddəsinə münasibətdə hazırkı mübahisəyə borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəası tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin xx xxxx 2016-cı il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 2015-ci ilin yanvar ayında İddiaçı adından “xxxxxxxxxxxx” ASC-dən 6000 manat məbləğində pul götürmüş, habelə kredit ödənişlərinin icrası ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. Bundan sonra, Cavabdeh1 aldığı 6000 manat məbləğin 2000 manatını digər Cavabdeh2 vermiş sonuncu da, verilmiş vəsaitin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin, işin faktiki hallarından və verilmiş izahatlardan da göründüyü kimi İddiaçı özü birbaşa olaraq Cavabdeh2 hər hansı bir məbləğdə pul verməmiş, sonuncu iddiaçının qarşısında bu və ya digər formada öhdəlik götürməmiş, həmçinin 2000 manat vəsaitin Cavabdeh1 tərəfindən Cavabdeh2 verilməsi öz təsdiqini tapmışdır. Bununla belə, cavabdehlər kredit borcunu 3 ay ödəsələr də, 2015-ci ilin iyun ayından aylıq ödənişlərin həyata keçirilməsini dayandırmışlar. Məhz bu səbəbdən də kredit borcu üzrə xx xxxxxx 2015-ci il tarixdən başlayaraq İddiaçı əmək haqqından silinmələr həyata keçirilmişdir. Bundan sonra, artıq hüquqlarının pozulduğunu dərk edən İddiaçı dəfələrlə cavabdeh tərəfə müraciətlər etsə də, onun müraciətləri nəticə verməmiş, bu səbəbdən də o, hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin, tərəflər arasındakı mübahisəli məsələ mülki xarakterli olduğundan xx xxxx 2016-cı il tarixdə Siyəzən RPŞ-də toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmiş, habelə İddiaçı mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Cavabdeh1 münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, İddiaçıla Cavabdeh1 arasında 2015-ci ilin yanvar ayından şifahi borc müqavilə münasibətləri yaranmış, habelə sonuncunun 2015-ci ilin iyun ayından etibarən şifahi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Lakin, sonradan Cavabdeh1 borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni iddiaçıya olan qalıq borcun ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətini axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, sonuncu dəfə 2016-cı ilin sentyabr ayında Cavabdeh1 tərəfindən həyata keçirilən ödənişlər təkrarən dayandırılmış və şifahi borc müqaviləsi üzrə sonuncu ödənişdən sonra iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlandığı halda, iddiaçı həmin tarixdən təxminən 3 il 4 ay müddət keçdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə cavabdehlərə qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni İddiaçı ilə Cavabdeh1 arasında olan mülki mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə iddia tələbinin Cavabdeh1 kredit borcunun tutulması hissəsinə münasibətdə belə qənaətə gəlir ki, sonuncunun iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi nəzərə alınmalı, habelə tələb ona aid hissədə iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin Cavabdeh2 kredit borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, kreditin məbləğinin ödənilməsinə dair tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən borc müqaviləsinin olması zəruridir. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün müqavilə mövcud deyildir və istisna edilir. Belə ki, həm iddiaçı, həm də cavabdehlər Cavabdeh2 İddiaçı tərəfindən birbaşa hər hansı bir məbləğdə pul verilmədiyini öz izahatları ilə təsdiq etmişlər ki, bu da işin mübahisələndirilməyən halıdır. Bununla da, sübutların tədqiqatı zamanı məhkəmə iclasında hazırkı Cavabdeh2 cavab verməli şəxs olmadığı aydınlaşmışdır. Göründüyü kimi hazırda Cavabdeh2 tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilmədiyindən Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmçinin, məhkəmə iddia tələbinin hər iki cavabdehə münasibətdə “mənəvi zərərin əvəzinin ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Deməli, hazırda tələbin bu hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçının xeyrinə cavabdehlərdən mənəvi zərərin əvəzinin tutularaq ödənilməsi” hissəsi də əsassızdır və təmin edilməməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə hər hansı bir sənədi və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, mənəvi zərərə dair iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaylax qızına qarşı “borcun qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaylax qızına qarşı “borcun qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar