Məhkəmə qərarları › İş №2(059)-139/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-139/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-139/2021 05.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 155,6 manat əsas və 8,53 manat faiz borcu olmaqla, cəmi 164,13 manat borcun, eləcə də ödənilmiş 20,40 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 36 ay müddətinə, illik 30% ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla Cavabdeh2 arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə sonuncu ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, əsas cavabdeh üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən ödəməli olduqları kredit və hesablanmış faizləri ödəməkdən yayınmış, kredit müqaviləsinin tələblərini pozaraq, Bank qarşısında 155,6 manat əsas, 8,53 manat faiz borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "İddiaçı" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, bu barədə ərizəsini təqdim etməklə izahatında göstərdi ki, maddi vəziyyəti pisləşdiyinə görə kredit borcunu ödəyə bilməmişdir. Odur ki, iddia tələbini tam olaraq qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Digər Cavabdeh2 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyinə, bununla da, iddia tələbinə olan münasibəti müəyyən edilmədiyinə görə aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, xx xxxx 2017-ci il tarixli, 300804-52146/2 nömrəli kredit müqaviləsindən görünür ki, "İddiaçı" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 30 % hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsindən görünür ki zamin Cavabdeh2 oğlu borcalanın xx xxxx 2017-ci il tarixli, 300804-52146/2 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx xxxx 2017-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "İddiaçı" ASC Cavabdeh1 1000 manat ödəmişdir. İşdə olan "İddiaçı" ASC-nin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə "İddiaçı" ASC-yə 155,6 manat əsas, 8,53 manat faiz olmaqla, cəmi 164,13 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar "İddiaçı" ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, "İddiaçı" ASC məhkəməyə müraciət edərkən 20,40 (iyirmi manat 40 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 oğlu əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "İddiaçı" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 36 ay müddətinə, illik 30% ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 oğlu arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. "İddiaçı" ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə əsas cavabdeh bu müqavilə üzrə də öhdəliyi icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, cavabdehlərin banka əsas borc üzrə 155,6 manat, faiz borcu üzrə 8,53 manat olmaqla, cəmi 164,13 manat borcları yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 155,6 manat əsas, 8,53 manat faiz olmaqla, cəmi 164,13 manat borc və ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan "İddiaçı" ASC-nin xeyrinə 155,6 manat əsas, 8,53 manat faiz olmaqla, cəmi 164,13 (bir yüz altmış dörd manat 13 qəpik) manat borc və ödənilmiş 20,40 (iyirmi manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar