Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-150/2021 03.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1261,57 manat əsas, 81,84 manat faiz borcu olmaqla, cəmi 1343,41 manat borcun, eləcə də ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 07 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən 21 dekabr 2019-cu il tarixdə ölmüş Niftəliyev Məmmədbağır Fərrux oğluna şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 25 % ödəmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla Cavabdeh arasında 07 avqust 2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh, mərhum borcalan Məmmədbağır Niftəliyevin kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə sonuncu ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən ödənilməli olan krediti ödəməkdən yayınmış, zaminlik müqaviləsinin tələblərini pozaraq, Bank qarşısında cəmi 1343,41 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 07 avqust 2018-ci il tarixli, 300804-561065/1 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən mərhum Niftəliyev Məmmədbağır Fərrux oğluna şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 25 % hesablanmaqla 3500 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsindən görünür ki zamin Cavabdeh borcalanın 07 avqust 2018-ci il tarixli, 300804-561065/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 07 avqust 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Niftəliyev Məmmədbağır Fərrux oğluna 3500 manat pul verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 07 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 028678 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Niftəliyev Məmmədbağır Fərrux oğlu 21 dekabr 2019-cu il tarixdə ölmüş və bu barədə 07 yanvar 2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 01 nömrəli qeyd edilmişdir. İşdə olan 12 dekabr 2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/4321 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları və 07 avqust 2018-ci il tarixli, 300804-561065/1 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh "xxxx" ASC-yə 07 avqust 2020-ci il tarixə olan əsas borcu 1486,02 manat, 21 dekabr 2019-cu il tarixə olan faiz borcu isə 86,17 manat müəyyən edilmişdir. Bundan əlavə, rəydən görünür ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən 07 avqust 2020-ci il tarixdən sonra 300 manat məbləğində ödəniş aparılsa da, ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 07 avqust 2020-ci il tarixə göstərildiyindən 300 manat məbləğində ödəniş nəzərə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 28 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC iddia ərizəsinə məhkəmədə baxılması üçün 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Niftəliyev Məmmədbağır Fərrux oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşısa da, o, 21 dekabr 2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 4.2-ci maddəsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəlikərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh mərhum əsas borclu Niftəliyev Məmmədbağır Fərrux oğlunun kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, zamin Cavabdeh yazılı formada bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 07 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən mərhum Məmmədbağır Niftəliyevə şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 25% ödəmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC həmin məbləğdə pulu Məmmədbağır Niftəliyevə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu 21 dekabr 2019-cu il tarixdə ölmüşdür. Bundan sonra, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə həmin müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda, məhkəmə, mühasibatlıq ekspertizası rəyində 07 avqust 2020-ci il tarixə Cavabdeh əsas borcunun 1486,02 manat, 21 dekabr 2019-cu il tarixə faiz borcunun isə 86,17 manat məbləğində müəyyən edilməsinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia üzrə tələb edilən əsas borcun 1261,57 manat, faiz borcunun 81,84 manat həcmində tutulması xahiş edildiyindən, eləcə də qətnamə verilən tələbdən kənara çıxılmamaq şərti ilə çıxarıldığından ekspert rəyi ilə müəyyən edilmiş tələbdən artıq qalıq əsas məbləğ nəzərə alına bilməz. Lakin, işin faktiki hallarından, habelə mötəbər sübutlardan da göründüyü kimi iddiaçı bank tələbdəki məbləği hesablayarkən Cavabdeh 07 avqust 2020-ci il tarixdən sonra ödədiyi 300 manat nəzərə alınmamışdır. Həmin məbləğ nəzərə alınsa, o zaman Cavabdeh hazırkı vaxta iddiaçı banka borcunun əsas məbləğ üzrə 1043,41 manat təşkil etdiyi aşkardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1043,41 manat əsas borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 78 %-i, yəni 23,71 manatı tutularaq ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 22 %-i, yəni 22 manatı iddiaçı "xxxx" ASC-dən, 78%-i, yəni 78 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1043,41 (bir qırx üç manat 41 qəpik) manat əsas borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 78 %-i, yəni 23,71 (iyirmi üç manat 71 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 22 (iyirmi iki) %-i, yəni 22 manatı iddiaçı "xxxx" ASC-dən, 78%-i, yəni 78 (yetmiş səkkiz) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-150/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-150/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver