Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-150/2022 19.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, eləcə də onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36471 ABŞ dolları pulun və iddianın qaldırılmasına görə ödənilmiş 276 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı 24 iyul 2018-ci il tarixdə Çexiya Respublikasının paytaxtı Praqa şəhərində Cavabdeh notarial qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən 40 000 ABŞ dolları miqdarında borc pul vermiş, pulun verilməsi xarici ölkə ərazisində, yəni Çexiya Respublikasında gerçəkləşdiyinə və həmin ölkədə pul öhdəliyinin ABŞ dolları ilə ifadə olunmasının qanunvericiliyə zidd olmadığına görə borc müqaviləsində pul öhdəliyi manatla deyil, ABŞ dolları ilə ifadə olunmuşdur. İddiaçı Vüsalla cavabdeh İlkin arasında bağlanmış borc müqaviləsinin imzalanmasından 3 ildən artıq vaxt keçməsinə, habelə sonuncudan dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasına dair öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, ötən müddət ərzində cavabdeh iddiaçıya yalnız bir dəfə müqavilə üzrə borcundan ödəniş anında dolların məzənnə qiyməti ilə 3529 ABŞ dolları x 1.7 = 6 000 manat pul qaytarmış, 36471 ABŞ dolları isə ödənilməmiş qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehin özü teleqramda göstərdiyi kimi həmin borc müqaviləsini qəbul etmiş, lakin, iddia müddətinin itdiyini göstərmişdir. Halbuki, müddət itirilməmişdir. Belə ki, cavabdeh 11 sentyabr 2020-ci il tarixdə təcili köçürmə yolu ilə ona 5040 manat pul göndərmiş, habelə o, 12 sentyabr 2020-ci il tarixdə həmin pulu qəbul etmişdir. Lakin, 2021-ci ilin mart ayında cavabdeh tərəfindən ödənilmiş 1000 manat vəsaiti qeyd etməsə də, onun da sənədini təqdim etmək mümkündür. Bu pul onun oğlu İddiaçı aid olmaqla, cavabdeh həmin məbləği göndərərkən vaxt istəmiş, habelə borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Bundan əlavə, cavabdeh ona 10 000 manat pul da göndərəcəyini bildirsə də, sonradan korona olduğunu bildirib, atasına, əmisinə zəng etməməsini xahiş etmişdir. Bir daha qeyd edir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərdi ki, iddianı qəbul etməməkləri yalnız iddia müddəti ilə bağlıdır. Hüquqlarını müdafiə etdiyi Cavabdeh İddiaçı borc aldığını qəbul və müqavilənin mövcudluğunu təsdiq edir. Çünki, müqaviləni inkar etməyin mənası yoxdur. Belə ki, müqavilə notarial qaydada bağlanmaqla, apostil olunmuşdur. Digər tərəfdən Cavabdeh ödədiyi pulları İddiaçı atasına göndərsə də, özü də həmin pulların sözügedən öhdəliklə bağlı olduğunu bildirmişdir. İddiaçı tərəfdən təqdim edilmiş “Whatsapp” yazışmalarına gəldikdə isə Cavabdeh müqavilə münasibətləri ilə bağlı belə yazışmaların olduğunu bildirsə də, təqdim edilmiş yazışmaları xatırlamadığını qeyd etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 iyul 2018-ci il tarixli müqavilədə öhdəliklərin icrası üçün müddət müəyyən olunmamışdır. Belə olduğu halda müddət axımı Mülki Məcəllənin 377-ci maddəsinə əsasən öhdəliklər üzrə iddia müddətinin axımı iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan, yəni müqavilənin icra müddətinin başlanğıc tarixi müqavilənin imzalandığı 24 iyul 2018-ci il tarix nəzərə alınmamaqla, 25 iyul 2018-cil tarixdən başlanmışdır. Mülki Məcəllənin 744.1.3-cü maddəsinə əsasən iddiaçının ləğvetmə haqqında üç aylıq xəbərdarlıq müddətini gözləməklə, lakin borc alındıqdan sonra doqquzuncu ayın axırından tez olmayaraq, yəni 25 aprel 2019-cu il tarixdə müqaviləni ləğv etmək hüququ olsa da, müqavilə ləğv olunmamış, bu müddət daxilində tərəflər arasında borcluya həmin tələbin icrası üçün güzəştli müddətin və ya möhlətin verilməsinə dair qarşılıqlı razılıq mövcud deyildir. Bilindiyi kimi güzəştli müddət verildiyi andan iddia müddətinin axımı dayanır və ondan sonra hesablanır, möhlət verilmədikdə isə dondurulmur. Mülki Məcəllənin 373.2-ci maddəsinə müvafiq olaraq ümumi müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən sözügedən müqavilə üçün iddia müddəti Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddət axımı tələbin icra müddətinin çatdığı 25 iyul 2018-ci tarixdən 3 təqvim ili sonra 25 iyul 2021-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən isə iddia tələbi 27 dekabr 2021-ci il tarixdə yəni iddia müddəti bitdikdən 5 (beş) ay sonra verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 11 sentyabr 2020-ci il tarixdə yerinə yetirilmiş ödəmələr isə üç illik iddia müddəti daxilində, yəni 24 iyul 2021-ci il tarixədək ödənilmişdir. Cavabdeh tərəfindən yerinə yetirilən sözügedən ödəmələr iddiaçı tərəfindən möhlət verilməsi ilə şərtləndirilməmişdir. Bu səbəbdən də Mülki Məcəllənin 552.2.1-ci maddəsinə əsasən 11 sentyabr 2020-ci il tarixi tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin icrası üçün müddət axımının başlandığı və ya dayandırıldığı tarix kimi nəzərə alına bilinmədiyindən, 11 sentyabr 2020-ci il tarixdən iddianın verildiyi 27 dekabr 2021-ci il tarixədək müddət ümumi iddia müddətinin daxilində hesablanmalıdır. Öz növbəsində iddiaçı tərəfdən məhkəməyə cavabdehə tələbin icrası üçün güzəştli müddətin və ya möhlətin verilməsinə dair qarşılıqlı razılığın olmasına dair hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəməyə sübut kimi təqdim olunan Whatsapp yazışmaları isə möhlətin verilməsinə dair qarşılıqlı razılıq kimi dəyərləndirilə bilməz. Belə ki, yazışmalarda möhlətin verilməsinə dair qarşılıqlı razılığı özündə ehtiva edən qarşılıqlı iradə ifadəsi mövcud olmadığı kimi, hansı tarixədək və hansı şərtlərlə möhlətin verilməsi qeyd edilməmiş, habelə nə birbaşa, nə də ümumi konteksdə müqavilənin tərkib hissəsi kimi qiymətləndirilməmişdir. Habelə, məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, müqavilədə müddətin müəyyən olunmaması borclu olan cavabdehin ziyanına deyil, kreditor olan iddiaçının ziyanına təfsir edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri- müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilə isə tərəflər arasında bağlanılır, təbii ki, borcverən iddiaçı olduğundan müqavilənin şərtləri də onun tərəfindən müəyyənləşdirilmişdir. Belə olan təqdirdə müddətin müəyyənləşdirilməməsi onun ziyanına təfsir olunmalıdır. İddiaçı isə cavabdehə qarşı 3 illik iddia müddətində heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditor olan iddiaçının borclu olan cavabdehə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən borcluya qarşı tələb irəli sürülmədikdə, borc müqaviləsinə xitam verilmiş hesab edilir. Yenə də məhkəmənin nəzərinə çatdırılır ki, iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələrinin tələblərinə əsasən ərizə verilmişdir. İddiaçı tərəfin teleqrama etirazında iddia müddətinin tətbiqi ilə bağlı ayrıca ərizənin olmadığı göstərilsə də, hazırda belə bir ərizə məhkəməyə təqdim edilmişdir. Etirazın ikinci səhifəsinin 4-cü abzasında iddiaçı Mülki Məcəllənin 427.2-ci maddəsinə istinad etməklə, bildirir ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər. Hazırkı iddia tələbi ilə bağlı bu maddəyə istinad olunması yersizdir. Belə ki, kreditorda bu hüquq olsa da, sözügedən hüquq onda müqavilə bağlandıqdan ən azı 9 ay sonra, 3 aylıq xəbərdarlıq müddəti gözləməklə, yaranmışdır. Bu isə 24 iyul 2021-ci il tarixdən əvvələ düşür. Yəni, iddiaçı bu hüququndan istifadə etmək imkanı olsa da, bundan istifadə etməmiş və borcun vaxtından əvvəl tələb edilməməsinin səbəbinin nədən ibarət olmasını göstərməmişdir. Bundan əlavə, iddiaçı etirazında icra müddətinin tarixi kimi 11 sentyabr 2020-ci il tarixə müraciət etmişdir. Halbuki, qeyd etdiyi kimi həmin müddət icra müddətinin başlandığı tarix kimi götürülə bilməz. İddiaçı isə bunun üçün Mülki Məcəllənin 380-ci maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Burada isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına istinad olunmuşdur. Bununla əlaqədar bildirir ki, 11 sentyabr 2020-ci il tarixi cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirilə bilməz. Çünki, notarial qaydada bağlanmış müqavilə ilə borc münasibətləri hər kəsə onsuz da aydın olmuşdur. Cavabdeh artıq həmin anda öz üzərinə pulu ödəməsi ilə bağlı öhdəlik götürmüşdür. Bunu əlavə etiraf etməyə ehtiyac yoxdur. Bu müqavilədən kənar ayrıca, şifahi qaydada müqavilə deyildir ki, cavabdeh onu etiraf etsin və müddət həmin tarixdən hesablansın. Bu notarial qaydada təsdiq olunmuş apostil edilmiş sənəddir. Əgər bununla bağlı artıq üzərinə öhdəlik götürmüşdüsə, cavabdehin bunu etiraf edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Ona görə də iddia müddəti 11 sentyabr 2020-ci il tarixdən hesablana, eləcə də Mülki Məcəllənin 380.1-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak etməklə, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatından sonra iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar ərizəyə münasibətdə izahat verəcəyini bildirmiş iddiaçının nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, əvvəlcə iddia müddətinin axımının hansı tarixdən başlandığı müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Cavabdeh 2021-ci ilin əvvəllərində, təxminən mart ayında əlavə 1000 manat göndərməklə, 6000 manat tamam olmuş, bundan sonra onunla əlaqə saxlanılmış, həmçinin “Whatsapp” yazışmalarında da cavabdehin özü pulu ödəmək istədiyini etiraf etsə də, ödəmir. Həmin vaxtdan sonra onlar qarşı tərəfin pulu ödəmək niyyətinin olmadığını başa düşmüşlər. Bu niyyət cavabdehin teleqramında da müşahidə olunur, hansı ki, müddətin keçməsi ilə bağlı ərizə verərək, borcun ödənilməsindən yayınır. Yazır ki, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əməl gəldiyi andan başlayır. Bu hüquqdan isə onlar 2020-ci ildə istifadə etmiş, həmin vaxt da pul qaytarılmışdır. İddia müddətinin axımının 25 iyul 2018-ci il tarixdən baxşlanmasını qəbul etmirlər. Hətta, qəbul olunsa belə, qarşı tərəfin özünün izahatı var, 2020-ci ilin sentyabr ayında həmin öhdəliyin icrası ilə bağlı 5000 manat ödənilmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Bundan sonra iddia müddəti yenidən başlanır və keçmiş vaxt yeni müddətə daxil edilmir. Yəni, 2018-ci ildən 2020-ci ilədək vaxt keçmiş olsa da belə, o müddət sıfırlanır, 2020-ci ildən başlayaraq 3 illik müddət yenidən hesablanır. Konstitusiya Məhkəməsi də qərarında borcun etiraf edilmə hallarının nədən ibarət olmasını göstərmişdir. 2020-ci ilin sentyabr ayında qismən ödəmə var. Bunu cavabdeh tərəf də etiraf edir. Bundan başqa, borcun etirafını nəzərdə tutan məktub və teleqram göndərilmiş, məhkəməyə ünvanlanmış teleqramda da müqavilə təsdiq edilmiş, hazırkı vaxtda da buna etiraz edilməmişdir. Öhdəliyin icrası üçün möhlət istənilməsi və digər mühüm hallar, “Whatsapp” yazışmaları cavabdeh tərəfindən mübahisələndirilməmiş, habelə belə halların olması təsdiq edilmişdir. Həmin yazışmalarda da “İlqar əmi bir az bizə vaxt verin, xəstə olmuşuq, korona olmuşuq, atam da, mən də ikimiz də xəstəyik, borcu ödəyə bilmirik, əgər ödəmək imkanımız, fikrimiz olmasa idi, heç pul da ödəməzdik” qeyd olunur. Bütün bunlar isə iddia müddətinin keçmədiyini göstərir. 40000 ABŞ dolları isə az məbləğ deyil ki, o, verilsin və 1 gün sonra qaytarılsın. Yəni, səhəri gün qaytarılmalıdırsa, onda pul hansı səbəbdən alınmalıdır ki? Həmin məbləğ də az məbləğ deyildir ki, 1 və ya 2 il ərzində qaytarılsın. Bu səbəbdən də qaytarılma müddəti müəyyənləşdirilməmişdir. Hətta, onlar cavabdeh tərəfin hissə-hissə ödəniş etməsini qəbul etmiş və məbləğin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Teleqramda da vicdanlılıq məsələsi pozulmuşdur. Ona görə də onlar tələblərini məhkəmə qaydasında irəli sürməyə məcbur qalmışlar. Hesab edirlər ki, Konstitusiya Məhkəməsində müəyyən edilmiş qaydalara, işin müəyyən edilmiş hallarına münasibətdə iddia müddəti keçməmişdir və bu əsasla da iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Çexiya Respublikasında 24 iyul 2018-ci il tarixdə 0/İİ2095/2018 nömrəli qeydiyyat kitabında qeydə alınmış (Çex dilində və Azərbaycan dilinə tərcümə edilmiş halda) notarial qaydada təsdiq edilmiş borc müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 40 000 ABŞ dolları məbləğində pulu borc kimi vermişdir. İşdə olan "xxxx" ASC-nin Gəncə şəhər filialının 20 aprel 2022-ci il tarixli, 200 nömrəli məktubunun, eləcə də qəbzlərin surətlərindən görünür ki, 11 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən X1 köçürməsi vasitəsilə 4999 manat (5040 manat ödəniş – 41 manat komissiya məbləği) ödəniş həyata keçirilmiş və həmin məbləğ 12 sentyabr 2020-ci il tarixində A0127023 nömrəli Kapital Bank ATM-dən Nümayəndə tərəfindən alınmışdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 276 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında Çexiya Respublikasında 24 iyul 2018-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 40000 ABŞ dolları məbləğində borc pul alıb, həmin məbləği iddiaçıya ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, o, iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmiş, habelə borcundan 3 529 ABŞ dolları ödəniş etdikdən sonra borclu olduğu 36 471 ABŞ dolları pulu qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya 36471 ABŞ dolları məbləğində borcu vardır. Cavabdehin öz borcunu tam şəkildə qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Eyni zamanda tərəflər arasında 24 iyul 2018-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə cavabdeh tərəfindən həyata keçirilən ödəniş 11 sentyabr 2020-ci il tarixdə qismən icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739-cu maddəsinin 2-ci hissəsinin 1-ci cümləsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 36471 ABŞ dolları məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Bu Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Sözügedən Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh borc müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə Cavabdeh münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Bu Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi tərəflər arasında borc müqaviləsində irəli gələn öhdəlik münasibətləri 24 iyul 2018-ci il tarixdən yaranmış, lakin, öhdəliyin icrası müddəti bu müqavilədə təyin edilməmişdir. Belə olan halda, mülki qanunvericiliyin tələblərinə əsasən kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Bu mənada qeyd olunmalıdır ki, müqavilə tələbləri üzrə iddia müddəti, həmçinin kreditor öhdəliyin dərhal icrasını tələb etmək imkanı nəzərə alındıqda, 24 iyul 2018-ci il il tarixli borc müqaviləsi üzrə iddia müddəti 25 iyul 2021-ci il tarixdən artıq bitmiş hesab olunmalıdır. Yəni, 24 iyul 2018-ci il tarixdən etibarən cavabdehin borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi səbəbindən iddiaçının qanunla qorunan maraq və mənafeləri pozulmuş, habelə cavabdehin 25 iyul 2021-ci il tarixədək olan müddət ərzində, yəni 11 sentyabr 2020-ci il tarixdə borc müqaviləsi üzrə borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni iddiaçıya olan borcun qismən ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətinin axımı kəsilmiş, axımda fasilə yaranmışdır. Belə ki, cavabdeh borcundan 11 sentyabr 2020-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra, daha 1000 manat ödəməklə, bu ödənişləri dayandırmış, bundan sonra 3 illik iddia müddətinin axımı əvvəlki qaydada, yenidən başlanmış, iddiaçı həmin tarixdən 1 il 3 ay 18 gün müddət keçdikdən sonra, yəni 29 dekabr 2021-ci il tarixdə Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçı ilə Cavabdeh arasında olan mülki mübahisəyə Mülki Məcəllənin 380-ci maddəsini tətbiq etməklə, mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 36471 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul və ödənilmiş 276 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 36471 (otuz altı min dörd yüz yetmiş bir) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul və ödənilmiş 276 (iki yüz yetmiş altı) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-150/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-150/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver