Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-172/2025 13.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının alqı-satqısına dair şifahi və nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə cəmi 8050 manat dəyərində qızıl-zinət əşyası verilmiş, lakin cavabdeh həmin məbləğdən bugünə qədər 5460 manat ödəniş edərək, 2590 manat qalıq borcunu ödəməkdən yayınmışdır. İddia tələbi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2740 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona 100 manat ödəniş edildiyini nəzərə alınmasını, Cavabdeh onun xeyrinə 2640 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona 50 manat ödəniş edildiyini nəzərə alınmasını, Cavabdeh onun xeyrinə 2590 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehə 2020-ci ildən hissə-hissə 2850 manat, 2200 manat və 3000 manat olmaqla, cəmi 8050 manat dəyərində qızıl-zinət əşyalarını hissə-hissə ödəmək şərti ilə nisyə satmışdır. Cavabdeh həmin vaxtdan indiyə qədər hər ay 100-150 manat olmaqla ona olan borcundan 5310 manat pulu ödəmiş, 2740 manat məbləğində qalıq borcunu isə ödəməmişdir. Ondan borcunu istəyən zaman cavabdeh nəlayiq küçə söyüşləri ilə onu söyüb təhqir etmiş, o, bununla bağlı 06 dekabr 2024-cü ildə polisə müraciət etmişdir. Nəticədə Cavabdeh İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Polis Şöbəsində cavabdeh hər ay 100 manat ödəniş edəcəyini bildirsə də, bu vədinə də əməl etməmişdir. Odur ki, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək iddia tələbini və ona dəqiqləşdirmələri müdafiə etdiklərini və tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh Siyəzən rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, təxminən 2020-ci ildə Siyəzən şəhər sakini İddiaçı 8050 manat məbləğində qızıl-zinət əşyası almış, ondan 5200 manatını ödəmiş, 2800 manat borclu qalmışdır. Hər ay 100 manat ödəyir ki, borcu qalmasın. Lakin noyabr ayında yasları düşdüyü üçün ödəniş edə bilməmişdir. İddia tələbindən və onun dəqiqləşdirilməsinə dair ərizələrdən görünür ki, iddiaçı hazırda cavabdehdən ona borclu qaldığı 2590 manat məbləğində borcu istəyir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı cavabdeh Xatirə Ağakişiyevaya qızılzinət əşyaları satması təsdiqini tapsa da, o, alqı-satqı müqaviləsi təqdim edə bilməmiş, bununla belə qızıl-zinət əşyaları üçün cavabdehlə ümumilikdə 8050 manata razılaşdıqlarını, həmin məbləğdən 5200 manatının ona ödənildiyini cavabdeh Siyəzən rayon Polis Şöbəsində verdiyi izahatında özü etiraf etmişdir. Göründüyü kimi iddiaçı cavabdehə alqı-satqı müqaviləsi əsasında satdığı qızıl-zinət əşylarına görə cavabdehin ona məhkəmə prosesi dövründə edilən ödənişlər nəzərə alınmaqla cəmi 2590 manat məbləğində borclu olduğunu sübut etmişdir. Belə olan halda həmin məbləğin iddiaçıya ödənildiyinə dair sübutetmə yükü cavabdehə keçir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh məhkəməyə gəlməmiş, iddiaçıya qeyd olunan məbləği ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin etirafına uyğun olaraq ondan 2590 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 51 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 51 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 2590 manat məbləğində borc və 51 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən 2590 manat məbləğində borc və ödənilmiş 51 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə