Məhkəmə qərarları › İş №2(059)-173/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-173/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-173/2024 01.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının iştirakı ilə iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(059)- 31/2023 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məhkəmə xərcinin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 08 yanvar 2020ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 21 dekabr 2020-ci il təvəllüdlü Yusif adlı oğlan övladı doğulmuşdur. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə 21 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Övladı 21 dekabr 2020-ci il təvəllüdlü Yusif azyaşlıdır. O, bir ana kimi övladının ali təhsilli və sağlam böyüməsini arzu edir. Lakin, maddi durumu buna imkan vermir, habelə övladının maddi tələbatı günügündən artmaqla, sonuncun yeyib-içmək və digər xərclərini uşağının istəyinə uyğun ödəyə bilmir. Şəxsi mənzilinin olmaması səbəbindən azyaşlı övladı ilə birgə valideynlərinin himayəsində yaşamağa məcbur olmuşdur. Eyni zamanda, o, vəsait sərf edərək mediasiya qurumuna müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, hazırda heç yerdə işləmir. Belə ki, o, 15 mart 2024-cü il tarixdə işlərin ağırlığı ilə əlaqədar işlədiyi "xxxx" MMC-dən çıxmışdır. Eyni zamanda, cavabdeh əvvəllər aliment ödəmədiyi üçün ona təxminən 1600 manat aliment borcu vardır. Bununla belə, sonuncu 700 manatadək aliment ödənişi etmişdir. Bundan başqa, azyaşlı övladı Yusif böyüdükcə yaşam xərcləri də yüksəlir. Uşağı normal olmadığı, yəni əsəb keçirməklə danışa bilmədiyinə görə loqoped yanına qoymaq istəsə də, maddi imkanı aşağı olduğu üçün bu hal mümkün deyildir. Həmçinin, cavabdeh əvvəlki iclasda maaşının artaraq 805 manat məbləğində məvacib alacağını qeyd etmişdir. Bundan əlavə, uşağın geyim və yaşam xərclərinə də vəsait sərf edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməyərək, ilkin dindirilmə zamanı kreditləri olduğu üçün aliment məbləğinin artırılmasına razı olmadığını bildirmiş, həmçinin hərbiçi olaraq 720 manat məbləğində məvacib aldığını, 2024-cü ilin mart ayından isə maaşının artaraq 805 manat olacağını qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 15 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 546874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X2 olan X3 21 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(059)-31/2023 saylı qətnaməsinin, eləcə də Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 457461 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 08 yanvar 2020-ci il tarixdə, 45 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, həmçinin 21 dekabr 2020-ci il təvəllüdlü X3 anası iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının himayəsində və yanında saxlanılması, habelə uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19 sentyabr 2022-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan 19 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Süleymanova (Məmmədova) Mahizər İsa qızı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 08 yanvar 2020-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 21 dekabr 2020-ci il tarixdə Yusif adlı övladları doğulmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə 21 dekabr 2020-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 21 dekabr 2020-ci il təvəllüdlü Yusifin artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 21 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 21 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(059)- 31/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının ödəməkdən azad edildiyi 48,20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 50 (əlli) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc Cavabdeh alınaraq iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 21 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(059)-31/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat xərci Cavabdeh alınaraq iddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızına ödənilsin. İddiaçı Süleymanova (Məmmədova) Mahizər İsa qızının ödəməkdən azad edildiyi 48,20 (qırx səkkiz manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar