Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-174/2024 01.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(059)-288/2022 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda maddi imkanı aşağıdır və cavabdeh tərəfindən ödənilən aliment məbləği uşağın maddi tələbatını ödəmir. Eyni zamanda, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Həmçinin, cavabdeh aylıq yüksək gəlir əldə etdiyinən yüksək məbləğdə aliment ödəmək imkanındadır. Buna baxmayaraq, cavabdeh uşağa baxmır, habelə ayrı yaşadıqları vaxtdan onlarla maraqlanmır. Uşağa tək başına baxması onun üçün çox çətindir. Belə ki, o, övladının saxlanılması ilə bağlı xərcləri qarşılamaqda çətinlik çəkir, hətta bəzi xərclərini ödəyə bilmir. Övladının immuniteti çox zəif olduğuna görə tez-tez xəstələnir. Bu səbəblə də, o, uşağın müalicələrinə vəsait sərf edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, qızı, İddiaçı Siyəzən rayon gigiyena və epidemiologiya mərkəzində işləmiş, hazırda isə analıq məzuniyyətindədir. 30 oktyabr 2019-cu il təvəllüdlü nəvəsi Sadiq bir yaşından etibarən onunla yaşayır. Eyni zamanda, nəvəsi Sadiqin qaraciyərində, ağciyərində, hətta ürəyində müəyyən problemlər vardır ki, onlara görə mütəmadi müalicə alır. Həmçinin, Sadiqdə kalsium çatışmazlığı olduğundan dişləri çürüyür və tökülür. Bundan başqa, sonuncu böyüdüyündən, eləcə də bir müddət sonra məktəbə başlayacağından maddi tələbatları gündəlik olaraq artmaqdadır, həmçinin maddi durumları acınacaqlıdır. Cavabdehin aylıq ödədiyi aliment isə uşağın artan tələbatını ödəmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, azyaşlı övladı Sadiqə görə məhkəmə qətnaməsi ilə təyin olunan alimenti ödəyir, lakin qarşı tərəf ona uşağı ilə görüşməyə imkan vermir. Bayram ərəfəsində övladını görmək istədikdə ona yalnız qapıdan görə biləcəyini bildirmişlər. Bundan başqa, o, hazırda ailə həyatı qurmamış, lakin qarşı tərəf ikinci dəfə nikaha daxil olmuşdur. Bu səbəblə də, övladını ondan uzaq tuturlar. Həmçinin, övladı onu tanımır və onun atalıqdan imtina etməsini istəyirlər. Eyni zamanda, o, Socar Petroleum” QSC-nin benzin doldurma məntəqəsində növbəli iş rejimində işləməklə, 549 manat əmək haqqı alır. Bundan başqa, əlavə gəliri yoxdur, həmçinin himayəsində olan anası şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Buna görə də anasının müalicəsi üçün dərman preparatlarına da vəsait sərf edir. Hətta, o, sonuncu dəfə dərman preparatları üçün 232 manat ödəniş etmişdir. Bundan başqa, anasının xəstəliyi olmasına baxmayaraq sonuncu pensiya almır. Bundan başqa, mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Xızı rayon qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 254315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası Rəsulova (Qasımlı) Ülkər Rövşən qızı olan X5 30 oktyabr 2019-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(059)-288/2022 saylı qətnaməsinin surətindən görünür ki, 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 29 mart 2022-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Rəsulova (Qasımlı) Ülkər Rövşən qızının xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSCnin benzin doldurma məntəqəsində köməkçi fəhlə işləməklə, 549 manat aylıq əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, iddiaçı X1 rayon gigiyena və epidemiologiya mərkəzində direktor müavini işləməklə, aylıq 406 manat əmək haqqı alır. İşdə olan “Aysmed” klinikası tərəfindən 26 iyul 2023-cü il tarixdə verilmiş exokardioqrafiyanın surətindən görünür ki, 30 oktyabr 2019-cu il təvəllüdlü Sadiq Rəsulovda pulmanar qapaq üzərində axın surəti və təzyiq artmış yüngül PS, sağ qulaqcıqda KİARİ şəbəkəsi qeyd olunmaqla sağ boşluqlar genişlənmişdir. İşdə olan 22 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 25 dekabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 30 oktyabr 2019-cu il tarixdə Sadiq adlı övladları doğulmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 30 oktyabr 2019-cu il təvəllüdlü Sadiqin yetkinlik yaşına çatana qədər saxlanılması üçün 29 mart 2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 30 oktyabr 2019cu il təvəllüdlü Sadiqin artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(059)-288/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki İddiaçı ödəməkdən azad edildiyi 46,40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat məsrəf iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(059)-288/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı ödəməkdən azad edildiyi 46,40 (qırx altı manat 40 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-174/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-174/2024
01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver