Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-18/2021 24.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “aktlara əsasən hesablanmış cərimələrin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh X2 RQİİ-nin Siyəzən Qaz Xidmət Sahəsinə qarşı "qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktların ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19 fevral 2019-cu il tarixli, ******* saylı və 352935 saylı aktların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 X5 İdarəsinin əsl Cavabdeh İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş, ******* saylı, eləcə də ******* saylı aktlara əsasən müvafiq olaraq hesablanmış 3185,5 manat və 3022 manat cərimə məbləğlərinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bu Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 mart 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Siyəzən rayonu, Beşdam kəndində torpaq sahəsi almışdır. Elə həmin vaxtdan da bu obyektdə quşçuluq fəaliyyəti ilə məşğul olur. Orada fəaliyyət göstərən vaxtdan həmin obyektdə 2 (iki) ədəd qaz sayğacı olmuş, işlətdikləri qaz sərfiyyatının məbləğini vaxtlı-vaxtında ödəmişlər. 2019-cu ilin fevral ayında Cavabdeh İBnin X6 üzrə nümayəndələri Telman Mustafayev, Ramil Məmmədov və Şükür Sadıqovun iştirakı ilə obyektə baxış keçirilərkən sayğaca qoşulan qaz cihazlarının sayının çox olması, amma sərfiyyatın azlığı barədə orada olan işçiyə irad tutulmuşdur. Lakin, ona məxsus əraziyə baxış keçirilərkən iştirakı təmin olunmamış, ümumiyyətlə bu barədə ona hər hansı məlumat verilməmişdir. Həmçinin, sayğacın giriş və çıxışında heç bir nöqsan, kənar müdaxilə aşkar olunmamışdır. Həmin cihazların hamısının işlək vəziyyətdə olmaması, hətta qaz az gəldiyi üçün həm də, odun işlədildiyi əməkdaşlara bildirilmişdir. İşçiləri orada olan odun yığınını da cavabdeh tərəfin əməkdaşlarına göstərmişdir. Həmişə sayğac üzrə qaz sərfiyyatı üzrə aylıq borc vaxtlı-vaxtında ödənilmişdir. Sayğacın nasazlığı, sərfiyyatı az yazması barədə onlara heç vaxt irad bildirilməmiş, rəsmi xəbərdarlıq olunmamışdır. 19 fevral 2019-cu il tarixdə ünvanına akt gəlmiş, bu akt yazılan vaxtdan təxminən 1 ay sonra isə 13 mart 2019-cu il tarixli ( 01- NC/03-TQQSX-110/1 və 01-NC/03- TQQSX-110/5 saylı) iki xəbərdarlıq gəlmişdir. Belə ki, (28259158 saylı, G6 tipli qaz sayğacı sexdəki qaz cihazlarının sərfıyyatına uyğun olmadığı üçün 31860 m3 qaz sərfi - 6372 manat və ******* saylı, G4 tipli qaz sayğacı üzrə - 302040 m3 qaz sərfi - 6048 manat) Siyəzən Kiçik və X7 Mərkəzinə müraciət edərək qanunsuz olaraq cərimə yazıldığını bildirdikdən sonra, onların vasitəsilə, sahibkarlarla Cavabdeh İB-nin baş direktoru arasında onlayn bağlantı təşkil edilərkən o, qanunsuz cərimə yazılmasından şikayət etmişdir. Növbəti gün “ Cavabdeh “ İB-nin Baş direktorunun nümayəndəsi Siyəzən şəhərinə gələrək cərimənin silinməsi üçün göndərildiyini bildirmiş, bundan 15 gün sonra hər iki sayğac üzrə cərimələrin yarısı - 28259158 saylı sayğac üzrə - 3186 manat və ******* saylı sayğac üzrə - 3024 manat məbləğində, ümumilikdə 6210 manat cərimə məbləği silinmişdir. Silinməyən məbləğlər aktlar üzrə müvafiq olaraq 3185,5 manat və 3022 manat təşkil edir. Bir neçə ay bundan əvvəl obyektin qazla təchizatı da dayandırılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Cavabdeh İstehsalat Birliyi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2019-cu ilin fevral ayında Cavabdeh İB-nin X6 üzrə nümayəndələri Telman Mustafayev, Ramil Məmmədov və Şükür Sadıqovun iştirakı ilə iddiaçıya məxsus Siyəzən rayonunun Beşdam kəndində yerləşən obyektə baxış keçirilərkən obyektdəki qaz sayğaclarına əlavə qaz cihazlarının qoşulması faktı müəyyən olunmuşdur. Belə ki, sayğacın giriş və çıxışında heç bir nöqsan, kənar müdaxilə aşkar olunmasa da, iddiaçının müqavilədə və smetada nəzərdə tutulandan artıq qaz cihazlarından istifadə etməsinə görə sayğacdan keçən enerji sərfiyyatının qeydə alınmaması məlum olmuşdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 16 mart 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Beşdam kəndində yerləşən 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində **********13 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan iddiaçı və cavabdehin nümayəndəsi arasında bağlanmış 31 avqust 2017-ci il tarixli, 1247-08-17 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı İddiaçı arasında sonuncuya aid Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyri-yaşayış sahəsində (quşçuluq sexində) təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan 19 fevral 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı aid Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyri-yaşayış sahəsində (quşçuluq sexində) quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən texniki baxış keçirmiş, bu zaman sayğacın əvvəlki plombu sonuncular tərəfindən sındırılsa da, yeni plomb vurulmuş, habelə sayğacın giriş və çıxışında nöqsan aşkar olunmamışdır. İşdə olan 19 fevral 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı Siyəzən rayonu, Beşdam kəndindəki fərdi yaşayış evinə G-6 markalı, 28259158 nömrəli qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən texniki baxış keçirmiş, bu zaman sayğacın əvvəlki plombu sonuncular tərəfindən sındırılsa da, yeni plomb vurulmuş, habelə sayğacın giriş və çıxışında nöqsan aşkar olunmamışdır. İşdə olan Cavabdeh X2 X4 İdarəsinin əməkdaşları Ramil Məmmədov, Şükür Sadıqov, eləcə də Telman Mustafayev tərəfindən tərtib edilmiş 19 fevral 2019-cu il tarixli, ******* nömrəli və ******* nömrəli aktların surətlərindən görünür ki, Siyəzən rayonu, Beşdam kəndində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazın istismar qaydalarına riayət olunması yoxlanılmış, habelə G 6 tipli, 28259158 nömrəli qaz sayğacında saatlıq sərfiyyatın 24,8 m3 olması müəyyən edilməklə, sərfiyyatın 14,8 m3 keçdiyi, G 4 tipli, ******* nömrəli qaz sayğacında isə saatlıq sərfiyyatın 20 m3 olması müəyyən edilməklə, sərfiyyatın 14 m3 keçdiyi aşkar edilmişdir. İşdə olan Cavabdeh İB Xaçmaz X4 İdarəsinin 28 fevral 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələrdən və abonentin saldolarından, eləcə də xəbərdarlıqlardan görünür ki, 19 fevral 2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ cəmi 3185,5 manat, ******* nömrəli akta əsasən isə cəmi 3022 manat təşkil etmişdir. İşdə olan görünür ki, iddiaçı mübahisəli aktlar əsasında hesablanmış ziyan məbləğlərinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 9/780-10/457 nömrəli rəyindən görünür ki, “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na görə, aşağı təzyiqli qaz xəttində (kəmərində) yuxarı həddində qazın təzyiqi 0,05 kqs/sm2 olduğu halda, qoşulma nöqtəsindəki diametri 25 mm olan qaz borusunun en kəsiyinin sahəsindən bir saatlıq axa bilən qaz sərfi (qazın axıdılması) 7,92 m3 təşkil edilə bilər. İki sayğac (iki birləşimə) üçün isə bu saatlıq sərfiyyatı 15,84 m3, dəyəri isə 3,17 manat təşkil edilə bilər. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na görə, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduğu halda qoşulma nöqtəsindəki en kəsiyindən və təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində yenidən hesablama aparılmalıdır. Ekspertizaya təqdim edilmiş materiallarda istehlakçı İddiaçı məxsus obyektində qaz xətlərinə və avadanlıqlarına axırıncı texniki baxışın keçirilməsi müddəti göstərilməmişdir. Belə olan halda yay ayları üçün gündəlik 12 saat götürdükdə sərf edilmiş (axıdılmış) qazın həcmi 95,04 m3, qış aylar üçün isə gündəlik 24 saat hesabı ilə 190,08 m3 təşkil edilə bilər. Ekspertizaya materiallarla təqdim edilmiş 19 fevral 2019-cu il tarixli ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”dan və 28 fevral 2019-cu il tarixdə təsdiq olunmuş “Dəymiş ziyanını bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən hesabatı orta günlük iş rejimi 12 saat, hesabat müddəti isə 180 gün götürülmüşdür. Belə olan halda, yəni orta günlük iş rejimi (iş saatları) 12 saat və hesabat müddəti 180 gün götürüldükdə, “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən, bir sayğac üçün sərf edilmiş qazın həcmi 17 107,2 m3, dəyəri isə 3421,44 manat təşkil edilə bilər. Eyni zamanda, rəydən görünür ki, hər hansı bir hesabatın, həmçinin Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılmış itirilmiş qazın bərpası ilə əlaqədar hesabatın düzgün aparılıb-aparılmamasının qiymətləndirilməsi hüquqi xarakter daşımaqla, məhkəmə mühəndis-texniki ekspertizasının həl etdiyi məsəllərinin dairəsindən (predmet səlahiyyətlərindən kənar olduğundan məhkəmə tərəfindən həll oluna bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış komisyon məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 200 manat təşkil edir. İşdə olan 20 may 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya aid Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyri-yaşayış sahəsi (quşçuluq sexi) üçün quraşdırılmış qaz sayğacları yoxlanılmış, cihazların saatlıq qaz sərfiyyatının normaya uyğun olmaması və bu səbəbdən qaz itkisinin yarandığı aşkar edilərək bu barədə 19 fevral 2019-cu il tarixdə mübahisəli aktlar tərtib edilmişdir. İddiaçı tərəfindən "Qazdan istifadə Qaydaları"nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi silinmədən sonra cəmi 6207,50 manat məbləğində hesablanmaqla, onun abonent bazasına işlənilmişdir. Bundan sonra, iddiaçı, Cavabdeh X2 X5 İdarəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğunu əsas gətirməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh X2 X5 İdarəsinin əməkdaşları tərəfindən 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş ******* və ******* nömrəli aktlarda sayğaclarda saatlıq qaz sərfiyyatının normaya uyğun olmaması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, sayğaclardakı saatlıq qaz sərfiyyatının normaya uyğun olmamasının məhz istehlakçının təqsiri üzündən baş verməsi sübut olunmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.2.1 və 3.2.2-ci yarımbəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Bu Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Sözügedən Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bu Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bu Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bununla da, sadalanan qanunvericilik aktı normalarına, eləcə də tədqiq edilmiş mötəbər sübutlara əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. Eyni zamanda, İddiaçı aid Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyri-yaşayış sahəsində (quşçuluq sexində) quraşdırılmış G-4 və G-6 markalı qaz sayğaclarının saatlıq qaz sərfiyyatı normaya uyğun olmaması faktı cavabdehin nümayəndələri tərəfindən 19 fevral 2019-cu il tarixdə aşkar olunmaqla, bu barədə ******* və ******* nömrəli aktlar tərtib olunsa da, həmin sayğaclar istifadə edilməklə, həmin tarixdən sonra yenisi ilə əvəz edilməmişdir ki, bu da sonradan baş verəcək itkilər üçün istehlakçı ilə qaz paylayıcısı olan cavabdeh təşkilat arasında yeni mübahisələrin yaranmasına səbəb olmaqla, əsas verəcəkdir. Həmçinin, yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının düzgün işləməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bunun istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin, cavabdeh iddiaçıya məxsus sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmamasını və bu səbəbdən iddiaçı tərəfindən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya aid qeyri-yaşayış sahəsində (quşçuluq sexində) quraşdırılmış qaz sayğaclarının yararsız müddəti üçün hesablanmış 3185,5 manat, eləcə də 3022 manat olmaqla, cəmi 6207,50 manat zərər məbləğinin tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Çünki, yuxarıda sadalanan normativ hüquqi aktların tələblərində də, göründüyü kimi, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunması üçün müvafiq örtüklə örtülməsi və mühafizə olunması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmçinin, məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertiza rəyinə qiymət verərək qeyd edir ki, tərtib edilmiş rəy mübahisənin müqəddaratına aydınlıq gətirməməklə, özündə qeyri-müəyyənliyi ehtiva etdiyindən, əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş, ******* saylı, eləcə də ******* saylı aktlara əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 3185,5 manat və 3022 manat cərimə məbləğləri silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdeh təşkilatdan tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, aparılmış məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş, ******* saylı, eləcə də ******* saylı aktlara əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 3185,5 manat və 3022 manat cərimə məbləğləri silinsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-18/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-18/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver