Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-185/2022 30.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 13727 manat pulun və ödənilmiş 131,18 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 24 noyabr 2021-ci il tarixdə, saat 17:10 radələrində 20 Yanvar dairəsi adlanan ərazidə idarə etdiyi ** KJ *** dövlət qeydiyyat nişanlı, "Skoda Yeti” markalı şəxsi avtomobili ilə qəza keçirmişdir. Belə ki, işıqforun yaşıl işığında, nizamlayıcının üstünlük işarəsi ilə yolunu davam etdirərkən dairənin sol tərəfindən işıqforun qırmızı qadağanedici işığına məhəl qoymadan Cavabdeh idarə etdiyi ** PL *** dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobillə sürətlə şütüyərək onun avtomobilinə zərblə çırpılmış, nəticədə bu dəhşətli qəzada həm özü dərin sarsıntı yaşamış, həm də avtomobili yararsız hala düşmüşdür. Əsasən onun əyləşdiyi sol-yan tərəfdən, yəni sürücü istiqamətindən törədilən bu vahiməli qəzada yaşadığı şokdan hələ də özünə gələ bilməmişdir. Doğrusu, təhlükəsizlik yastıqlarının açılması nəticəsində o, bu tükürpərdici qəzadan sağ çıxa bilmiş, zərbənin gücündən baş, boyun, boğaz, sümük ağrıları, bədən göyərtilərinin olmasına baxmayaraq, qarşı tərəf bu günə qədər hətta 1 zəng belə edərək hal-əhvalını soruşmasa da, o, humanistlik göstərib səbəbkardan şikayətçi olmamışdır. Bakı şəhər BPİ-nin X6 İdarəsinin Yol patrul xidməti baş inspektoru X2 hadisə yerinə baxış keçirmiş və Bakı şəhər BPİ-nin X6 İdarəsinin 31 avqust 2022-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Əsaslı olaraq o, ziyan çəkən tərəfdir və səbəbkar onun avtomobilinə dəyən ziyanın ödənməsini təmin etməlidir. Skoda servisdən avtomobilinə baxış keçirilmiş və sıradan çıxmış yararsız ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi, eləcə də işlək vəziyyətə gətirilməsi üçün tərtib olunmuş ziyan aktına əsasən avtomobilinə dəyən zərər 18727,87 manat məbləğində hesablanmışdır. Səbəbkarın icbari sığortası, yəni "xxxx" ASC onun avtomobilinə dəymiş ziyan üçün 5000 manat ödəsə də, ziyandan qalan 13727 manat məbləği səbəbkar ödəməlidir ki, avtomobili təmir edilib işlək vəziyyətə gətirilsin. Ona görə də, avtomobilinə dəyən ziyanın təmin edilməsi üçün 5000 manat icbari sığortadan əlavə qalan 13727 manat məbləğ səbəbkardan, yəni Cavabdeh alınıb ona verilməlidir. Beləliklə, cavabdeh tərəfindən törədilən mülki hüquq pozuntusu nəticəsində ona vurulmuş maddi ziyan tam ödənilmədiyindən, həmin ziyan cavabdehdən onun xeyrinə tutulmalıdır. Odur ki, iddiaçı tərəfindən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, inzibati xəta ilə əlaqədar aparılmış əvvəlki məhkəmə araşdırması zamanı Cavabdeh məlum inzibati xətanı törətməsi təsdiqlənmişdir. Bundan başqa, İddiaçı aid "Skoda Yeti” markalı avtomobil 2010-cu il buraxılışlı olmaqla, hadisə baş verdiyi 24 noyabr 2021-ci il tarixədək 11 il müddətində istismarda olmuş, habelə aşınmışdır. Bu səbəbdən də, ekspert rəyində göstərilən ziyan, yəni 8400 manat dəymiş zərər məbləği ilə razı olmaqla, tələbi həmin məbləğdən sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat çıxıldıqdan sonra qalan 3400 manat həcmdə qəbul edirlər. Odur ki, iddia tələbini qismən, yəni ekspert rəyində göstərilən məbləğ nəzərə alınmaqla, 3400 manat həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, İddiaçı, eləcə də cavabdehin nümayəndəsi və vəkili Yəhyə Nəzərovun izahatlarını dinləyərək, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 29 fevral 2016-cı il tarixdə verilmiş AC seriyalı, 625262 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı, ağ rəngli, ** KJ *** dövlət qeydiyyat nişanlı, “Skoda Yeti” minik markalı avtomaşının sahibi İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı, 145619 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də "xxxx" MMCnin 01 oktyabr 2020-ci il tarixdə verdiyi etibarnamənin surətlərindən görünür ki, MMC mülkiyyətindəki “Hyundai İX 55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 oktyabr 2020-ci il tarixdən 28 avqust 2024-cü il tarixədək idarə etmək üçün Cavabdeh etibar etmişdir. İşdə olan mötəbər sübutlardan, o cümlədən Bakı şəhər BPİ-nin X6 İdarəsinin Yol patrul xidməti baş inspektoru X2 tərəfindən 24 noyabr 2021-ci il tarixdə tərtib olunmuş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun və həmin idarənin başqa bir əməkdaşının 31 avqust 2022-ci il tarixdə tərtib etdiyi TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən, eləcə də nəqliyyat vasitələrinin zədələnməsi barədə 25 noyabr 2021-ci il tarixli, 049160 nömrəli arayışdan görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 24 noyabr 2022-ci il tarixdə, saat 17:10 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi “Hyundai İX 55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinin 20 Yanvar deyilən dairəsində yol-nəqliyyat hadisəsi törətməklə, İddiaçı idarə etdiyi “Skoda Yeti” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurmuş, həmçinin Cavabdeh yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 01 dekabr 2021-ci il tarixdə tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2010-cu il buraxılışlı, ** KJ *** dövlət qeydiyyat nişanlı, “Skoda Yeti” minik markalı avtomobilə 18727,87 manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 9/1957-8/711 saylı ekspert rəyindən görünür ki, 2010cu il buraxılışlı, ** KJ *** dövlət qeydiyyat nişanlı, “Skoda Yeti” minik markalı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla, təxminən 8400 (14000 manat – 40%) manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan 25 yanvar 2022-ci il tarixli, **********02 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 132 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 24 noyabr 2022-ci il tarixdə, saat 17:10 radələrində Bakı şəhərinin 20 Yanvar deyilən dairəsində idarə etdiyi “Hyundai İX 55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə İddiaçı idarə etdiyi “Skoda Yeti” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bununla da, Cavabdeh "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV hissəsinin tələbini pozduğuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, inzibati qaydada cərimə edilmişdir. Eyni zamanda, ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Skoda Yeti” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsindən dəymiş ziyanın məbləği 8400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, xüsusi bilik tələb edən sualların aydınlaşdırılması üçün aparılan ekspert tədqiqatı sənaye mallarının əmtəəşünaslıq tədqiqatı metodikasına əsaslanmaqla, nəticədə tərtib edilmiş rəy ekspertiza qarşısında qoyulan sualların kifayət qədər aydın və tam cavablandırılması ilə hazırlanmışdır. Bu isə ekspertin rəyi ilə məhkəmənin razılaşmamasını istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından və iddiaçının izahatından aydın olur ki, “Hyundai İX 55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanuni idarəçiliyində olmaqla hadisə vaxtı, yəni 24 noyabr 2021-ci il tarixdə məhz onun tərəfindən idarə edilmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai İX 55” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində İddiaçı mülkiyyətində olan “Skoda Yeti” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 8400 manat məbləğində zərər dəymişdir. Bu zərərin 5000 manatı "xxxx" ASC tərəfindən İddiaçı ödənilsə də, Cavabdeh vurduğu zərərə görə qalıq 3400 manat vəsaiti iddiaçıya ödəməkdən imtina etmişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yenə bu Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə yol-nəqliyyat hadisəsi zamanı vurulmuş maddi ziyanın əvəzi kimi 3400 manat pul və ödənilmiş 131,18 manat dövlət rüsumunun 25%-i, yəni 32,80 manatı tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 75%-i, yəni 75 manatı İddiaçı, 25%-i, yəni 25 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə yol-nəqliyyat hadisəsi zamanı vurulmuş maddi ziyanın əvəzi kimi 3400 (üç min dörd yüz) manat pul və ödənilmiş 131,18 (bir yüz otuz bir manat 18 qəpik) manat dövlət rüsumunun 25%-i, yəni 32,80 (otuz iki manat 80 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 75%-i, yəni 75 (yetmiş beş) manatı İddiaçı, 25%-i, yəni 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-185/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-185/2022
30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver