Məhkəmə qərarları › İş №2(059)-186/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-186/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-186/2022 25.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebel dəstinin ödənilməmiş 2050 manat məbləğində qalıq dəyərinin və ya alınan mebel dəstinin, o cümlədən “Hilfon” markalı yataq və qonaq dəstinin, künc divanın banan, sandığın eləcə də, ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə arasında bağlanmış 12 iyul 2018-ci il tarixli nisyə alqı-satqı müqaivləsinə əsasən o, ümumi dəyəri 5900 manat olan mebel dəstini, yəni “Hilfon” markalı yataq və qonaq dəstini, künc divanı banan, sandığı, alqı-satqı müqaviləsinə əlavə razılaşmaya əsasən ilkin ödəniş 2000 manat, hər ay isə 325 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə olaraq satmışdır. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, aylıq ödənişləri 09 oktyabr 2020-ci il tarixdən dayandırmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış, habelə sonuncu tələb olunan qalıq borcu və ya mebel dəstini qaytarmaqdan boyun qaçırmaqla, alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Cavabdeh borcundan 3850 manat ödəniş etmiş, nəticədə, sonuncunun ümumilikdə 2050 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul çıxarılmasını xahiş edir. Cavabdeh məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamış və bildiriş aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməklə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 12 iyul 2018-ci il tarixli, 4 nömrəli alqı-satqı müqaviləsindən, eləcə də alqı-satqı müqaviləsinə əlavə razılaşmadan görünür ki, ümumi dəyəri 5900 manat olan “Hilfon” markalı yataq və qonaq dəsti, künc divan banan, sandıq 2000 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 325 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan alqı-satqı müqaviləsinə əlavə razılaşmadan həmçinin görünür ki, Cavabdeh 15 iyun 2019-cu il tarixdə 1000 manat, 02 sentyabr 2019-cu il tarixdə 150 manat, 09 oktyabr 2019-cu il tarixdə 200 manat, 07 sentyabr 2020-ci il tarixdə 300 manat sonuncu dəfə isə 09 oktyabr 2020-ci il tarixdə 200 manat olmaqla, iddiaçıya cəmi 1850 manat ödəniş etmişdir. İşdə olan 27 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 41 (qırx bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 12 iyul 2018-ci il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ümumi dəyəri 5900 manat olan “Hilfon” markalı yataq və qonaq dəsti, künc divan banan, sandıq 2000 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, ayda 325 manat ödəmək şərti ilə iddiaçı tərəfindən 12 iyul 2018-ci il tarixdə cavabdehə nisyə satılmış, sonuncu borcundan cəmi 3850 manat ödəniş etmiş, 09 oktyabr 2020-ci il tarixdən ödənişləri dayandırdıqdan sonra iddiaçıya ümumilikdə 2050 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddiaçı ödənilməmiş 2050 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbinin ödənilməmiş borcun qaytarılmasına dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “alınan mebel dəstinin, o cümlədən “Hilfon” markalı yataq və qonaq dəstinin, künc divanın banan, sandığın iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsasız olduğundan təmin edilməməlidir. Belə ki, həm mülki qanunvericiliyin, həm də 12 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 2.7-ci bəndindən də göründüyü kimi əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təhvil verilmiş əşyanın qalıq dəyərinin ödənilməsi hissəsi ilə bağlı məqam aydın olsa da, ödənilməmiş malın qaytarılması hissəsi ilə bağlı qeyd olunur ki, alınan mebel dəstinin, o cümlədən “Hilfon” markalı yataq və qonaq dəstinin, künc divanın banan, sandığın ümumi dəyəri 5900 manat olmaqla, bu malların ödənilməmiş dəyəri 2050 manat təşkil etmişdir. Yəni, ödənilməmiş mal 2050 manat dəyərindədir. Belə olan təqdirdə, iddiaçı ödənilməmiş 2050 manat dəyərində olan malın nədən ibarət olmasını aydınlaşdırmamış, habelə tələbdə bütün malların adı qeyd edildiyindən bu hissə qeyri-müəyyən qalmışdır. Bundan əlavə, ödənilməmiş mallar dəqiq göstərilmədiyindən, habelə nədən ibarət olmaları qeyri-müəyyən olduğundan tələb, ödənilməmiş əşyanın dəyərinin tutulması hissəsində təmin edilmişdir. Yəni, tələbin (əşyanın ödənilməsi və ya ödənilməmiş malın qaytarılması) seçim haqqı iddiaçı tərəfdə olmasına baxmayaraq, sonuncu tələbə qeyri-müəyyən yanaşmaqla, hər iki tələblə (dəqiq və qeyri-müəyyən) bir vaxtda çıxış etmiş, habelə seçimini dəqiqləşdirməmişdir ki, bu zaman məhkəmə tələbin daha dəqiq olan hissəsinə, yəni pula münasibətdə təmin edilməsini daha məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2050 (iki min əlli) manat pul və iddia tələbi üzrə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2050 (iki min əlli) manat pul və iddia tələbi üzrə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar