Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-188/2025 01.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdehə 5000 manat məbləğində borc pul vermiş, cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmiş və pulu faizə götürdüyünü və ona qaytardığını bildirmişdir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehi 2015-ci il tarixindən yəni, sonuncunun onun anasının inşa etdirdiyi fərdi yaşayış evinə avtomobil ilə daş gətirdiyi üçün tanımışdır. Bundan başqa, cavabdeh ondan təxminən 2024-cü il mart ayının 20-25 tarixində 2-3 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat məbləğində pulu borc almışdır. Həmçinin, cavabdeh bildirmişdir ki, borcunu 2-3 aya avtomobili satandan sonra birdəfəlik, avtomobil satılmadığı təqdirdə isə hər ay 200 manat hissə-hissə qaytaracaqdır. Cavabdehin həmin məbləğdə pulu ondan almasına dair telefon səs qeydləri vardır. Bununla belə, cavabdeh vədində əməl etməyərək ondan aldığı borc puldan hal-hazıradək heç bir ödəniş etməmiş, habelə onun daha əvvəl Siyəzən rayon Polis Şöbəsinə etdiyi müraciəti həllini tapmamaqla bərabər məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh təxminən 2014- 2015-ci il tarixində sonuncunun onun anasının inşa etdirdiyi fərdi yaşayış evinə avtomobil ilə daş gətirdiyi üçün tanımış, habelə bununla da, aralarında tanışlıq münasibəti yaranmışdır. Bununla yanaşı, Cavabdeh maddi vəziyyətinin ağır olduğunu bildirib, ondan borc pul istəmiş, habelə sonuncu bu istəyi ilə bağlı onun yaşadığı evə dəfələrlə gəlibgetmişdir. Həmçinin, Tahir ondan, telefon səs qeydlərini sübut kimi saxlamasını, aralarında problem yarandığı təqdirdə həmin qeydlərdən məhkəmədə sübut kimi istifadə etməsini istəmişdir. Beləliklə, o, Cavabdeh 5000 manat məbləğində borc pul versə də, sonuncu borcunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, İddiaçı dəfələrlə sələmə (faizə) pul almışdır. Həmçinin, 2024-cü il mart ayında İddiaçı eyni qaydada 5000 manat məbləğində pul istəsə də, sonuncu həmin məbləğdə pulunun olmadığını bildirmiş və ona hissə-hissə 500, 800 və 1000 manat məbləğində olmaqla, cəmi 2300 manat məbləğində pul vermişdir. Habelə, aralarında olan razılaşmaya əsasən o, hər ay İddiaçı 2300 manat məbləğin 15%-i məbləğini yəni, 345 manatını ödəməyi öhdəsinə götürmüş, lakin ödədiyi məbləğ sələm borcu kimi hesablanmışdır. Beləliklə, bu öhdəliyini 4 ay müddətində icra etməklə, sonuncuya cəmi 1380 manat məbləğində pul ödəsə də, sonradan maddi vəziyyəti ağırlaşdığı üçün İddiaçı aylıq faiz məbləğinin 10%-ə endirməsini istəmişdir. Həmçinin, sonuncu razılaşmaya əsasən İddiaçı hər ay 230 manat olmaqla, üç ay müddətində cəmi 690 manat pul ödəmiş, habelə bu ödənişlərdən birini sonuncunun ona verdiyi kart hesab nömrəsinə etmişdir. Lakin, İddiaçı vəd verdiyi 5000 manat məbləğində pulu ona vermədiyi üçün o, cari ilin yanvar ayının 4-də sələm borcunu ödəməsini dayandırmışdır. Cavabdeh iddiaçı tərəfindən sd diskə köçürülməklə mülki iş materiallarına əlavə edilmiş səs qeydlərinə münasibətdə səslərin ona məxsus olmasını bildirsə də, bu səslərin iddiaçının istəyi ilə sonuncuya göndərdiyini, lakin bunların sübut kimi qəbul edilməsi ilə razılaşmadığını bildirib, buna dair foto şəkillər olduğu təqdirdə sübut kimi qəbul olunmalı olduğunu qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
200. Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını tərəflərin məhkəmə hazırlıq və baxış iclaslarında verdikləri izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sd diskə köçürülmüş “WhatsApp Audio 2025- 01-14 at 15.30.46, 15.30.47, 15.30.48” saylı səs yazılardan görünür ki, tərəflər arasında pul mübahisəsi olmaqla yanaşı, Cavabdeh İddiaçı 5000 manat borca pul almasını etiraf etmiş, həmçinin bu məbləği avtomobili satmaqla və ya yaxud işlədiyi təqdirdə aylıq əmək haqqısı ilə hissə-hissə qaytaracağına dair vəd vermişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Siyəzən RPŞ-nə verdiyi 31 avqust 2024cü il tarixli izahatdan görünür ki, o, İddiaçı 2300 manat məbləğində pul aldığını, həmçinin bu məbləğdən iki ay olmaqla ayda 365 manat ödədiyini etiraf etmiş, habelə qalıq qalan məbləği qısa müddət ərzində ödəyəcəyinə dair vəd vermişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 2024-cü il mart ayında 5000 manat pul verməsini (məhkəmə iclasında araşdırılmış cd diskdə olan səs yazıları) sübut edə bilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı 2024-cü il mart ayında Cavabdeh 5000 manat məbləğində borca pul verdiyini bildirsə də, məhkəmə Mülki Məcəllənin 01 oktyabr 2023-cü ildən qüvvədə olan 739-cu maddəsinin tələblərindən çıxış edərək qeyd edir ki, iddiaçının 2024-cü ilin mart ayında cavabdehə 5000 manat borc verməsi, habelə sonuncunun həmin vaxt iddiaçıdan bu pulu məhz borc olaraq almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, qanunla başqa hal müəyyən edildiyi halda, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa bu müqavilə yazılı formada bağlanmalı olsa da, tərəflər mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, aralarında pulun verilməsi ilə bağlı şifahi razılaşmışlar ki, bu da nəticədə onlar arasında şifahi olaraq bağlanılmış əqdin (müqavilənin) etibarsızlığına səbəb olmuşdur. Bununla belə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də, iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olunmuşdur ki, tərəflər bir-birini tanımış, daha sonra ehtiyacı olduğuna görə Cavabdeh İddiaçı 2024-cü il mart ayında 5000 manat məbləğində pul almış, habelə sonuncu qeyd olunan məbləğin qaytarılmasını vəd etmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı hüquqi əsas olmadan 5000 manat məbləğində pulu qəbul etməklə, habelə sonuncudan bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, məhrum olanın, yəni iddiaçının hesabına əmlak əldə etdiyi vəsaiti qaytarmamışdır ki, bu da sonda cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Bundan əlavə, cavabdeh aldığı puldan müxtəlif vaxtlarda hissə-hissə cəmi 2070 manat məbləğini qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğu və onun hesabına əsassız varlandığına görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 70 mmanat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5000 manat məbləğində borc və 70 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə