Məhkəmə qərarları › İş №2(059)-189/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-189/2021

24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-189/2021 24.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər kimi 1500 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, adının və ata adının səhvən X1 göstərildiyi cavabdehin adının “Sirus”, ata adının isə “Əlirza” olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 2020-ci ilin iyun ayında Cavabdehla sonuncuya və onun ailə üzvlərinə məxsus Siyəzən rayonunun Sədan kəndində yerləşən 2,63 ha torpağı sənədləşmə xərcləri də daxil olmaqla, 5000 manata almaq barədə razılaşmış, həmin vaxt əlində nağd pulu olmadığı üçün 16 iyun 2020-ci il tarixdə “xxxx” ASC-dən 5000 manat kredit götürmüş, 19 iyun 2020-ci il tarixdə 1500 manatını beh olaraq cavabdehə verdikdən sonra, qalıq məbləği alqı-satqı zamanı ödəyəcəyinə vəd vermişdir. Bundan bir müddət sonra, sənədləşmə işləri üçün cavabdehdən dəfələrlə notariusa getməyi tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Daha sonra, ona Cavabdeh 2,63 ha torpağı Siyəzən şəhər sakini Elbrus adlı şəxsə satması məlum olmuşdur. Bu səbəbdən də, onun davamlı tələbindən sonra, cavabdeh 2021-ci ilin fevral ayında Siyəzən şəhəri ərazisində onun razılığı ilə yanında qardaşı arvadı Cəmilə Muradovaya (pulun qardaşı arvadına verilməsinə səbəb özünün pul saya bilməməsi idi) sonuncu da öz növbəsində ona 1500 manat pulu və 250 manat sənədləşmə xərclərini versə də, cavabdehin təqsiri ucbatından ona vurulmuş xeyli miqdarda ziyanın əvəzi qaytarılmamışdır. Belə ki, sözügedən torpağı almaq üçün məcburən Bankdan götürdüyü kreditin 1010 manat faizini ödəməlidir. Həmçinin, cavabdeh əvvəlcə bankdan götürüləcək məbləğə görə faizlərin ödənilməsində ona yardım edəcəyini vəd etsə də, bu baş verməmiş, cavabdeh onu aldatmışdır. Odur ki, banka ödəyəcəyi faziləri zərər hesab edərək həmin məbləğin iddia tələbi həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, 2020-ci ilin iyun ayında İddiaçıla ona və ailə üzvlərinə məxsus Siyəzən rayonunun Sədan kəndində yerləşən 2,63 ha torpağı sənədləşmə xərcləri də daxil olmaqla, 5000 manata satmaq barədə razılaşmış, bunun üçün iddiaçıdan əvvəlcədən 1500 manat beh almış, habelə razılaşmaya əsasən qalan məbləğ alqı-satqı zamanı ona ödənilməli olmuşdur. Sonradan ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə görə sənədləşmə işləri gecikmişdir. Belə ki, sözügedən 2,63 ha torpağın bir hissəsində 15 yanvar 2015-ci il tarixdə vəfat etmiş mərhum anasının da payı olduğu üçün müxtəlif yerlərdə yaşayan bacılarının notariusda mirasdan imtina barədə ərizə vermələri tələb olunmuşdur ki, bunun da təşkil olunması pandemiya şəraitində çətin olmuşdur. Bundan əlavə, o, Qarabağ əlilləri üçün ev tikintisində fəhlə kimi çalışdığından sənədləşmə işləri üçün lazımi dövlət orqanlarına gedə bilməmişdir. Bu barədə iddiaçıya bildirdikdə isə sonuncu ya dərhal sənədləşmə üçün getməsini, ya da pulunu qaytarmasını ondan tələb etmişdir. Bundan sonra, o, iddiaçının səbirsizlik nümayiş etdirdiyini görüb, 2021-ci ilin yanvar ayının əvvəllərində sonuncudan aldığı 1500 manat pulu, eləcə də 250 manat sənədləşmə xərcini İddiaçı yanında Siyəzən şəhərində sonuncunun qohumu Cəmilə Muradovaya, sonuncu isə öz növbəsində iddiaçıya vermişdir. Bundan başqa, sözügedən torpaq sahəsini sonralar Siyəzən şəhər sakini Elbrus adlı şəxsə bağışlasa da, hazırkı vaxta kimi bununla bağlı münasibətlər rəsmiləşdirilməmişdir. Beləliklə, iddiaçının hazırkı iddiasının heç bir əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 19 iyun 2020-ci il tarixli yazılı sənəddən görünür ki, Cavabdeh torpaq satışı ilə əlaqədar İddiaçı əvvəlcədən 1500 manat pul almışdır. İşdə olan 16 iyun 2020-ci il tarixli, GTKR2128305A155 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən də görünür ki, 5000 manat məbləğində kredit 35 ay müddətinə faizlərlə birlikdə hər ay 205,01 manat, sonuncu ay isə 207,77 manat hesablanmaqla İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilməli idi. İşdə olan 18 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2020-ci ilin iyun ayında cavabdehə və onun ailə üzvlərinə məxsus Siyəzən rayonunun Sədan kəndində yerləşən 2,63 ha torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 5000 manata alqı-satıqısı barədə razılaşmış, bu məqsədlə iddiaçı 16 iyun 2020-ci il tarixdə “xxxx” ASC-dən 5000 manat kredit götürmüş, 19 iyun 2020-ci il tarixdə 1500 manatını beh olaraq cavabdehə vermişdir. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə cavabdeh iddiaçıdan aldığı 1500 manat behi və 250 manat sənədləşmə xərclərini ona qaytarmışdır ki, bu da işin mübahisəsiz halı olmaqla, tərəflərin özləri tərəfindən etiraf edilmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulduğunu, bununla da ona zərər dəydiyini əsas gətirib məhkəməyə müraciət etsə də, sonuncunun iddiaçının qarşısında torpaq sahəsinin alışı üçün götürülmüş kreditə görə banka faiz ödənişləri etmək barədə qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdüyü müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 443-cü maddəsinin İ və V bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında iddiaçının banka olan kredit borcu ilə əlaqədar faizlərin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik münasibətləri yaranmamış, faizlərin ödənilməsi qaydası ilə bağlı bir-birinin qarşısında bu və ya digər formada öhdəlik götürməmiş, o cümlədən şərtləşdirməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün belə bir müqavilə mövcud deyildir və istisna edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıdığından banka olan borcun da məhz onun tərəfindən ödənilməli olması tam əsaslıdır və mübahisə edilməzdir. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, cavabdehdən geri aldığı 1500 manatdan əlavə, banka ödəməli olduğu kreditin faizini tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən də, iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar