Məhkəmə qərarları › İş №2(059)-2/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-2/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-2/2021 07.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş mülkiyyət hüququ barədə sənədin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, mərhum Sabahgül Soltanova ərizə ilə məhkəməyə müraciət edərək, mərhum cavabdeh X3 mülkiyyətində olan Siyəzən şəhəri, Sabir küçəsi 20 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla, satılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(059)-273/2019 saylı qərardadı ilə mərhum cavabdeh X3 mülkiyyətində olan Siyəzən şəhəri, Sabir küçəsi 20 A saylı fərdi yaşayış evinin üzərinə iddianın təmin tədbiri qaydasında həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə və Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Siyəzən Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qərardadına əsasən hazırkı mülki iş üzrə cavabdeh Fatma Sultanova öldüyünə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə onun hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Bundan sonra, 13 aprel 2020-ci il tarixdə mərhum Fatma Sultanovanın vərəsəsi Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mərhum X3 mülkiyyətində olmuş Siyəzən şəhəri, Sabir küçəsi 20 A saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair iddianın təmin etmək tədbiri barədə Siyəzən Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadının ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmiş, habelə ərizəsinə Fatma Sultanovanın vəsiyyət üzrə vərəsəsi olmasını təsdiq edən 30 iyun 2017-ci il tarixli vəsiyyətnamənin surətini əlavə etmişdir. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin 13 aprel 2020-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmiş, işin mahiyyəti üzrə baxılması 13 may 2020-ci il tarixə təyin edilmişdir. Həmçinin mülki iş üzrə 13 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən, cavabdeh X8 öldüyünə görə, o, hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, həmçinin Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 028697 nömrəli ölüm haqqında şəhadətnamənin surətini təqdim etməklə göstərmişdir ki, anası X2 27 may 2020ci il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə rayon qeydiyyat şöbəsində 01 iyun 2020-ci il tarixli, 90 nömrəli akt qeydi tərtib olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərardadına əsasən, hazırkı mülki iş üzrə iddiaçı X2 öldüyünə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə onun hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmış və mərhumun qanun üzrə vərəsələri barədə məlumat almaq üçün Siyəzən Rayon Dövlət Notariat Ofisinə müvafiq sorğular göndərilmişdir. Siyəzən Rayon Dövlət Notariat Ofisindən 15 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X21 mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmiş, habelə iddiaçı X2 öldüyünə görə İddiaçı hüquqi varis kimi iddiaçını əvəz etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, anası Sabahgül Soltanova 1954-cü ildə Xızı rayonunun Ərziküş kənd sakini olmuş X16 ilə evlənmiş, habelə mərhum valideynləri 1956-cı ildə Siyəzən şəhərinə köçərək, bir müddət kirayədə qaldıqdan sonra mərhum atası Əliağa Soltanov ev tikmək üçün torpaq sahəsi alıb, Siyəzən şəhərinin Sabir küçəsindəki 20 saylı fərdi yaşayış evini inşa etmişdir. Ailələri böyük olmuşdur. Belə ki, Əliağanın anası Bədirnisə, bacıları və qardaşı X12 da onlarla birlikdə yaşamış, 1957-ci ildə onun valideynləri əmisi Güləsəni evləndirib, gəlini də bu evə gətirmişlər. Mərhum əmisi Güləsənin arvadı Sücarə ilə evliliyindən övladı olmamış, həmçinin sonuncu 2006-cı ildə vəfat etmişdir. Qeyd edir ki, nənəsi Bədirnisənin və bibisinin gözləri kor olmuş, onlara anası baxmış, bütün qayğıları ilə maraqlanmışdır. Mərhum əmisi Güləsən Sultanova atası Əliağa özü aldığı torpaq sahəsində yer ayırıb, vermiş, həmçinin onun üçün hazırda yaşadığı ünvanda ev tikmişlər. Bundan başqa, əmisi Güləsən arvadı öldüyü üçün 2013-cü ildə ikinci dəfə Fatma adlı dul qadınla evlənərək, sonuncunu yaşadıqları evə gətirmişdir. Mərhum əmisinin bu evliliyindən də övladı olmamışdır. 2007-ci ildə atası Əliağa ölmüş, bundan sonra, əmisi Güləsən Sultanov da xəstələnib pis vəziyyətə düşmüşdür. Əmisi Güləsənin arvadı Fatma ərini götürüb Şabrana baldızı qızı Sənəmin yanına aparmış, əmisinə qulluq edən, baxan, dəfn və bütün xərclərini, əziyyətini çəkən sonuncunun bacısı qızı (onun bibisi qızı) Sənəm və onun ailəsi olmuşdur. Fatma Sultanova əmisi Güləsən Sultanovla maraqlanmayaraq, ona baxmadığına görə sonuncu Fatma Sultanovadan evin sənədlərini göndərməsini tələb etsə də, o, evin sənədlərini verməkdən imtina etmişdir. Vəziyyəti belə görən mərhum əmisi Güləsən Sultanov sənədləri almaq üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş, Fatma Sultanova isə saxta yollarla bağışlama müqaviləsi tərtib etdirmişdir. Mərhum əmisi X19 bu etibarsızlığını gördükdən sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə nikah pozulmuşdur. Mərhum əmisinin tələbi ilə Siyəzən Rayon Məhkəməsi Fatma Sultanovanın evdən çıxarılması barədə qətnamə qəbul etmiş, əmlak bölgüsü aparılmış və sonuncu əmlakını da götürüb qonşuluqdakı atası evinə aparmışdır. Əmisi bundan sonra evi 03 iyun 2015-ci il tarixdə notarial qaydada edilmiş vəsiyyətnamə ilə bacısı qızı Sənəmin oğlu X9 vəsiyyət etmişdir. 25 noyabr 2015-ci il tarixdə əmisi Güləsən vəfat etmiş, sonuncunun vəfatından 6 ay keçdikdən sonra evi Kamətdinin adına rəsmiləşdirmək üçün reyestr xidmətinə müraciət etdikdə, evin Fatma Sultanovaya saxta bağışlama müqaviləsi əsasında bağışlanması məlum olmuşdur. Fatma Sultanovanın evdən çıxarılması və evin mərhum əmisi Güləsən Sultanova geri qaytarılması barədə Siyəzən Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, nəticədə Fatma Sultanova, hazırda isə onun övladı Cavabdeh mübahisə predmeti olan evə sahib çıxmışlar. Hazırda, heç bir mənəvi və hüquqi bağlılığı olmadığı halda Cavabdeh mübahisə predmeti olan evə yerləşmək istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisə predmeti olan evin mülkiyyətçisi onun mərhum anası X8 olmuşdur. O, özü də bir müddət, yəni evlənməmişdən əvvəl sözügedən evdə, anası Fatma və sonuncunun əri Güləsənlə birlikdə yaşamışdır. İddia ərizəsində deyilənlər həqiqəti əks etdirmir. Belə ki, mərhum anası Fatma Sultanova əri Güləsən Sultanova daim qulluq etmiş, onunla mehriban yaşamışdır. Bunun nəticəsi olaraq Güləsən Sultanov özünə məxsus evini 26 yanvar 2015-ci il tarixdə Siyəzən şəhərinin Sabir küçəsindəki 20 A nömrəli fərdi yaşayış evini onun mərhum anası Fatma Sultanovaya bağışlamışdır. Mərhum anası Fatma Sultanova 30 iyun 2017-ci il tarixdə həmin evi notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə əsasında ona vəsiyyət etmiş, habelə, 07 avqust 2019-cu il tarixdə kəskin qaraciyər çatışmamazlığı xəstəliyindən ölmüşdür. Vəsiyyətnamə üzrə vərəsə kimi mərhum anasının evinə sahib olmaq istəsə də, hazırda bu ünvanda kənar şəxslərin yaşaması səbəbindən miras əmlaka dair hüquqlarını həyata keçirə bilmir. Bundan əlavə, sözügedən evdə yaşayan kənar şəxslərin də nə Güləsən Sultanovla, nə də Fatma Sultanova ilə hər hansı formada qohumluq əlaqəsi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin Xidmət nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən rayonu dövlət notariat kontorunun dövlət notariusu X18 tərəfindən 26 yanvar 2015-ci il tarixdə reyestrdə 4Ə-26 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması haqqında müqavilənin surətindən görünür ki, X1 şəhərinin Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqdan ibarət 20 A saylı evini X4 bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 27 fevral 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, yaşayış sahəsi 27 kv.m, yardımçı sahəsi 43,8 kv.m olmaqla ümumilikdə 73,8 kv.m sahədən ibarət 2 otaqlı 0,044 ha torpaq sahəsinin üzərində yerləşən Siyəzən şəhəri, Sabir küçəsindəki 20 A saylı ev tam mülkiyyət hüququ üzrə X3 adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində **********94-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2(105)-862/2016 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməklə Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı X5 cavabdeh X4, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinə və Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı Siyəzən şəhəri, Sabir küçəsi, 20 saylı fərdi yaşayış evinin cavabdeh X3 adına bağışlanmasından imtina və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(059)-45/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X6, X13, X7, X10 və X11 iddiaçı X3 mülkiyyətində olan Siyəzən şəhəri, Sabir küçəsindəki 20 A saylı evdən çıxarılmalıdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 avqust 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 995182 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 avqust 2019-cu il tarixdə ölmüş və bu barədə rayon qeydiyyat şöbəsində 20 avqust 2019-cu il tarixli, 107 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 028697 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 27 may 2020-ci il tarixdə ölmüş və bu barədə rayon qeydiyyat şöbəsində 01 iyun 2020-ci il tarixli, 90 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 aprel 2021-ci il tarixli, **********66 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərinin Sabir küçəsindəki 20 A saylı fərdi yaşayış evi üzərində Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-390/2015 saylı qətnaməsinə əsasən 26 yanvar 2015-ci il tarixli bağışlanma müqaviləsi əsasında X3 qeydiyyata alınmış mülkiyyət hüquqları ləğv edilmiş və X5 mülkiyyət hüquqları qeydiyyata alınaraq 14 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2016-cı il tarixli, 2(105)-862/2016 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(102)-2191/17 saylı qərarı 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmadığından sözügedən məhkəmə qətnamələri əsasında daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır. Siyəzən şəhərinin Sabir küçəsindəki 20 A saylı fərdi yaşayış evi hal-hazırda X5 mülkiyyətindədir. İşdə olan 27 sentyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia tələbi üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olundu ki, mübahisəli Siyəzən şəhərinin Sabir küçəsindəki 20 A saylı fərdi yaşayış evi əvvəllər mərhum Fatma Sultanovanın əri mərhum Güləsən Sultanovun mülkiyyətində olmuş, sonuncular 26 fevral 2003-cü il tarixdə nikah münasibətlərinə daxil olmuş və Güləsən Sultanov öz mübahisəli evini 26 yanvar 2015-ci il tarixli müqavilə ilə Fatma Sultanovaya bağışlamış, o cümlədən sonuncunu zənginləşdirmişdir. Mübahisəli evə dair mərhum Fatma Sultanovanın adına olan reyestrdən çıxarış əvvəllər başqa məhkəmə mübahisələrinin predmeti olsa da, hazırda qüvvədədir. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair verilmiş mülkiyyət hüququ barədə sənədin (çıxarışın) etibarsız hesab edilməsi üçün ilk növbədə onun verilməsinə əsas olmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi zəruridir. Lakin, işin faktiki hallarından da göründüyü kimi bununla bağlı məhkəmə mübahisələri olmuş, nəhayət yekun məhkəmə aktı çıxarılmışdır. Yəni, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, müqavilə azadlığı şəraitində bağlanmış bağışlama müqaviləsi ilə hər iki tərəf öz öhdəliyini notarial qaydada lazımınca icra etmişdir. Daşınmaz əmlakın bağışlanması haqqında bağlanmış müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə ilə hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, biri digərinin, həmçinin üçüncü şəxslərin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamışdır. Çünki, mərhum Güləsən Sultanov qeyd edilən müqaviləni imzalayarkən iradəsini sərbəst ifadə etmiş, o cümlədən müqavilə onun şəxsi iradəsi nəticəsində yaranmışdır. Beləliklə, göründüyü kimi bağlanmış bağışlama müqaviləsi həmin müqavilə üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna, eləcə də müqavilənin mühüm şərtlərinə uyğun olaraq, mərhumlar X25 Sultanovanın iradəsini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsi Güləsən Sultanovun mübahisəli çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsindən imtinasını əsaslı hesab etməyib, bu müqavilə əsasında verilmiş çıxarışın etibarsızlığına dair iddia tələbini təmin etməmişdir. Belə olan halda hazırkı iddia tələbi üzrə iddiaçı tərəfin cavabdeh tərəfdən hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəf cavabdehə tərəfə qarşı fərdi yaşayış evinə dair verilmiş mülkiyyət hüququ barədə sənədin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması barədə hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmamasına baxmayaraq Azərbaycan Respublikasında bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar