Məhkəmə qərarları › İş №2(059)-2/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-2/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-2/2022 28.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı QBKT-nin xeyrinə 1631 manat əsas, 283,99 manat faiz, 21 manat cərimə olmaqla, cəmi 1935,99 manat borcun və 39,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, məhkəmənin təşəbbüsü ilə Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı əsasında hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 37 % faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 2400 manat məbləğində kredit verilmiş, müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay üçün 177 manat, sonuncu ay isə 164 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi restrukturizasiya olunmuş və iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişə əsasən Cavabdeh1 iddiaçı Banka mövcud olan əsas qalıq borcu 1694 manat məbləğində müəyyən edilmiş və illik 18,76 % dərəcəsi ilə ödənilməsi şərtilə, kreditin ödənilmə müddəti 21 ay həddində hesablanmışdır. Buna qədər, 18 noyabr 2015-ci il tarixdə bağlanılmış zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 zamin kimi 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişdən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Beləliklə, Cavabdeh1 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, nəticədə, cavabdehlərin MMQBKT-yə saziş üzrə cəmi 1935,99 manat borcları yaranmışdır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "FİNCA Azerbaijan" MMQBKT-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, maddi vəziyyətində yaranan çətinliyə görə kredit borcunu ödəyə bilməmişdir. Gələcəkdə borcunu hissə-hissə qaytaracağına vəd verir. Odur ki, iddia tələbini tam olaraq qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 15 aprel 2015-ci il tarixli, **********9061 nömrəli kredit müqaviləsindən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə, illik 37% ödəmək şərtilə 2400 manat məbləğində kredit vermiş, borclu isə bankdan götürdüyü kredit məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 15 aprel 2015-ci il tarixli, **********9061 nömrəli kredit müqaviləsinin restruktruzasiyasına dair 19 noyabr 2015-ci il tarixli sazişdən görünür ki, bu sazişlə ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 21 ayadək, yəni 25 avqust 2017-ci il tarixədək uzadılmış, habelə kredit müqaviləsi üzrə qalıq borcun məbləği 1694 manat həcmində müəyyən edilməklə, qalıq məbləğinə 18,76 % dərəcəsi ilə faiz hesablanacağı qeyd edilmişdir. Eyni zamanda, bu saziş üzrə kredit öhdəliyinin təminatı kimi 18 noyabr 2015-ci il tarixdə "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli müqavilələr üzrə borcun vaxtında və tam icra edilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 15 aprel 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 2400 manat məbləğində pul verilmişdir. İşdə olan "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı tərəfindən tərtib edilmiş 03 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMQBKT-yə 1631 manat əsas, 283,99 manat faiz, 21 manat cərimə olmaqla, cəmi 1935,99 manat borcu vardır. İşdə olan Cavabdeh1 28 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edir. Maddi vəziyyəti ilə əlaqədar borcunu vaxtında ödəyə bilməmişdir. Gələcəkdə borcunu hissə-hissə qaytaracağına söz verir. İş materiallarına əlavə edilmiş 14 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatı iddia ərizəsinə məhkəmədə baxılması üçün 39,35 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildiki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və zaminlik müqaviləsinin müddəalarından görünür ki, zaminlik müqaviləsi 18 noyabr 2015-ci il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliklərin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh2 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kreditalan kreditverənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kreditverən və kreditalanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 37%-lə, 18 ay müddətinə 2400 manat məbləğində kredit verilmiş, həmçinin, tərəflərin imzaladıqları 19 noyabr 2015ci il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilərək, 21 ayadək uzadılmış, habelə kredit müqaviləsi üzrə qalıq borcun məbləği 1694 manat həcmində müəyyən edilməklə, qalıq məbləğinə 18,76 % dərəcəsi ilə faiz hesablanacağı qeyd olunmuşdur. Beləliklə, iddiaçı həmin məbləğdə pulu Cavabdeh1 verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirsə də, sonuncu borclu kimi üzərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuş, nəticədə onun kredit müqaviləsi üzrə cəmi 1935,99 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 iddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatının xeyrinə 1631 manat əsas, 283,99 manat faiz, 21 manat cərimə olmaqla, cəmi 1935,99 manat borc və ödənilmiş 39,35 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "FİNCA Azerbaijan" X1 Bank Kredit Təşkilatının xeyrinə 1631 manat əsas, 283,99 manat faiz, 21 manat cərimə olmaqla, cəmi 1935,99 (bir min doqquz yüz otuz beş manat 99 qəpik) manat borc və ödənilmiş 39,35 (otuz doqquz manat 35 qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar