Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-212/2021 01.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 900 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 2020-ci ilin fevral ayında cavabdehlə tanış olmuşdur. Belə ki, Siyəzən şəhər sakini olan Cavabdeh onun əvvəllər mühafizəçi kimi işlədiyi Qalib Mənsimova məxsus Xaçmaz rayonu, Qaradağ-Buduq kəndində yerləşən 2 ha torpaq sahəsini icarəyə götürərək istixana kimi istifadə etməklə, orada pomidor əkmişdir. O, 2020-ci ilin aprel, may, iyun və iyul aylarında bu obyekti mühafizə etdiyinə görə, hər ay cavabdehdən 300 manat pul almışdır. Bu ərəfədə cavabdehlə razılaşmalarına görə, yay aylarında 1 ha torpaq sahəsində yerləşən pomidor şitillərinin sahədən təmizləməsinə görə, sonuncu ona 600 manat pul verməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya müvafiq olaraq, o, 2020-ci ilin iyun ayının ortalarından avqust ayının ortalarınadək şitillərin isitxanadan bayıra çıxartması üçün, ümumi sahənin yarısının (digər 1 hektarı cavabdeh Vüqar adlı başqa şəxsə təmizlətdirmişdi) təmizlənməsinə görə cavabdeh ona 600 manat, ərazinin mühafizə olunması məqsədilə isə son iki aya görə əlavə 400 manat pul verməli olmasına baxmayaraq, o, öz vədinə əməl etməmiş, bu puldan cəmi 100 manat versə də, qalan 900 manat məbləğində zəhmət haqqını ona ödəməmişdir. Yaranmış borcla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətlərinə əhəmiyyət verməmiş, borcunu ödəməmişdir. Belə olan halda o, əvvəl Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmiş, oradan isə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda, o, istər yuxarıda qeyd edilən istixananın mühafizəsi, istərsə də, oradan şitillərin çıxarılması barədə cavabdehlə istixanada söhbət etmiş və bu zaman yanlarında başqa şəxs olmamışdır. Həmçinin, əlavə olaraq bildirir ki, “xxxx” MMC-nin direktoru X2 14 aprel 2020-ci il tarixdə verdiyi etibarnamə əsasında həmin tarixdən avqust ayınadək sözügedən istixananın təsərrüfat işlərini, oranın idarə edilməsini, əkilib-becərilməsini Cavabdeh aparmış və sonuncu orada bütün məsuliyyəti üzərinə götürməklə, nəzarəti həyata keçirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 2020-ci ilin fevral ayında iddiaçı ilə tanış olmuşdur. Belə ki, Qalib Mənsimova məxsus olan Xaçmaz rayonu, Qaradağ-Buduq kəndində yerləşən 2 ha torpaq sahəsini icarəyə götürərək orada pomidor əkmiş, habelə orada şitillərin əkilməsi, becərilməsi üçün zəruri olan bütün xərcləri özü çəkəcəyi, əldə olunacaq gəliri isə onunla yarıya böləcəkləri barədə razılığa gəlmişlər. İddiaçıya gəldikdə isə sonuncu onun deyil, Qalib Mənsimovun işçisi olduğuna görə onunla aralarında zəhmət haqqı ilə bağlı hər hansı bir formada söhbət olmamışdır. O, bütün danışıqları ərazinin sahibi olan Qaliblə aparmış, sonuncunun işçisi olan İddiaçı mühafizə xidmətlərinə görə hər ay 250 manat və əlavə 50 manat olmaqla, cəmi 300 manat pul vermişdir. Beləliklə, 2020-ci ilin aprel, may, iyun və iyul ayları üzrə hər ay 300 manat olmaqla, ümumilikdə 1200 manat pulu Qalibin xahişi ilə obyekti mühafizə etdiyinə görə iddiaçıya vermişdir. Bundan başqa, o, 14 aprel 2020-ci il tarixdən həmin ilin avqust ayınadək sözügedən istixananın təsərrüfat işlərini, oranın idarə edilməsini, əkilib-becərilməsini aparmış və orada bütün məsuliyyəti üzərinə götürməklə, nəzarəti həyata keçirmişdir. Bununla belə, o, 2020-ci ilin aprel ayında torpaq sahəsini bu razılıq əsasında Qalibdən təhvil alarkən ərazinin 1 hektarı təmizlənmiş olsa da, qalan 1 hektarı təmizlənməmişdir. Belə olan halda, 1 ha ərazidə olan şitilləri 2020-ci ilin yay aylarında Vüqar adlı şəxsə 500 manat müqabilində özü təmizlətdirmişdir. Həmçinin, İddiaçı tərəfindən şitilləri təmizlənmiş digər 1 hektar əraziyə görə isə ödənişi Qalib Mənsimov həyata keçirməli idi. Bundan başqa, 10 iyun 2020-ci il tarixdə iddiaçı həkimə getmək üçün pul lazım olduğunu bildirərək, ondan 100 manat pul istəmiş, o, isə iddiaçının vəziyyətinə laqeyd qala bilmədiyi üçün bu pulu sonuncuya vermişdir. Beləliklə, o, iddiaçıya ümumilikdə 1300 manat pul vermişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, X3 ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Cavabdeh sahəni ondan təhvil alarkən sahələr tam təmizlənmiş əkinə hazır vəziyyətdə frez vasitəsi ilə şumlanmış şəkildə olmuşdur. Lakin, Cavabdeh işlər yekunlaşdıqdan sonra sahəni təmizləmək istəməmiş, min xahiş-minnətlə nəhayət ki, 1 ha ərazini Vüqar adlı şəxsə, digər 1 ha ərazini isə Ramilə təmizlətdirmək haqqında razılığa gəlmişlər. Bundan əlavə, Kamran sahələri frezlətməmiş (150 manat), işıq pulunu ödəməmiş (63 manat), həmçinin artezian quyusunun 1100 manat qiyməti olan nasosu onun gətirdiyi fəhlə tərəfindən nasaz vəziyyətə salınmış (xərci 170 manat), damlama şlanqlarının zay olmasına məhəl qoymayaraq bir daha sahəyə gəlməmişdir. İşdə olan “xxxx” MMC tərəfindən 14 aprel 2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, MMC-nin direktoru X1 rayonu, Qaradağ-Buduq kəndində yerləşməklə, MMC-yə məxsus istixanada təsərrüfat işlərinin aparılması, oranın qorunması işlərini Cavabdeh etibar etmişdir. İşdə olan Xaçmaz rayon Polis Şöbəsi tərəfindən 01 iyun 2021-ci il tarixli, 160-13278- 1221 nömrəli məktubla göndərilmiş sənədlərin surətlərindən görünür ki, araşdırma zamanı İddiaçı istixana ərazində şitillərin çıxarılması üçün ona ödənilməli olan 600 manat pulun Cavabdeh tutulmasını tələb etmişdir. İşdə olan Xaçmaz rayon Polis Şöbəsinin 07 dekabr 2020-ci il tarixli, 160-25989Z- 3120 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan mübahisə mülki xarakterli olduğundan sonuncuya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan qəbzlərdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Xaçmaz rayonu, Qaradağ-Buduq kəndində yerləşməklə, direktoru Qalib Mənsimov olan “xxxx” MMC-yə məxsus istixanada təsərrüfat işlərinin aparılması, eləcə də oranın qorunması Cavabdeh etibar edilmiş, buna qədər sonuncu 2020-ci ilin fevral ayında orada ərazinin mühafizəsi ilə məşğul olan İddiaçıla tanış olmuş, habelə ona ərazinin mühafizəsi üçün 2020-ci ilin aprel, may, iyun və iyul ayları üzrə hər ay 300 manat olmaqla, ümumilikdə 1200 manat pul vermişdir. Hazırda, Cavabdeh təsərrüfat işlərinin aparılması, eləcə də qorunması ona həvalə olunmuş istixanada təmizlik işlərinin görülməsi üçün İddiaçıla aralarında hər hansı bir formada razılaşma olmadığını qeyd etsə də, o, 10 iyun 2020-ci il tarixdə iddiaçıya ərazinin mühafizəsindən kənar 100 manat pul ödəmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasındakı razılığa əsasən İddiaçı Xaçmaz rayonu, Qaradağ-Buduq kəndindəki istixanada mühafizə xidmətindən əlavə ərazinin 1 hektarında təmizlik işlərini görmüş və görülmüş işlərin dəyəri ümumilikdə 600 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh görülmüş işlərə görə sifarişçi kimi podratçı (İddiaçı) razılaşmada nəzərdə tutulan işi icra etdikdən sonra razılaşdırılmış muzdu podratçıya, yəni İddiaçı ödəməyi öhdəsinə götürməklə, özünün etirafına əsasən cəmi bir dəfə iddiaçıya 100 manat versə də, iş təhvil verildikdən sonra görülmüş işin qalıq dəyərini ödəməmiş, o cümlədən bundan yayınmışdır. Bununla da, İddiaçı görülmüş işin dəyərinin qalıq hissəsini, yəni 500 manatını Cavabdeh tələb etmək hüququ yaranmışdır. Belə ki, 14 aprel 2020-ci il tarixdən həmin ilin avqust ayınadək sözügedən istixananın təsərrüfat işlərini, oranın idarə edilməsini, əkilib-becərilməsini Cavabdeh aparmış və sonuncu orada bütün məsuliyyəti üzərinə götürməklə, nəzarəti həyata keçirmişdir. Bu isə işin mübahisəli olmayan hallarındandır. Belə olan halda, yuxarıda qeyd edilən müddət ərzində sözügedən istixanadakı aparılan təsərrüfat işlərinə görə məsuliyyət daşıyan cavabdeh digər 1 ha torpaq sahəsinin təmizlənməsi üçün üçüncü şəxsə vəsait sərf etdiyi kimi qalan 1 ha torpaq sahəsindəki şitillərin təmizlənməsinə görə də iddiaçıya ödəniş etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Yenə bu Məcəllənin 752-ci maddəsinin İ və İİ hissələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir ki, nəticədə o, öhdəliyin lazımi səviyyədə icra edilmədiyi bütün hallar üçün İddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə belə hesab edir ki, Cavabdeh İddiaçı görülmüş işlərin və xidmətlərin qalıq dəyəri olan 500 manat məbləğində pulu ödəmədiyindən, sonuncunun qanunla qorunan hüquqlarını və maraqlarını kobud şəkildə pozmuşdur. Bununla da, qeyd edilməlidir ki, iddiaçı qarşı tərəfdən ödənilməmiş həmin məbləği tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə iddia tələbinin “ərazinin mühafizə olunması üçün əlavə 400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı sözügedən məbləğin ödənilməsini tələb etsə də, bununla bağlı cavabdehlə onun arasında hər hansı bir formada razılaşmanın olmasını təsdiq edən mötəbər sübut və ya sənədi məhkəməyə təqdim edə bilməmişdir. Hətta, müraciəti əsasında Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılarkən o, məhz istixana ərazində şitillərin çıxarılması üçün ona ödənilməli 600 manatlıq vəsaiti mübahisələndirmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında ərazinin mühafizə olunması məqsədilə cavabdeh tərəfindən iddiaçıya əlavə vəsaitin ödənilməsi ilə bağlı sövdələşmə olmamışdır və belə bir razılaşma istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 500 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-212/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-212/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver