Məhkəmə qərarları › İş №2(059)-212/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-212/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-212/2025 13.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Güliyev Kəbir Səyyar oğlunun katibliyi, İddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin tutulması qaydasının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)-337/2023 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş və bu nikahdan doğulmuş 11 avqust 2013-cü il təvəllüdlü Zeynəb və 29 dekabr 2014-cü il təvəllüdlü Arslan onun himayəsində saxlanılmaqla yanaşı, sonuncuların yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 sentyabr 2023-cü il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh işdən çıxdığı üçün şərait dəyişdiyindən hissəvi tutulan alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. İddia tələbi İddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin tutulması qaydasının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 avqust 2013-cü il təvəllüdlü X2 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin, eləcə də, ödənilmiş 60 manat məhkəmə xərcinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 iyul 2012-ci il tarixdə ailə həyatı qurmaqla, Siyəzən rayon Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuşlar. Habelə, cavabdehlə bu nikahlarından 11 avqust 2013-cü il tarixdə Zeynəb, 29 dekabr 2014-cü il tarixdə Arslan adlı övladları doğulmuşdur. Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)-337/2023 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş və bu nikahdan doğulmuş 11 avqust 2013-cü il təvəllüdlü Zeynəb və 29 dekabr 2014-cü il təvəllüdlü Arslan onun himayəsində saxlanılmaqla yanaşı, sonuncuların yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 sentyabr 2023-cü il tarixdən başlayaraq onun xeyrinə hə ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Lakin cavabdeh, öz doğma övladlarına aliment verməmək üçün işdən çıxmış, habelə “aliment vermək istəmirəm get kimə, hara istəyirsən şikayət elə” deyə qeyd etmişdir. Elə bu səbəbdən tam çarəsiz vəziyyətdə qaldığına görə, təkrarən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əsas xahişi odur ki, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)- 337/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş qazancın (gəlirin) 1/3 hissəsi miqdarında tutulması qaydasının dəyişdirilməsi və alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə uyğun, sabit pul məbləğində tutulması barədə qərar qəbul edilsin. Hal-hazırda bahalaşmanın sürətlə artığı bir zamanda, bu şəraitdə övladlarının bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməsi mümkün deyildir. Uşaqlar artıq böyüyür, təbii ki, onların xərcləri də artır. Məhkəmələr isə sabit pul məbləğində aliment müəyyən edərkən minimum yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanılması prinsipini rəhbər tutmalıdır. İndiki halda uşaqların bütün xərclərinin öhdəsindən gəlmək imkanı olmadığına görə, alimentin sabit pul məbləğində tutulması zəruri hesab edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, hazırda 400 manatdan artıq məbləğdə aliment pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalı olsa da, aliment borcu ödənilmir. Bununla belə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, o, hərbi qulluqçu işlədiyi müddət ərzində əmək haqqının 1/3 hissəsi miqdarında yəni, 485 manat məbləğində aliment pulu əmək haqqından tutularaq iddiaçıya ödənilmişdir. Lakin, həm aliment ödəmək istəməməsi, həm də, digər səbəblərdən işdən çıxmışdır. Həmçinin hesab edir ki, onun ödədiyi aliment uşaqların tərbiyə və təhsilinə ödənilmir. Hazırda onun xəstəliyi səbəbindən işləməməsinin, aliment ödəmək iqtidarında olmamasının və aliment ödəmək fikrində olmadığının nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları haqqında” Qanun Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19. 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1 və 8.4-2-cü bəndlərinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birgə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Siyəzən rayon İHB-nın Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən 20 avqust 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 118181 nömrəli, 08 yanvar 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 356503 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X4 11 avqust 2013-cü il tarixdə və X5 isə 29 dekabr 2014-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023cü il tarixli, 2(059)-337/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Siyəzən rayon qeydiyyat şöbəsində 12 iyul 2012-ci il tarixdə 91 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 11 avqust 2013-cü il təvəllüdlü X4 və 29 dekabr 2014-cü il təvəllüdlü X5 anası, İddiaçı himayəsində və yanında saxlanılmış, 11 avqust 2013-cü il təvəllüdlü X2 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 22 sentyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulsun və Məhkəmənin 14 iyul 2023cü il tarixli, 16(059)-8/2023 saylı qərardadı ilə tutulan aliment dayandırılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 3400 nömrəli Hərbi Hissənin 18 iyul 2024-cü il tarixli, 76 nömrəli arayışından görünür ki, Cavabdeh Xüsusi Hava Əməliyyatları Komandanının 17 iyul 2024-cü il tarixli 56 ş/h nömrəli əmrinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə 11 avqust 2013-cü il təvəllüdlü Zeynəbin və 29 dekabr 2014-cü il təvəllüdlü Arslanın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulmuşdur. Lakin, sonradan cavabdeh işdən azad olunmuş, habelə sonuncu iddiaçıya könüllü olaraq aliment ödəməmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarını təkbaşına böyütməkdə çətinlik çəkdiyini bildirərək cavabdehdən sabit pul məbləğində aliment tutulmasını tələb edir, cavabdeh isə iddiaçıya hər hansı məbləğdə aliment ödəməyəciyini bildirir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 11 avqust 2013-cü il təvəllüdlü Zeynəbin və 29 dekabr 2014-cü il təvəllüdlü Arslanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Qanunun tələblərinə əsasən aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin araşdırılan hallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qətnaməsi qəbul edilən zaman Cavabdeh rəsmi iş yerinə malik olmuş, onun aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulması həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmuşdur. Lakin hazırda iş materiallarından görünür ki, Cavabdeh Xüsusi Hava Əməliyyatları Komandanının 17 iyul 2024-cü il tarixli 56 ş/h nömrəli əmrinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrin ehtiyatına buraxmış və işsiz şəxs kimi X1 filialında qeydiyyata alınmışdır. Belə olan halda alimentin olmayan qazancdan hissəvi şəkildə tutulması iddiaçının mənafelərini əhəmiyyətli şəkildə pozmaqdadır. Odur ki, məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə hissəvi şəkildə tutulan alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə sabit pul məbləğində tutulmalı alimentin tutulma qaydası ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında formalaşmış mövqeyinə uyğun olaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən məhkəməyə 22 yanvar 2025-ci il tarixdə müraciət edildiyi nəzərə alınmaqla 11 avqust 2013-cü il təvəllüdlü X2 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)-337/2023 saylı qətnaməsi ilə tutulan alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5875 misli olmaqla, ümumilikdə 1,175 misli həddində (hazırki halda bir uşaq üçün 400 x 0,5875 = 235 manat olmaqla, cəmi 470 manat) sabit pul məbləğində aliment tutulmalıdır.

Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc Cavabdeh alınaraq iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızına ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən məhkəməyə 22 yanvar 2025-ci il tarixdə müraciət edildiyi nəzərə alınmaqla 11 avqust 2013-cü il təvəllüdlü X2 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)-337/2023 saylı qətnaməsi ilə tutulan alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5875 misli olmaqla, ümumilikdə 1,175 misli həddində (hazırki halda bir uşaq üçün 400 x 0,5875 = 235 manat olmaqla, cəmi 470 manat) sabit pul məbləğində aliment tutulmalı, həmçinin 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc Cavabdeh alınaraq iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızına, iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumu isə dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən məhkəməyə 22 yanvar 2025-ci il tarixdə müraciət edildiyi nəzərə alınmaqla 11 avqust 2013-cü il təvəllüdlü X2 və 29 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)-337/2023 saylı qətnaməsi ilə tutulan alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5875 misli olmaqla, ümumilikdə 1,175 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc Cavabdeh alınaraq iddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızına ödənilsin. İddiaçı Kərimova (Nağıyeva) Şəfa Valid qızının ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar