Məhkəmə qərarları › İş №2(059)-219/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-219/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-219/2025 10.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı İB ilə Cavabdeh arasında 17 oktyabr 2014-cü il tarixli, 3998-10-14 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanına təbii qaz verilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh tərəfindən təbi qazdan istifadəyə görə borcu yaranmış, cavabdeh isə borcun təbii qazdan istifadəyə görə deyil, qaz sayğacının yararsız olması səbəbindən yarandığını bildirir. İddia tələbi İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı xeyrinə təbii qazdan istifadəyə görə yaranmış 643,25 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən şəhərinin Sabir küçəsindəki 55 saylı evdə yaşayan Cavabdeh istifadə edilmiş təbii qaza görə 07 yanvar 2025-ci il tarixə 643,25 manat məbləğində ödənilməmiş debitor borcu yaranmışdır. Bu məbləğ ödənilməmiş qalmış, habelə həmin borc sayğacla müəyyən olunan, abonentin evində istehlak edilən təbii qaza görə yaranmış debitor borcudur. Tərəflərindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq abonentin debitor borcu hələ də ödənilməmişdir. Abonentin debitor borcu onun mənzilinə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və bu barədə müvafiq çıxarış ərizəyə əlavə edilmişdir. Cavabdehla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Abonentin istifadə etdiyi təbbi qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir, habelə bu öhdəlik müqavilənin 2.3.1-ci bəndində əks olunmuşdur. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mülki işin iddia icraatına keçirilməsinə dair etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onun ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmiş və bundan sonra ona artıq borclar yazılmağa başlanmışdır. Bununla bağlı İddiaçı İB-nə müraciət etdikdən sonra, 27 mart 2024-cü ildə onun ünvanına yeni sayğac quraşdırılmışdır. Əvvəlki sayğac yoxlanılan zaman qüsurla işlədiyi müəyyən olunmuşdur. Ona görə də ona artıq borclar hesablanmışdır. 27 mart 2024-cü ildən qoyulan sayğac isə normal işləmişdir. Odur ki, hesablanmış borcu əsassız hesab edərək iddianın təmin edilməməsini xahiş etmişdir İddiaçı İB tərəfindən məhkəməyə mülahizə ünvanlanaraq qeyd edilmişdir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda qeyd etdiyi İddiaçınə qarşı arqumentləri əsassızdır və iddianın təmin edilməsinə heç bir maneə törətmir. Belə ki, İddiaçı Cavabdeh qarşı “Debitor borcunun ödənilməsi” tələbinə dair iddiası cavabdehin sırf müqavilə öhdəliklərinin yerinə yetirməməsi ilə yəni, təbii qazdan istifadəyə görə sayğacla müəyyən edilən debitor borcunun ödənişindən yayınması ilə əlaqədardır. Cavabdeh iddiaya etirazında debitor borcunun yaranması səbəbi kimi onun üçün quraşdırılan və qaz xəttində xx.xx.2023-cü iul tarixdən xx.xx.2024-cü il tarixədək istismarda olan ******* saylı sayğacın laboratoriyada yoxlanılarkən xətaların normadan artıq olmasına və sayğacın istismara yararsız olmasına görə qaz sərfiyyatının guya normadan artıq qeyd etməsini göstərir. Birincisi, sayğacın sərfiyyatı qeyd etməsində xətaların normadan artıq olması istehlakçının deyil, qazpaylayıcının zərərinədir. Yəni, sayğacdan keçən qazın hamısını yox, normadan artıq xətalar ilə sərfıyyat qeydə alınır. Buna görə də aktda qeyd olunduğu kimi sayğac ilişəilişə işlədiyinə görə tərəflərindən yenisi ilə əvəz edilmişdir. İkincisi, həmin sayğac 2023-cü ilin 02 noyabr tarixində quraşdırılıb ayın axırına kimi qaz sərfiyyatının cəmi S22 m3 qeyd edilib. 2021-ci ilin anoloji dövrü olan noyabr ayında qaz sərfiyyatı 1080 m3, 2024-cü ilin noyabr ayında qaz sərfiyyatı 1012 m3 qeydə alınıb. Həmin sayğacın xətdə olduğu vaxt 2024-cü ilin yanvar ayında sərfiyyat 916 m3, başqa sayğacın xətdə olduğu vaxtlarda 2023cü ilin yanvar ayında 1135 m3, 2025-ci ilin yanvar ayında 1165 m3 sərfıyyat qeydə alınmışdır. Üçüncüsü, etirazda qeyd olunur ki, iddia ərizəsində tələb olunan debitor borc ******* saylı sayğacın qaz xəttində olduğu dövrdə xx.xx.2023-cü iul tarixdən xx.xx.2024-cü il tarixədək yaranmışdır. Cavabdeh bu arqumenti də əsassızdır. Çünki abonent saldosuna nəzər saldıqda iddia ərizəsində qeyd olunan borcun cavabdehin etirazda qeyd etdiyi müddətdə deyil, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin yanvar ayınadək artaraq yarandığı müəyyən edilir. Belə ki, Cavabdeh 2024-cü ilin oktyabr ayında 172 manat dəyərində təbii qazdan istifadə etmiş, cəmi 50 manat ödəniş etmişdir (fərq -122 manat), noyabr ayında 253 manat dəyərində təbii qazdan istifadə etmiş, cəmi 100 manat ödəniş etmişdir (fərq -153 manat), dekabr ayında 231 manat dəyərində təbii qazdan istifadə etmiş, cəmi 100 manat ödəniş etmişdir (fərq —131 manat, 2025-ci ilin yanvar ayında 145,44 manat dəyərində təbii qazdan istifadə etmiş, cəmi 100 manat məbləğində ödəniş etmişdir (fərq —45,44 manat). Dördüncüsü, abonent saldosuna nəzər yetirsək illər üzrə qaz sərfiyyatının ******* saylı sayğacın qaz xəttində olduğu dövrü əvvəlki illər ilə müqayisə edildikdə, əvvəllər daha çox sərfiyyatın qeydə alındığı müəyyən olunur. Belə ki, abonentin 2021-ci il ərzində 8280 m3 qaz sərfiyyatı qeydə alındığı halda, 2023-cü ildə cəmi 6538 m3 təbii qaz sərfiyyatı qeydə alınmışdır. Bununla da aydın olur ki, Cavabdeh etirazda qeyd etdiyi dəlillər iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdehdən debitor borcunun tələb edilməsi iddiaçının Qanunla və müqavilə şərtləri ilə müəyyən edilən hüququdur. Cavabdehin öz evində istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsindən yayınması məqsədi ilə təqdim etdiyi ETİRAZ Qanuna, sübut və dəlillərə əsaslanmır, cavbdehin öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir. Yuxarıda göstərilənlərə görə hesab edirik, ki, İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsaslı sayılmalı və təmin edilməlidir. Tərəflərin izahatları İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ötən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə yanaşı əlavə olaraq izahatında göstərmişdir ki, sayğacın işləməməsi və ya qüsurla işləməsi istehlakçının yox, İddiaçı İB-nin zərərinədir. Sayğacın çıxarılması ilə bağlı aktda qeyd olunub ki, sayğac qüsurla, yəni ilişə-ilişə işləyir. Bununla bağlı 27 mart 2024-cü il tarixdə həmin sayğac cavabdehin yaşadığı ünvandan çıxarılıb və yeni sayğac quraşdırılmışdır. Köhnə, yəni işləməyən sayğac laboratoriyada yoxlanarkən həqiqətən istismara yararsız olduğu təsdiqlənmişdir. İddiaçı İB tərəfindən təqdim olunan abonentin saldosundan məlum olur ki, həmin debitor borc, cavabdehin qaz istifadəsindən yığılan borcudur və sayğacın texniki nasazlığı ilə heç bir əlaqəsi yoxdur. Əvvəlki illərlə müqayisə edildikdə də qaz sərfiyatında təxminən bir birinə yaxın məbləğlərin hesablandığının şahidi olurlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə onun ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmiş və bundan sonra ona artıq borclar yazılmağa başlanmışdır. Bununla bağlı İddiaçı İB-nə müraciət etdikdən sonra, 27 mart 2024-cü ildə onun ünvanına yeni sayğac quraşdırılmışdır. Əvvəlki sayğac yoxlanılan zaman qüsurla işlədiyi müəyyən olunmuşdur. Ona görə də ona artıq borclar hesablanmışdır. 27 mart 2024-cü ildən qoyulan sayğac isə normal işləmişdir. Əgər iddiaçının nümayəndəsinin dediyi kimi sayğacın qüsurla işləməsi onun xeyrinədirsə ,niyə görə ona artıq borc hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Mənzil Məcəlləsi

135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu

11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 17 oktyabr 2014-cü il tarixli, 3998-10-14 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanına təbii qaz verilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus ünvan 1 ünvanına G4 markalı ******* saylı qaz sayğacı quraşdırılmış, sayğac yoxlanıldıqdan sonra heç bir sızmanın aşkar edilmədiyi, texniki tələblərə cavab verdiyi müəyyən edilərək istehlakçı Cavabdeh istifadəsinə verilmiş və bu barədə 02 noyabr 2023-cü il tariixdə ******* saylı akt tərtib edilmişdir. 27 mart 2024-cü il tarixdə isə cavabdehə məxsus ünvan 1 ünvanında quraşdırılmış G4 markalı ******* saylı qaz sayğacı ünvandan çıxarılaraq yenisi- G4 markalı 13765829 saylı qaz sayğacı ilə əvəz edilərək bu barədə 27 mart 2024-cü il tariixdə ******* saylı akt tərtib edilmişdir. Ünvandan çıxarılmış G4 markalı ******* saylı qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və qaz sayğacının istismara yararsız olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 07 yanvar 2025-ci il tarixdə abonentin saldosu tərtib edilmiş və müəyyən edilmişdir ki, Siyəzən şəhərinin Sabir küçəsindəki 55 saylı fərdi yaşayış evində 2024-cü ilin dekabr ayı üzrə təbii qazdan istifadəyə görə yaranmış borc 643,25 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin təsdiqi ilə bağlı məhkəməyə “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” haqqında müqaviləni və abonentin saldosunu təqdim etmişdir. Həmin saldodan görünür ki, 2024-cü ilin dekabr ayına cavabdehin 643,25 manat debitor borcu yaranmışdır. Cavabdeh isə 2023-cü ilin noyabr ayında quraşdırılan sayğacın istismara yararsız olmasını əsas gətirərək ona borcun əsassız hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəflər öz tələb və etirazlarını əsaslandırmağa borcludur. Hazırda cavabdeh ona borcun əsassız hesablandığını bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə təqdim edilmiş abonentin saldosundan görünür ki, cavabdeh qaz sayğacının istismara yararsız olduğunu iddia etdiyi 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayına qədər olan dövr ərzində ona hesablanan borcdan mütəmadi olaraq ödənişlər etməklə öz borcunu faktiki olaraq etiraf etmişdir. Bundan başqa abonentin saldosundan görünür ki, mübahisəli dövrdə cavabdehə 205,5 manat, 334 manat, 109,92 manat, 243,24 manat, 266,25 manat sərfiyyat hesablanmış, cavabdeh müvafiq olaraq 90,70 manat, 200 manat, 235 manat, 140 manat və 220 manat ödənişlər etmişdir. Məhkəmə qeyd edir ki, hətta cavabdehin etirazını əsaslı hesab etsək belə, abonentin saldosundan müəyyən olunur ki, həmin dövrə 1158,91 manat sərfiyyat hesablanmış, ondan 885,7 manat cavabdeh tərəfindən ödənilərək 273,21 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdehin etirazı əsassızdır, çünki onun iddia etdiyi kimi hesablanmış borc yalnız həmin dövləri deyil, 2025-ci ilin yanvar ayına qədər hesablanmış dövri debitor borcdur. Məhkəmə onu da qeyd edir ki, abonent saldosundan göründüyü kimi, cavabdeh əvvəlki illərin də müvafiq aylarında təxminən eyni həcmdə qaz sərf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, etirazın dəlilləri əsassızdır.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 14 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, “Azəriqaz İB məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 643,25 manat məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh 643,25 manat məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar