Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-222/2022 01.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 2955 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 16 dekabr 2021-ci il tarixdə, saat 08:50 radələrində iddiaçı, atası İddiaçı mülkiyyətində olan “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Siyəzən rayonunun Beşdam kəndi ərazisində hərəkətdə olarkən Cavabdeh özünə məxsus qoyunları hürküdərək asfalt yola çıxarmış, nəticədə qoyunlar avtomobilin üzərinə gəlmişdir. İddiaçı tərəfindən bütün ehtiyat tədbirləri görülsə də, qəflətən qarşısına çıxan qoyunlar sonuncuya məxsus avtomobilə dəymiş və nəqliyyat vasitəsinə külli miqdarda ziyan vurulmuşdur. Hadisə yerinə gələn polis əməkdaşı cavabdehin bu qanunsuz hərəkətlərini sənədləşdirərək, 16 dekabr 2021-ci il tarixli, İXP ******* nömrəli protokol və 17 dekabr 2021-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edərək, cavabdehi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə etmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı atasının avtomobilinə külli miqdarda zərər dəymiş, o cümlədən avtomobilin qabaq kapotu tamamilə, qabaq sağ qanadı, qabaq radiator barmaqlığı, qabaq bamperi tamamilə, qabaq sağ farası, su pompası, AU baçok radiatoru, antifrizi, mühərrikin alt paddonu, kapot üçün kilid, su radiatoru, kondisioner radiatoru, inter kuller radiatoru və nömrə nişanı əzilərək sıradan çıxmışdır. Beləliklə, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə 2955 manat zərər vurulmuşdur ki, həmin zərəri cavabdeh ödəməlidir. Mütəxəssis tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 81 nömrəli rəydə iddiaçı atasının avtomobilinə dəymiş zərərin məbləği 2955 manat göstərilmişdir. Hadisə vaxtı özü orada olmasa da, atası telefonla ona xəbər verdikdən sonra hadisə yerinə getmişdir. Sözügedən avtomobil sığortalı olsa da, qarşı tərəfin xırdabuynuzlu heyvanları sığortalı olmadığı üçün sığorta pulu almamışlar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 16 dekabr 2021-ci il tarixdə, saat 08:50 radələrində ona məxsus olan xırdabuynuzlu heyvanlar sonradan adını öyrəndiyi İddiaçı məxsus “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və nəticədə avtomobil sürətlə həmin heyvanlara dəymişdir. Belə ki, ona məxsus ev yol kənarında yerləşir və həmin vaxt o, heyvanlardan 5-10 metr kənarda olmuşdur. Bundan əlavə, ona məxsus cəmi 12 baş qoyundan 5-i hadisə yerində, 3-cü isə evə apararkən ölmüş, qoyunların 4-ü isə sağ qalmışdır. Eyni zamanda, Siyəzən RPŞ-nin X2 Bölməsinə əməkdaşı İlkin İlyasov hadisə yerinə gələrək, protokol tərtib etdikdən sonra onu həmin Bölməyə göndərmişlər. Lakin, tərtib edilmiş sözügedən inzibati xəta haqqında protokolla və qərarla razı deyil, çünki həmin vaxt qarşı tərəfin idarə etdiyi avtomobilin sürət həddi yüksək olmuş, hadisənin baş verməsinə və avtomaşına ziyan dəyməsinə bunun təsiri nəzərə alınmamışdır. Həmçinin, qeyd edilən hadisə nəticəsində 40 manat cərimə edilsə də, o, bu cəriməni ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İşdə olan mötəbər sübutlardan, o cümlədən 17 dekabr 2021-ci il tarixdə tərtib olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 16 dekabr 2021-ci il tarixdə, saat 08:50-də mal-qaranı Siyəzən rayonunun Beşdam kəndinin ərazisində asfalt yola ötürdüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 9/2701 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “X1” tərəfindən 07 yanvar 2022-ci il tarixdə tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2000-ci il buraxılışlı, “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2855 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan 08 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 16 dekabr 2021-ci il tarixdə, saat 08:50-də İddiaçı Siyəzən rayonunun Beşdam kəndinin ərazisində mülkiyyətindəki “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Cavabdeh özünə məxsus heyvanları asfalt yola ötürmüş, nəticədə bu heyvanlar iddiaçıya məxsus avtomaşına dəyərək, ona zərər vurmuşlar. Qeyd olunan bu hal cavabdehin özü tərəfindən də etiraf olunmaqla, ona aid heyvanların asfalt yola çıxması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bundan əlavə, Cavabdeh əməli inzibati xəta kimi qiymətləndirilməklə, o, 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Sözügedən bu qərar hazırda da qüvvədə olmaqla, ləğv edilməmiş, o cümlədən tərəflər tərəfindən bu və ya digər formada mübahisələndirilməmişdir. Eyni zamanda, ekspert rəyi əsasında yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 2855 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh, məhz onun təqsirli hərəkətləri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E270 CDİ” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 2855 manat zərəri iddiaçıya ödəməkdən imtina etmişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2855 (iki min səkkiz yüz əlli beş) manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunun 97%-i, yəni 48,50 (qırx səkkiz manat 50 qəpik) manatı tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 3 %, yəni 3 (üç) manatı İddiaçı, 97 %, yəni 97 (doxsan yeddi) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2855 (iki min səkkiz yüz əlli beş) manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunun 97%-i, yəni 48,50 (qırx səkkiz manat 50 qəpik) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 3 %, yəni 3 (üç) manatı İddiaçı, 97 %, yəni 97 (doxsan yeddi) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-222/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-222/2022
01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver