Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-227/2023 05.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1378 manat əsas, 122 manat dəbbə pulu olmaqla, cəmi 1500 manat borcun və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı televizor və künc divanına görə 12 ay ərzində hər ay 230 manat, sonuncu ay 228 manat olmaqla, cəmi 2758 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirməklə, avadanlıqları sonuncuya təhvil versə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya cəmi 1500 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh televizoru təhvil verən zaman qrafik üzrə ödəməli olduğu məbləği ödəməyərək, ödənişi 65 gün gecikdirdiyi üçün o, sözügedən televizor təmir olunduqdan sonra onu cavabdehə qaytarmamışdır. Müştərinin şirkətə nisyə alınmış mal üzrə borcu bitənə qədər şirkətin səlahiyyətli nümayəndələri istənilən vaxt müştəridə olan girov əmlaka baxış keçirə bilər. Bundan əlavə, ödəniş gecikdirildiyi halda satıcı istənilən vaxt malı müştəridən geri alaraq, tam ödəniş edilənədək özündə saxlaya bilər. Eyni zamanda, sözügedən televizor cavabdehdən alınaraq 10 gün ərzində təmir edilmiş, lakin cavabdeh öz öhdəliyini yerinə yetirməyərək qrafik üzrə ödənişləri tam şəkildə həyata keçirmədiyinə görə məhsul girov olaraq saxlanılmışdır. Dəfələrlə, cavabdehə xəbərdarlıq edilsə də, ödənişlər aparılmamışdır. Bundan əlavə, 30 iyun 2022-ci il tarixdə cavabdehə borcunu ödəməsi ilə bağlı müraciət edilmiş, lakin sonuncu ödənişi etməkdən yayınmaqla zənglərə cavab verməmişdir. Bununla belə, cavabdehin qrafik üzrə sonuncu ödəniş məbləğini də ödədiyi təqdirdə televizor ona təhvil veriləcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, televizor nasaz olduğu üçün iddiaçıya təhvil verilsə də, sözügedən məhsul sonradan ona qaytarılmadığı üçün o, ödənişləri dayandırmışdır. Onun hazırda iddiaçıya 1378 manat məbləğində borcu qalsa da, televizor ona qaytarılmayacağı təqdirdə o, bu məbləği ödəməyəcəkdir. Belə ki, sözügedən müqavilə üzrə məhsulun geri qaytarılmaması ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, o, hazırda tələb olunan məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Bundan başqa, o, iddiaçının mühasibi ilə əlaqə saxlayarkən ona televizorun təmir olunduqdan sonra qaytarılacağı bildirilsə də, bu əşya ona qaytarılmamışdır. Eyni zamanda, sözügedən televizor qaytarıldıqdan sonra ödənişləri qrafik üzrə həyata keçirəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli, ASD000432 nömrəli nisyə alqı-satqı müqaviləsindən, eləcə də həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, alqı-satqı qiyməti 2758 manat olan “LVC” markalı televizor və künc divanı 12 ay müddətinə, hər ay 230 manat, sonuncu ay 228 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan 10 dekabr 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində olan “LVC” markalı televizor və künc divanı Cavabdeh təhvil vermişdir. İşdə olan İddiaçı tərəfindən 21 fevral 2023-cü il tarixdə tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh 10 dekabr 2021-ci il tarixli müqavilə üzrə 1378 manat əsas, 122 manat dəbbə pulu olmaqla, cəmi 1500 manat borcu vardır. İşdə olan 10 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 23 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 37 (otuz yeddi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh aldığı televizor və künc divanına görə 12 ay ərzində hər ay 230 manat, sonuncu ay 228 manat olmaqla, cəmi 2758 manat ödəməyi öhdəsinə götürmüş, lakin o, nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Bundan əlavə, Cavabdeh İddiaçı aldığı televizorda yaranmış qüsura görə həmin əşyanı təmir edilməsi üçün sonuncuya təhvil verməsi, lakin, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməməsi səbəbindən bu televizorun təmirdən sonra dəyəri tam ödənilənədək ona qaytarılmaması, o cümlədən iddiaçının əvvəl verdiyi əşyanı təkrar verməyi dayandırması işin mübahisələndirilməyən hallarından olmaqla yanaşı, onun bununla, cavabdehin qanunla qorunan hüquq və mənafeyini Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri baxımından pozması halı müəyyən edilməmişdir. Əksinə, edilən xəbərdarlıqlara rəğmən Cavabdeh İddiaçıla bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.5-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1378 manat əsas, 122 manat dəbbə pulu olmaqla, cəmi 1500 manat borc və ödənilmiş 36 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisə obyekti olan televizorun dəyəri iddiaçıya tam şəkildə ödənildikdən sonra bu əşya cavabdehə təhvil verilməsə, sonuncunun, iddiaçıdan bu əşyanı ona verilməsini, əks təqdirdə, ödədiyi pulun qaytarılmasını tələb etmək hüququ istisna edilmir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1378 manat əsas, 122 manat dəbbə pulu olmaqla, cəmi 1500 (bir min beş yüz) manat borc və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-227/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-227/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver