Məhkəmə qərarları › İş №2(059)-23/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-23/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-23/2023 27.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin və xərcin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i : İddiaçı MMC Cavabdeh qarşı "lizinq obyektinə dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802734 ban, 147H0592009 mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin bərpa olunması üçün tələb olunan 2126 manat pulun və ödənilmiş 41,66 manat dövlət rüsumunun iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802734 ban, 147H0592009 mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin bərpa olunması üçün tələb olunan 2126 manat, həmçinin inzibati xətalara görə ödənilmiş 806,80 manat cərimə olmaqla, cəmi 2932,80 manat məbləğində pulun və ödənilmiş 50,13 manat dövlət rüsumunun iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 11 avqust 2021-ci il tarixli “daxili lizinq müqaviləsi”nə əsasən sonuncunun sifarişi əsasında “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802734 ban, 147H0592009 mühərrik nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğinə iddiaçı MMC-nin mülkiyyətinə alınmaqla, sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı MMC sonuncuya qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 18 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin iddiası təmin edilməklə, 11 avqust 2021-ci il tarixdə bağlanmış, MAS 4183 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, habelə həmin avtomobil cavabdehdən alınaraq iddiaçıya qaytarılmışdır. Bundan sonra, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan sözügedən avtomobil istifadəyə yararsız vəziyyətdə 06 iyun 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2126 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh idarəsində olan “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15 sentyabr 2021-ci il tarixdə Siyəzən rayonu ərazisində Zarat postu adlanan yerdə mal-qaranın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, habelə sonuncu MMC-nin nümayəndələrinə yaxınlaşaraq, hadisə barədə məlumat verdikdən sonra həmin avtomaşına dəymiş zərər 5250 manat məbləğində müəyyən edilməklə, tərəflər arasında 30 sentyabr 2021-ci il tarixdə razılaşma imzalanmış, nəticədə razılaşmanın müvafiq bəndinə əsasən avtomobil cavabdeh tərəfindən təmir edildikdən sonra daxili lizinq müqaviləsi üzrə ümumi borcdan 1500 manat məbləğində güzəşt edilməsi qeyd edilmişdir. Bundan sonra, cavabdeh avtomaşını qismən təmir etdirmişdir. Belə ki, avtomaşın təhvil alındıqdan sonra servis mərkəzində ilkin texniki baxış zamanı avtomaşında 2126 manat məbləğində ehtiyat hissələrinin əvəz olunması zərurəti olduğu müəyyən edilməklə, müvafiq qüsur aktı tərtib olunmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsi, habelə həmin avtomobil cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilsə də, sözügedən avtomobil 06 iyun 2022-ci il tarixdə MMC-nin problemli işlərlə bağlı şöbəsinin nümayəndələri tərəfindən müvafiq foto və video görüntüləri qeyd etdirilməklə cavabdehdən təhvil alınmış, eləcə də sonradan tam təmir olunmuşdur. Bundan əlavə, lizinq obyekti olan sözügedən avtomaşın cavabdehin idarəçiliyində olduğu dövrlərdə o, müvafiq borcu ödəməsi ilə əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq etmiş, habelə bununla bağlı məhkəməyə müraciət olunacağını bildirmişdir. Həmçinin, sözügedən avtomobil etibarnamənin müddəti bitməklə idarə edildiyi üçün 14 avqust 2021-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək olan dövrdə yaranmış cərimələr iddiaçı tərəfindən 25 oktyabr 2022-ci il tarixdə ödənilmişdir. “Khazar LX” markalı avtomobil kasko sığorta olunmasa da, icbari və daxili (franşiza) sığorta ilə sığortalanmış, habelə avtomobilin təmiri ilə bağlı heç bir sığorta ödənişi həyata keçirilməmişdir. Bununla yanaşı, avtomobilə dəymiş zərər vurulan mal-qaranın sahibi tərəfindən ödənilməli olsa da, RPŞ-nin əməkdaşları malqaranın sahibini tapmamışlar. Eyni zamanda, daxili lizinq müqaviləsinin risklərlə bağlı olan 5.3-cü bəndininin “ə” kateqoriyasına əsasən lizinq obyekti olan avtomobil lizinq alan deyil, 3-cü şəxsin təqsiri nəticəsində zədələndikdə, həmin lizinq obyekti üçüncü şəxs tərəfindən və ya lizinq alanın öz vəsaiti hesabına dərhal bərpa edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, idarəçiliyində olmuş “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən rayonu ərazisində Zarat postu adlanan yerdə, mal-qaranın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, habelə bu barədə iddiaçı tərəfə məlumat vermişdir. İddiaçının nümayəndəsi Ramil adlı şəxs ona RPŞ-dən müvafiq Forma 4 sənədini alaraq onlara təqdim olunmasını istəmiş və avtomobilə dəymiş 5250 manat məbləğində ziyanı ödəyəcəklərini, yəni avtomobil onlara təhvil verdikdən 1 ay müddətində təmir etdirəcəklərini bildirsələr də, sözügedən avtomobil təmir olunmamış, habelə həmin vaxtdan bir ay keçməmiş ondan avtomobilin aylıq ödənişini tələb etmişlər. Daha sonra, o avtomaşını təmir etdirməklə, yenidən idarə etməyə başlamışdır. Eyni zamanda, iddiaçı MMC ilə arasında olan razılaşmaya əsasən iddiaçı tərəf ona 5 ay ödəniş məbləğinin güzəşt olunacağını qeyd etsə də, heç bir güzəşt olunmamışdır. Bundan sonra, Ramil adlı əməkdaş onunla əlaqə saxlayaraq avtomaşını geri tələb etmiş, habelə o, həmin şəxsə avtomaşının işlək vəziyyətdə olmasını bildirməklə, təhvil alması üçün nümayəndəsini göndərməsini tələb etmişdir. Həmçinin, icra və probasiya şöbəsi tərəfindən 2000 manatdan çox borcunun olmasının bildirilməsi nəticəsində o, baş verən məsələlərdən məlumatlı olsa da, həmin vaxtadək borcdan xəbəri olmamışdır. Beləliklə o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 11 avqust 2021-ci il tarixli, MAS-4183 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən qiyməti 14950 manat dəyərində əmlakı, yəni 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFMF802734, mühərrik nömrəsi 147H0592009 olan ağ rəngli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini illik 24,5% həcmində mükafat ödənilməsi şərti ilə 48 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 avqust 2021-ci il tarixdə verilmiş BB seriyalı, 118900 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802734 ban nömrəli, 147H0592009 mühərrik nömrəli ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 aprel 2022-ci il tarixli, 2(059)-255/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçıMMC ilə Cavabdeh arasında 11 avqust 2021-ci il tarixdə bağlanmış, MAS 4183 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, həmçinin 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi NVABA1HHFMF802734, mühərrik nömrəsi 147H0592009 olan, ağ rəngli minik avtomobilin Cavabdeh alınaraq iddiaçı MMC-yə qaytarılması və 744,10 manat əsas, 1202,07 manat mükafat, eləcə də 137,15 manat dəbbə pulu olmaqla, cəmi 2083,32 manat borcun, eləcə də 41,24 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ YPXA İ taqımının YPXİ İsmayıl Məmmədov tərəfindən tərtib edilmiş 036671 nömrəli arayışın surətindən görünür ki, 15 sentyabr 2021-ci il tarixdə, saat 21:00-da Bakı-Quba yolunun 81-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarəçiliyindəki “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmişdir. İşdə olan İddiaçıMMC ilə Cavabdeh arasında imzalanmış 30 sentyabr 2021-ci il tarixli razılaşmanın surətindən görünür ki, lizinq alan Cavabdeh 15 sentyabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar LX” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5250 manat ziyan vurduğunu etiraf etmiş, razılaşma imzalandığı tarixdən etibarən 60 gün müddətinə lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətə gətirəcəyini bəyan etmiş, razılaşmanın 2-ci bəndində uyğun olaraq öhdəliyi vaxtında və lazımı qaydada icra etdikdən sonra lizinq verən İddiaçıMMC tərəfindən “Daxili lizinq” müqaviləsi üzrə ümumi borcdan 1500 manat güzəşt ediləcəyi qeyd edilmişdir. İşdə olan İddiaçı MMC-nin nümayəndəsi ilə X1 tərəfindən tərtib edilmiş 06 iyun 2022ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən həmin tarixdə təhvil alınmış, habelə aktda hava yastıqlarının açıldığı, qabaq alın şüşənin sındığı, qabaq kapotun və sol qanadın təzə olduğu, ehtiyat təkərin olmadığı qeyd olunmuşdur. İşdə olan 05 iyul 2022-ci il tarixli, 1956 nömrəli pretenziya məktubunun surətindən görünür ki, sözügedən avtomobilə dəymiş ziyan ilə əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan İddiaçı tərəfdən təqdim edilmiş ödənişləri əks etdirən 25 oktyabr 2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olarkən sonuncunun barəsində tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi üçün iddiaçı MMC tərəfindən 809,60 manat xərc çəkilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7525 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 20 iyun 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2068 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 16 yanvar 2023-cü il tarixli, 8/2871 saylı ekspert rəyində yol-nəqliyyat hadisələrinin eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrinin tam həcmdə müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda rəydə, nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsinin nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə biləcəyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7525 saylı və 16 yanvar 2023-cü il tarixli, 8/2871 saylı ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, aparılmış məhkəmə-əmtəə və yol nəqliyyat hadisələri ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 manat təşkil edir. İşdə olan 09 avqust 2022-ci il tarixli və 01 noyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı MMC iddia tələbi üzrə ümumilikdə 50,13 (əlli manat 13 qəpik) manat xərc (cəmi 49,33 manat dövlət rüsumu və 0,80 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Bu Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Yenə bu Məcəllənin 748-1-ci maddəsinin 5-ci və 7-ci hissəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinin 4.4.2-ci yarımbəndinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı MMC-yə məxsus olmaqla Cavabdeh idarəçiliyində olmuş “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdehin müvəqqəti sahibliyində və istifadəsində olduğu müddət ərzində, yəni 06 iyun 2022-ci il tarixə kimi sonuncu tərəfindən istismar edilərkən Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin, habelə Lizinq müqaviləsinin şərtlərini pozulmuş, nəticədə iddiaçıya maddi zərər dəymişdir ki, bununla da iddiaçının maddi zərəri cavabdehdən tələb etmək hüququ yaranmışdır. Eyni zamanda, ekspert rəyinə əsasən iddiaçıya dəymiş maddi zərərin məbləği 2068 manat məbləğində hesablanmışdır. Bu səbəbdən də, iddianın maddi zərərə dair hissəsi qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Bundan əlavə, cavabdeh məhkəmə iclasında idarəçiliyində olmuş avtomobili təmir etdirməklə, idarəçilik üçün saz, o cümlədən işlək vəziyyətə gətirdiyini bildirsə də, sonuncu bu halı təsdiq edəcək mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddianın "inzibati cərimələr üzrə ödənilmiş 806,80 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan Məcəllənin 431-ci maddəsinin İ və İİ hissəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatı, iş materiallarında olan mötəbər sənəd və sübutlara əsasən iddia tələbinin "inzibati cərimələr üzrə ödənilmiş 806,80 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsinə münasibətdə müəyyən etdi ki, cavabdehin istifadə və idarəçiliyində olduğu 11 avqust 2021-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək olan dövrdə “Khazar LX” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə müxtəlif tarixlərdə inzibati xətalar törədilmiş və buna görə də inzibati xəta haqqında elektron protokollar tərtib edilməklə sürücü barəsində inzibati cərimə tənbehi tətbiq edilmiş, inzibati xətalara görə yaranmış ümumilikdə 809,60 manat cərimə ödənişləri iddiaçı tərəfindən ödənilsə də, hazırkı iddia üzrə inzibati xətalara görə ödənilmiş cərimələrə görə tələb edilən məbləğin 806,80 manat həcmində tutulması xahiş edildiyindən, eləcə də qətnamə verilən tələbdən kənara çıxılmamaq şərti ilə çıxarıldığından ödənilmiş qalıq məbləğ nəzərə alına bilməz. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə 806,80 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 2068 manat dəymiş zərər və inzibati cərimələrin ödənilməsi üçün çəkilmiş 806,80 manat xərc olmaqla, cəmi 2874,80 manat pul və 50,13 manat məbləğində məhkəmə xərcinin 98 %-i, yəni 49,13 manatı İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq, yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 100 manatın 2 %-i, yəni 2 manatı İddiaçı MMC-dən, 98 %-i, yəni 98 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2068 manat dəymiş zərər və inzibati cərimələrin ödənilməsi üçün çəkilmiş 806,80 manat xərc olmaqla, cəmi 2874,80 (iki min səkkiz yüz yetmiş dörd manat 80 qəpik) manat pul və 50,13 manat məbləğində məhkəmə xərcinin 98 %-i, yəni 49,13 (qırx doqquz manat 13 qəpik) manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə əmtəəşünaslıq, yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 100 (bir yüz) manatın 2 %-i, yəni 2 (iki) manatı İddiaçı MMC-dən, 98 %-i, yəni 98 (doxsan səkkiz) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar