Məhkəmə qərarları › İş №2(059)-230/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-230/2022

06.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-230/2022 06.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi, bu mümkün olmadıqda, birgə nikah dövründə inşa edilmiş tikilinin qiymətləndirilərək evə sərf olunmuş vəsaitin cavabdehlə arasında bölünməsi" tələbinə dair mülki işə Siyəzən şəhərində, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi, bu mümkün olmadıqda, isə birgə nikah dövründə tikilmiş iddia predmeti olan evin qiymətləndirilməsi və evə sərf olunmuş vəsaitin (evin qiymətinin) cavabdehlə onun arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 04 oktyabr 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmişdir. Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsi üzərində birgə nikah dövründə vəsaitləri hesabına 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evi inşa edilmişdir. Onun və 2 azyaşlı övladının yaşamaları üçün evləri olmadığına görə Siyəzən şəhəri, Xətai küçəsindəki fərdi yaşayış evinə övladları ilə birgə istifadə hüququnun məhkəmə qaydasında tanımasını istəyir. Mübahisə predmeti olan evdə istifadə hüququ əldə etdiyi üçün yetkinlik yaşına çatmayan övladları ilə həmin evə istifadə hüququ tanınmalıdır. Məhkəmə cavabdehlə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan övladlarının da mənafeyini və qanunvericiliklə qorunan hüquqlarını nəzərə almalıdır. Belə ki, “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Göstərilən Qanunun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə iddia tələbinin sözügedən evdə “istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi” tələbinin təmin edilməsini mümkün saymalıdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bununla belə, məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən, o cümlədən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi hissəsində müdafiə etməməklə, izahatında göstərdi ki, Məhkəmə Müstəqil Ekspertizası tərəfindən aparılmış tətqiqat zamanı Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin bazar dəyəri 2500 manat, üzərində inşa edilmiş evin dəyəri isə 17 500 manat müəyyən edilmişdir. Onlar evi 2007-ci ildən inşa etdiməyə başlamış, 2012-ci ilin əvvəllərində inşaatı bitirməklə, yəni istifadəyə yararlı hala gətirdikdən sonra oraya köçmüşlər. 2012-ci ilin qış aylarından etibarən orada yaşasa da, sonradan Cavabdehla mübahisələri yarandığından aralarındakı nikah pozulduqdan sonra həmin ilin iyun ayında evi tərk etmiş, həmin vaxt əşyaların yarısı orada qalsa da, bir müddət sonra həmin əşyalarını götürmüşdür. O, həm hazırda, həm də birgə yaşadıqları dövrdə Siyəzən şəhər 1 saylı tam orta məktəbdə tarix müəllimi işləməklə yanaşı, əlavə olaraq, repetitor kimi də fəaliyyət göstərir. Belə ki, birgə yaşadıqları müddət ərzində bütün əməyini (qazancını) evin tikintisinə sərf etmişdir. Bu halı cavabdehin anası və qardaşı da təsdiqləyə bilər. Onun atası usta (dülgər) işlədiyi üçün həmin evin tikintisinə köməklik göstərmiş, habelə evin döşəmə, tavan, qapı, pəncərə və digər işlərini görmüşdür. Sadəcə evin sənədləri olmadığı üçün 10 il olar cavabdehlə münaqişə yaşayırlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2007-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş, 2012-ci ildə isə rəsmi olaraq boşanmışlar. İddiaçının izahatında dedikləri əsassızdır, çünki sonuncu mübahisə predmeti olan evdə yaşamamışdır. İddiaçı onun ata evində yaşamış, birgə nikah dövründə də qeyd edilən ev tikilsə də, pəncərəsi olmadığına görə orada yaşamamışlar. Belə ki, ev hələ də yarımçıq olmaqla, natamam tikilidir. Siyəzən Rayon Məhkəməsinin qətnaməsinə əsasən torpaq birgə mülkiyyət hesab edilsə də, ev birgə mülkiyyət sayılmır, ona görə də, evin dəyəri ilə bağlı pulu ödəməkdə razı deyildir. Torpaq birgə mülkiyyət hesab olunduğu üçün torpaqdan pay verməyə razıdır və bu hal Siyəzən Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən olunmuş, habelə 1250 manat məbləğində torpağın dəyərini ödəyəcəkdir. İddiaçının ondan əlavə pul istəməsi əsassızdır. Artıq bu məsələ araşdırılmış və müvafiq qətnamə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçının yenidən iddia ilə müraciət etməsinə ehtiyac olmamışdır. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarımasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyul 2018-ci il tarixli, 2(059)-110/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində payının naturada bölgüsünün həyata keçirilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payın tanınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC-nin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasına dair 18 noyabr 2020-ci il tarixli, 455 nömrəli rəyinin surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsinin hazırkı bazar dəyərinin məbləği 2500 manat və bu torpaq sahəsinin üzərində inşa olunmuş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət fərdi yaşayış evinin hazırkı bazar dəyərinin məbləği 17000 manat olmaqla, ümumilikdə 19500 manat təşkil edir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin bərabər paylarla, ümumi paylı mülkiyyətində olan, qiyməti 2500 manat təşkil edən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsindəki ½ hissə payının dəyərinin, yəni 1250 (bir min iki yüz əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 sentyabr 2021-ci il tarixli, 2(059)-24/2021 saylı əlavə qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbi əsassız olduğundan təmin edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarının surətlərindən görünür ki, tərəflər arasında Siyəzən rayon VVADQ şöbəsində bağlanmış 04 oktyabr 2007-ci il tarixli, 201 saylı nikah məhkəmə qaydasında 15 may 2013-ci il tarixdə pozulmuşdur. İşdə olan 21 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olundu ki, Siyəzən Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 11-85 saylı qərarı ilə Siyəzən şəhərində Cavabdeh fərdi yaşayış evi tikmək məqsədi ilə 500 kv.m torpaq sahəsi satılmış, habelə bu qərar əsasında cavabdehə sözügedən torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilmişdir. Bundan əlavə, cavabdehin adına sənədləşdirilmiş sözügedən 0,05 ha torpaq sahəsi sonradan məhkəmə qaydasında bərabər paylara bölünməklə, tərəflərin ümumi paylı mülkiyyətinə çevrilmiş, həmçinin torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı torpaq sahəsindəki ½ hissə payının dəyərinin, yəni 1250 manatın Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan başqa, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin mövcud olmasına baxmayaraq, mübahisəli tikili tərəflərdən hər hansı birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından sonuncuların hazırkı vəziyyətdə tikiliyə dair sərəncam vermək hüquqları mövcud deyildir. Lakin, 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına inşa edilmiş, habelə bunun əksini təsdiq edən hər hansı bir mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən müvafiq ekspert rəyi əsasında mübahisəli tikilinin bazar dəyərinin məbləğinin 17 000 manat təşkil etdiyi aşkar olmaqla, hazırkı işin mübahisəsiz, təkzib olunmaz halına çevrilmişdir. Eyni zamanda, tərəflər arasında ailə münasibətləri kəskinləşdiyindən nikahları Siyəzən Rayon Məhkəməsinin 15 may 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Adı qeyd edilən Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Bu Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Qeyd olunan Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Yenə bu Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Sonuncu maddədən də göründüyü kimi qanunverici yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları müstəsna hallar kimi nəzərə almış, məhz bu hallarda birgə mülkiyyətin bölünməsi zamanı paylarda bərabərsizliyin ola bilmə, habelə onun tətbiq edilmə imkanını məhkəmənin mülahizəsinə buraxmışdır. Lakin, hazırkı tərəflər arasındakı mübahisə üzrə payların qeyri-mütənasib bölünməsinə dəlalət edən hər hansı bir müstəsna hal müəyyən edilməmişdir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi cavabdehin birgə nikah dövründə əldə etdiyi torpaq sahəsi üzərində həmin məqamda məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə tərəflərin ümumi gəlirləri hesabına mübahisəli tikili inşa edilmiş, habelə bu gəlir (qazanc) nikah dövründə qazanılmaqla, evin inşasına sərf edildiyindən tərəflərin ümumi mülkiyyətinə çevrilmişdir. Belə olan təqdirdə, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan, lakin mövcud olan mübahisəli tikilinin dəyəri 17000 manat vəsaitdəki payının bölünməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Siyəzən şəhəri, Xətai küçəsində yerləşməklə, Cavabdeh adına sənədləşdirilmiş 500 kv.metr (0,05 ha) torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət dəyəri 17000 (on yeddi min) manat olan tikiliyə sərf olunmuş vəsaitin 1/2 hissəsi, yəni 8500 (səkkiz min beş yüz) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "fərdi yaşayış evinə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi" aid hissəsi iddiaçı tərəfindən müdafiə edilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Siyəzən şəhəri, Xətai küçəsində yerləşməklə, Cavabdeh adına sənədləşdirilmiş 500 kv.metr (0,05 ha) torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət dəyəri 17000 (on yeddi min) manat olan tikiliyə sərf olunmuş vəsaitin 1/2 hissəsi, yəni 8500 (səkkiz min beş yüz) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov. Günel Tələbim odur ki, əgər yaşamaq hüququm tanınmırsa sərf etdiyim vəsaitin yarısını mənə geri qaytarsın. Ədliyyə ekspertizası tərəfindən həmin torpaq sahəsi 2500 manat, evi isə 17500 manat qiymətində dəyərləndirilmişdir. 2007-ci ildə aldıq başladıq tikməyə. 2012-ci il də artıq istifadəyə yararlı hala gətirilmişdir. Daha sonra aramızda münaqişə yarandığı üçün 2012-ci ilin iyun ayında boşandıqdan sonra çıxıb getmişəm evdən. Evdə bir neçə ay yaşamışam hətta əşyalarımın yarısı da orda idi sonra götürdüm. İlin əvvəllərində ev demək olar ki, hazır idi, və mən orada qış aylarında yaşadım daha sonra isə yay aylarında köçmüşəm. Mən 1 saylı məktəbdə dərs keçirəm, əlavə də repetitor işi ilə də məşğulam. Demək olar ki, qazancımın əsas hissəsini sərf etmişəm bunu cavabdehin anası və qardaşı da təsdiq edər. Atam usta işlədiyi üçün oranın tikintisində köməklik edib. Belə ki, oranın polunu patolokunu qapısını pəncərəsini o vurub. Sadəcə evin sənədləri olmadığı üçün 10 ildir ki münaqişə yaşayırıq. Cavadbeh Etirazını təsdiq edərək, İddiası əsassızdır, çünki iddiaçı o evdə yaşamayıb. Ata evimdə yaşayıb. Siyəzən rayon məhkəməsinin qətnaməsinə əsasən ev birgə mülkiyyət hesab edilmir. Torpaq birgə mülkiyyədi. Bəli birgə nikah dövrümüzdə ev tikilmişdir, lakin orada yaşamamışıq. Tikilib pəncərə falan qoyulmayıb. Pulun bölünməsi ilə razı deyiləm, çünki torpaq birgə mülkiyyət hesab olunduğu üçün torpaqdan pay verməyə razıyam. Xeyr hələki 1250 manatı ödəməmişəm. İddiası əsassızdır. Bəli 2007 ci il də evlənmişik. 2012-ci ilin iyun ayında boşanmışıq. Ev hələdə yarımçıqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar