Məhkəmə qərarları › İş №2(059)-230/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-230/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-230/2025 01.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Güliyev Kəbir Səyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin tutulması qaydasının dəyişdirilməsi, alimentin sabit pul məbləğində tutulması və əlavə xərc” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli, 2(059)-21/2011 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş və bu nikahdan doğulmuş 07 iyul 2008-ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 16 dekabr 2010-cu il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqlarının saxlamasında çətinlik çəkir, həmçinin Məryam adlı qızı ödənişli təhsil alır, ona görə də, sonuncunun təhsil müddəti bitənədək əlavə xərc və hissəvi tutulan alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin tutulması qaydasının dəyişdirilməsi, alimentin sabit pul məbləğində tutulması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2008-ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin, eləcə də, 07 iyul 2008-ci il təvəllüdlü Məryam Əliyevanın ödənişli əyani təhsil müddəti bitənədək əlavə xərc olaraq ödənişli təhsil haqqının ½ hissəsi yəni, 1650 manat məbləğində əlavə xərcin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1987-ci ildə Siyəzən şəhərində doğulmuşdur. Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli, 2(059)- 21/2011 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş və bu nikahdan doğulmuş 07 iyul 2008-ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 16 dekabr 2010cu il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Cavabdeh “Siyəzənneft” NQÇİ-də işləyir, habelə 19 dekabr 2022-ci il tarixdən 28 noyabr 2024-cü il tarixə kimi sonuncunun əmək haqqından aliment pulunun tutulmasına dair bank çıxarışını ərizəsinə əlavə etmiş, habelə bu çıxarışdan 23 aylıq alimentin ortalama məbləğinin 314 manat təşkil etdiyini müəyyən etmək olur. 01 yanvar 2025-ci il tarixdən iki uşağa görə sabit pul məbləği miqdarı 492 manat təşkil etdiyi halda, aldığı 314 manat aliment məbləği ailəsinin dolanışığını heç bir halda qane etmir. Bununla yanaşı, hal-hazırki günün tələblərinə nəzər yetirilsə, bu aliment məbləği ilə bir uşağın saxlanılmasını məqbul hesab etmək olmaz ki, o, bununla razılaşaraq, uşaqlarının maddi tələbatlarını bir təhər ödəmişdir. Bundan başqa, qızı Məryam Bakı Biznes və Kooperasiya Kollecinin “Vergi və Bank işi” ixtisasına ödənişli əsaslar ilə qəbul olunmuş, sonuncu hal-hazırda İİ kurs tələbəsi olmaqla yanaşı, onun təhsil müddəti 3 il 6 ay, təhsil haqqısı isə 1100 manat təşkil edir. Beləliklə, qızının iki illik təhsil haqqını yəni, 2200 manat məbləğində pulu köçürmüş, lakin sonuncunun tələbə kimi kirayə, nəqliyyat, dolanışıq, kommunal xərclərini də qarşılamaq çox böyük çətinliklər törətmişdir. Bununla yanaşı, hal-hazırda Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin 10-cu siniflində təhsil alan Fatimə adlı qızının hazırlıq kurslarının haqqı üçün da pul ödəməli olmuş, habelə məsrəflər yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanların yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Bundan başqa, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Uşaqların yaşı artdıqca atalarına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ailə münasibətlərindən irəli gələn mübahisələri ilə əlaqədar Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, qarşı tərəf mediasiya prosesində iştirak etməsə də, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-01975 saylı arayış almış və e-Manat terminalı vasitəsilə 11 yanavr 2025-ci il tarixdə 60 manat rüsum haqqı ödəmişdir. Buna görə də, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair etiraz edərək, İddiaçı ona qarşı alimentin arıtırılması və əlavə xərclərin tutulması barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında olan nikah sonuncunun ona xəyanət etməsi səbəbindən Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 16 dekabr 2010-cu il tarixdən başlayaraq hazırki vaxta kimi heç bir problem yaratmadan müntəzəm olaraq övladlarının saxlanması üçün əmək haqqısının 1/3 hissəsi miqdarında aliment ödəmişdir. Etiraz ərizəsinə əlavə etdiyi arayışda qeyd olunduğu kimi əmək haqqısı 952 manat təşkil edir, bu məbləğdən 300 manatdan çoxunu aliment, 130 manat yaxın məbləğdə pul dövlət tərəfindən vergi kimi tutulur və o, hər iş günlərimin sayına görə (14,15,16 gün ) və bir də bayram günlərini nəzərə alsaq (ki o da həmişə olmur ) 570-580 manat arası əmək haqqı alır. İddiaçı ondan 492 manat aliment tələb etməsi əsassızdır və buna imkanı yoxdur. Belə ki, iddiaçıya bir il ərzində fərqli məbləğlər ilə cəmi 3851 manat məbləğində aliment pulu ödəmişdir. O, Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən əmək haqqısının 1/3 hissəsini aliment şəklində uzun illərdir ödəyir, odur ki, alimentin artırılması mümkündürsə, alimentin azaldılması da mümkün hesab olunur. Əmək qanunvericiliyinə əsasən əmək haqqından tutulmalar 50% dən çox olmamalıdır. İddiaçının ona hər ay 314 manata aliment ödədiyini qeyd etməsi iddiası absurddur. Belə ki, ötən ilin Xİ ayında ona hətta 407 manat aliment pulu ödəmişdir. Qeyd edir ki, 5 ildir nevroz xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq dərman preparatlarından istifadə edir ki, həmin dərmanların alınması üçün ayda ən azı 80 manat xərci çıxır. Bir neçə ay bundan qabaq Mərkəzi Klinikada yenidən müayinə olunmuş və ona yeni dərman preparatları (Neroprid, Paxil) təyin olunmuşdur. Nevrozla əlaqədar bağırsaq problemləri var, onun üçün də nəzərdə tutulan dərmanlar sənədlərə əlavə etdiyi reseptdə qeyd olunmuşdur. Bundan əlavə olaraq işlədiyi “Siyəzənnfet” NQÇİ Socar-ın struktur bölməsidir və Socar da dörd ildir ki əmək haqqında artım etmir. Yəni, əmək haqqında da heç bir artım olmamışdır. Bununla belə, “Siyəzənnfet” NQÇİ xərcləri azaltmaq məqsədi ilə peşə dərəcələrini aşağı salmış, habelə dərəcəsini dörddən üçə endirmişdir ki, bu da əmək haqqında ən azı 100 manat azalmaya səbəb olmuşdur. Əlavə olaraq qeyd edir ki, himayəsində 76 və 78 yaşlı yaşlı ahıl ana və atası var. X1 6 ay fasilə ilə 76 yaşında iki dəfə bağırsaqlarından ağır cərrahi əməliyyat keçirmiş və hər ay bağırsaqlarının normal fəaliyyəti üçün dərman preparatlarına ehtiyac var ki, o, hər ay anasının dərmanları üçün ən azı 90 manat xərcləyir və qalan vəsaitdə onun xərcləri üçün qalır. X2 14 fevral 2025 ci il tarixində Universal Hospitalda iki ayağının damarlarından stend qoyulmaqla cərrahi əməliyyat olunmuş, bu əməliyyat üçün onun 800 manat, dərman preparatları ilə birgə 1000 manat xərci çıxmış, hazırda da müalicəsi üçün müəyyən vəsait xərcləyir. Onun ana və atasına qayğı göstərməsi qanunvericilikdə övladlıq borcudur və o da, bu borcunu yerinə yetirir. İddiaçı iddia edir ki, o, uşaqları ilə maraqlanmır. Bu iddia əsassızdır. Belə ki, o, uşaqları ilə maraqlansa da, iddiaçı daim uşaqlardan öz mülkiyyəti kimi, həm də alət kimi istifadə edib, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrini kobud şəkildə pozaraq, onun uşaqları ilə görüşməsinə imkan yaratmamış, habelə qardaşı X11 onun uşaqları görüşmək üçün iddiaçının yaşadığı evə getdiyi zaman sonuncunun atası və qardaşı münaqişə yaradaraq, qardaşına xəsarət yetirmişlər. Həmçinin, iddiaçının ona 1650 manat məbləğində ödəniş etməyini tələb etməsi əsassızdır. Onun həmin məbləği ödəməyə heç bir maddi imkanı çatmır, ona qalan əmək haqqı məlumdur. Hesab edir ki, iddiaçının maddi imkanı çatmırsa Məryam Əliyevanı tədrisə göndərməməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, övladlarının saxlanmasında mərhum atası və dayısı ona köməklik göstərsə də, sonuncular vəfat etdikdən sonra, maddi çətinlik çəkmiş, lakin cavabdeh ona heç bir köməklik göstərməmişdir. Belə ki, “Nihad” marketdə ətir satıcısı işləyərək, aldığı 350 manat əmək haqqı ilə uşaqlarının maddi xərclərini qarşılaya bilmədiyi üçün anası yaşa görə aldığı 420 manat məbləğində pensiyasını onun uşaqlarının maddi tələbatlarına xərcləyir. Məryam adlı qızı ödənişli əsaslarla təhsil almaqla bərabər sonuncunun təhsil haqqısı 1100 manat təşkil edir ki, qızının yol, kirayə, imtahan, kommunal kimi digər xərcləri də, vardır. Həmçinin qızı qan xəstəliyindən əziyyət çəkir, sonuncunun müalicəsi və müayinəsi üçün hər ay təxminən 500-600 manat məbləğində pul lazım olur. Cavabdeh işləyir, sonuncunun valideyinləri yaşa görə, ailə üzləri isə şəhid ailəsi kimi pensiya alsalar da, ona əlavə heç bir köməklik göstərmirlər. Bundan başqa, məhkəmə hazırlıq iclasında sonra, rayon Polis Şöbəsindən ona zəng edilərək, cavabdehin şəkilini çəkdiyi üçün sonuncu onun barəsində şikayət etdiyini bildirilmişdir. Qeyd edir ki, 15 ilə yaxın müddətdir cavabdeh ilə eyni məhəllədə yaşasa da, sonuncu ilə üz-üzə gəlməkdən yayınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş iddiaya dair etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsini, alimentin sabit pul məbləğində tutulması ilə bağlı dəyişiklik ediləcəyi təqdirdə 350 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu, iddia tələbini əlavə xərc hissədə qəbul etmədiyini bildirmiş və iddianın qismən təmin edilməsinə etiraz etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları haqqında” Qanun Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 19. 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1 və 8.4-2-cü bəndlərinə əsasən məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birgə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon Qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 133845 nömrəli və 11 yanvar 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 354006 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası X12 olan müvafiq olaraq X7 07 iyul 2008-ci il tarixdə və X8 18 dekabr 2009-cu il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli, 2(059)-21/2011 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X12 arasında Siyəzən rayon qeydiyyat şöbəsində 17 iyun 2007-ci il tarixdə 91 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 07 iyul 2008-ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh 16 dekabr 2010-cu il tarixdən başlayaraq ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X6 xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Azərittifaq” Bakı Biznes və Kooperasiya Kolleci tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, 758 nömrəli arayışdan və Bakı Biznes və Kooperasiya Kolleci ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli fərdi müqavilədən görünür ki, X9 həqiqətən Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub və hazırda əyani şöbə Bank işi ixtisası üzrə İİ kurs 654 saylı qrupda ödənişli təhsil almaqla, təhsil haqqı 1100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli, 2(059)-21/2011 saylı qətnaməsi ilə 07 iyul 2008ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 dekabr 2010-cu il tarixdən başlayaraq iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdeh əmək haqqının 1/3 hissəsi miqdarında aliment borcunu könüllü olaraq ödəmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarını təkbaşına böyütməkdə çətinlik çəkdiyini bildirərək cavabdehdən sabit pul məbləğində aliment və əlavə xərc tutulmasını tələb edir, cavabdeh isə iddiaçıya hər ay 350 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 07 iyul 2008-ci il təvəllüdlü Məryam və 18 dekabr 2009-cu il təvəllüdlü Fatimənin yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Qanunun tələblərinə əsasən aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin araşdırılan hallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli qətnaməsi qəbul edilən zaman Cavabdeh rəsmi iş yerinə malik olmuş, onun aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulması həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmuşdur. Lakin hazırda iş materiallarından görünür ki, cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan aliment yetkinlik yaşına çatmayan uşaqların artan tələbatını ödəməməklə bərabər ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan xeyli aşağıdır. Belə olan halda alimentin hissəvi şəkildə tutulması iddiaçının mənafelərini əhəmiyyətli şəkildə pozmaqdadır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh özü də hissəvi şəkildə tutulan alimentin sabit pul məbləğində tutulmasına etiraz etməmiş, yalnız sabit pul məbləğində aşağı həddə aliment təyin olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli qətnaməsi ilə hissəvi şəkildə tutulan alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə sabit pul məbləğində tutulmalı alimentin tutulma qaydası ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında formalaşmış mövqeyinə uyğun olaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən məhkəməyə 30 yanvar 2025-ci il tarixdə müraciət edildiyi nəzərə alınmaqla 07 iyul 2008-ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli, 2(059)-21/2011 saylı qətnaməsi ilə tutulan alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli olmaqla, ümumilikdə 1 misli həddində (hazırki halda bir uşaq üçün 400 x 0,5 = 200 manat olmaqla, cəmi 400 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin 07 iyul 2008-ci il təvəllüdlü X3 ödənişli əyani təhsil müddəti bitənədək əlavə xərc olaraq ödənişli təhsil haqqının ½ hissəsində 1650 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində təsbit edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə tərəfindən alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmamış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda həmçinin qeyd etmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi həm qanunvericiliyin istinad olunan normaları və həmin normaların bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə valideynlərdən ali təhsil haqqının ödənilməsi ilə bağlı əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsaitin tələb olunması yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı cavabdehdən ödənişli əlavə təhsil haqqına görə əlavə xərc tələb edir ki, bu qanunla yol verilən olmadığı üçün iddia bu hissədə rədd edilməlidir. Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat xərcin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu mənada, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 68 (altımış səkkiz) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən məhkəməyə 30 yanvar 2025-ci il tarixdə müraciət edildiyi nəzərə alınmaqla 07 iyul 2008-ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli, 2(059)-21/2011 saylı qətnaməsi ilə tutulan alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (hazırki halda 400x0,5=200) misli olmaqla, ümumilikdə 1 (400 manat) misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən məhkəməyə 30 yanvar 2025-ci il tarixdə müraciət edildiyi nəzərə alınmaqla 07 iyul 2008-ci il təvəllüdlü X3 və 18 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2011-ci il tarixli, 2(059)-21/2011 saylı qətnaməsi ilə tutulan alimentin tutulma qaydası dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli olmaqla, ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən 60 (altımış) manat mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş xərc iddiaçının özünə aid edilsin. İddiaçı ödəməkdən azad edildiyi 68 (altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar