Məhkəmə qərarları › İş №2(059)-231/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-231/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-231/2022 11.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı Bank arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən 1267,47 manat əsas, 13,29 manat faiz, 570,37 manat cərimə olmaqla, cəmi 1851,13 manat borcun və ödənilmiş 38,52 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 1268,45 manat məbləğində kredit almışdır. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit müqaviləsi üzrə 27 oktyabr 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Qeyd edilən kredit müqaviləsi üzrə cavabdehin iddiaçı banka olan borcu 21 yanvar 2022-ci il tarixə əsas məbləğ üzrə 1267,47 manat, faiz üzrə 13,29 manat, cərimə üzrə 570,37 manat olmaqla, cəmi 1851,13 manat məbləğdə hesablansa da, cavabdeh borcundan qismən, yəni 60 manat ödəniş etdiyindən, bu məbləğin 25,87 manatı onun əsas, 45,11 manatı isə cərimə borcundan çıxılmış, nəticədə cavabdehin banka 1242,58 manat əsas, 15,34 manat faiz, 639,17 manat cərimə, cəmi 1897,09 manat borcu qalmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, səhhətində problemlər yarandığı üçün maddi vəziyyəti pisləşmiş və kredit borcu üzrə ödəmələrdə gecikmələr yaranmışdır. Lakin, sonradan bu borcundan 60 manat ödəniş etmiş, habelə müvafiq qətnamə qəbul edildikdən sonra da borcunu hissəhissə Banka ödəyəcəyini vəd edir. Odur ki, iddia tələbini qismən, yəni iddiaçı bank tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışında göstərilən 1242,58 manat əsas və 15,34 manat faiz borcuna münasibətdə qəbul etməklə, iddianın sözügedən həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, "xxxx" QSC ilə Cavabdeh arasında 25 sentyabr 2019-cu il bağlanmış 011A********** saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 1268,45 manat məbləğində kredit vermişdir. İşdə olan 25 sentyabr 2019-cu il tarixli qəbzdən görünür ki, "xxxx" QSC Cavabdeh 1268,45 manat məbləğində pul vermişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" QSC-yə olan əsas borcu 1242,58 manat, faiz borcu 15,34 manat, cərimə borcu isə 639,17 manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar "xxxx" QSC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan 03 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" QSC məhkəməyə müraciət edərkən 38,52 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən kredit alan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. Məhkəmə, iddiaçının "kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi" tələbini qismən əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 1242,58 manat olan əsas kredit borcu üzrə 570,37 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 570,37 manat məbləğində hesablanmış cərimə məbləğinin 10 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 1268,45 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC həmin məbləğdə pulu Cavabdeh verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, cavabdehin iddiaçıya 1242,58 manat əsas, 15,34 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 1267,92 manat borcu yaranmışdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, tərəflər arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehdən iddiaçı bankın xeyrinə 1242,58 manat əsas, 15,34 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 1267,92 manat borc və ödənilmiş 38,52 manat məbləğində dövlət rüsumunun 68%-i, yəni 26,19 manatı tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1242,58 manat əsas, 15,34 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 1267,92 (bir min iki yüz altmış yeddi manat 92 qəpik) manat borc və ödənilmiş 38,52 manat məbləğində dövlət rüsumunun 68%-i, yəni 26,19 (iyirmi altı manat 19 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar