Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-235/2020 22.06.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 noyabr 2010-cu il təvəllüdlü x6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 17 sentyabr 2012-ci il tarixdən başlayaraq, Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(059)-331/2012 saylı qətnaməsi ilə hər ay tutulan 50 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə 09 avqust 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 30 noyabr 2010-cu il tarixdə Murad adlı oğulları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehlə xasiyyətlərinin uyğun gəlmədiyindən aralarında olan nikah 14 noyabr 2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Buna qədər o, cavabdehlə 2011-ci ilin mart ayından faktiki olaraq ayrılmış və övladı Muradla birlikdə valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Uşağının saxlanması üçün cavabdeh tərəfindən ona maddi yardım göstərilmədiyindən alimentin tutulması üçün 17 sentyabr 2012-ci il tarixdə məhkəməyə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 oktyabr 2012ci il tarixli qətnaməsi ilə 17 sentyabr 2012-ci il tarixdən başlayaraq, oğlu Muradın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə alimentin təyin edilməsindən təxminən 8 il ötür. Bu müddət ərzində cavabdeh aliment məbləğini vaxtlı-vaxtında olmasa da, icra etmişdir. Bundan əlavə, valideynlərinin ona kömək etməsi qeyd olunan müddət ərzində alimentin məbləğinin artırılması üçün müraciət etməməsinə səbəb olmuşdur. Çünki, özü işləməsə də, atası əvvəllər “Azneft” İB-də işləmiş və ona uşağının saxlanmasına maddi dəstək göstərmişdir. Lakin, valideynləri son iki-üç il olar təqaüdə çıxmışlar, bu səbəbdən onlar kömək edə bilmirlər. Bundan başqa, özü əvvəllər olduğu kimi hazırda da işləmir. Oğlu Muradın isə tezliklə 10 yaşı tamam olacaqdır. Cavabdeh tərəfindən uşağın saxlanılması üçün vaxtlı-vaxtında olmasa da, ödənilən 50 manat məbləğində aliment uşağın gündəlik artan maddi ehtiyaclarını ödəmir, həmçinin, artıq uşağın böyüməsi, təhsil alması və layiqli həyat səviyyəsinin təmin edilməsindən ötrü həmin məbləğ olduqca azdır. Beləliklə, ödənilən aliment məbləği uşağın maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyinə görə o, övladının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Məhz bu səbəbdən o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazında göstərmişdir ki, iddiaçı tələbin faktiki əsası kimi ərizədə bildirir ki, “Uşaq Hüquqları” haqqında Qanunun 13cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır". Azərbaycan Respublikasında “yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2020ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Ona görə də Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin məbləği dəyişdirilib, 170 manata yüksəldilməlidir. Başqa sözlə, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 170 manat müəyyən edildiyindən o, bu məbləği iddiaçıya ödəməlidir. İddiaçının tələbinin hüquqi əsası kimi ərizədə göstərdikləri aliment məbləğinin 170 manata qədər yüksəldilməsinə heç bir əsas vermir. Əvvəla onu bildirir ki, alimentin artırılmasının əsasını 2020-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, başqa sözlə uşaqlara görə yaşayış minimumu məbləği, yəni 170 manat təşkil edə bilməz. Bəzi hallarda yanlış olaraq alimentin məbləği müəyyən olunarkən, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün qəbul edilmiş yaşayış minimumunun məbləği əsas götürülür. Lakin, hazırda təcrübədə qəbul olunmuşdur ki, alimentin məbləğini ədalətli və dürüst müəyyən edən Ailə qanunvericiliyinin müvafiq normaları mövcud olduğu halda, belə mübahisələrin həllinə qanunun analogiyasının tətbiq edilməsi əsassızdır. Ona görə ki, alimentin tutulması qaydasını, habelə məbləğinin müəyyən olunmasını tənzimləyən konkret normalar mövcuddur, yəni bu sahədə qanunvericilikdə boşluqlar yoxdur. Habelə, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən hüququ normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Ailə qanunvericiliyinə, eləcə də Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata və ananın borcudur. Bu borc ana ilə ata arasında tən bölünüb, habelə Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı ölkələrarası normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “x12” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata və ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Həmçinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, ata və ana uşaqları maddi cəhətdən saxlamaqda bərabər məsuliyyət daşıyırlar. Bundan əlavə, iddia tələbinin hüquqi əsas kimi Ailə qanunvericiliyinə, yəni Ailə Məcəlləsinin 112-ci maddəsinə istinad edilməsi də əsassızdır. Ona görə ki, onun bu müddət ərzində maddi vəziyyətində yaxşılığa doğru heç bir artım olmamışdır. O, təxminən 2001-ci ildən qanda dəmir çatışmamazlığı xəstəliyindən əziyyət çəkir, bu xəstəliyə görə hərbi xidmətdə olmamış və buna görə də hər bir işdə işləyə bilmir. İşaxtaran kimi məşğulluq mərkəzində qeydiyyatda olsa da, ona müvafiq heç bir iş təklif olunmamışdır. Bundan əlavə o, digər nikahdan olan övladına görə də Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 01 iyul 2016-cı il tarixli qətnaməsi ilə 100 manat məbləğində aliment ödəyir. Hal-hazırda qan xəstəliyindən əziyyət çəkən, hər bir işdə işləyə bilməyən şəxs üçün ayda iki nikahdan olan uşaqlara görə cəmi 150 manat aliment ödəmək özü böyük maddi məhrumiyyətdir. Qanuna görə uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan, valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalət tarazlığına riayət olunmalıdır. Odur ki, göstərilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 dekabr 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 538525 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası x4 olan x11 30 noyabr 2010-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 oktyabr 2012-ci il tarixli, 2(059)-331/2012 saylı qətnaməsinin surətindən görünür ki, 17 sentyabr 2012-ci il tarixdən başlayaraq, 30 noyabr 2010-cu il təvəllüdlü x6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14 noyabr 2012-ci il tarixli, 2(059)-330/2012 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan 13 avqust 2009-cu il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış və 124 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İşdə olan Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 01 iyul 2016-cı il tarixli, 2(031)-962/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı x3 ilə Cavabdeh arasında olan 03 iyun 2013-cü il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış və 83 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 21 iyul 2013-cü il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin Cavabdeh tutularaq Fatmaxanım Məmmədovanın xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və x9 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Siyəzən rayon Məşğulluq Mərkəzi tərəfindən 01 iyun 2020-ci il tarixdə verilmiş **********8 nömrəli arayışından görünür ki, Kərimov x10 rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. x2 "x12" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında 29 noyabr 2019-cu il tarixli Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 30 noyabr 2010-cu il təvəllüdlü x1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, məhkəmə cavabdeh tərəfin alimentin artırılmasına etirazını maddi vəziyyətində artım olmamaqla işsiz olması, həmçinin xəstəliyi ilə əlaqədar hər işdə işləmək iqtidarında olmaması, eyni zamanda müxtəlif nikahlarından olan uşaqlarına görə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə cəmi 150 manat aliment ödəməsinin onun üçün böyük maddi məhrumiyyətlər yaratması ilə əlaqələndirməsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, cavabdehin maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin ikinci nikahından olan övladına aliment ödəməsi onu digər övladına, yəni Murada münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Çünki, alimentin həcminin müəyyən edilməsi zamanı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatının səviyyəsi, habelə uşağın maraqları nəzərə alınmalıdır. Bundan əlavə, cavabdehin sağlamlığı ilə bağlı gətirdiyi dəlillər də kifayət qədər əsaslandırılmamışdır. Belə ki, cavabdehin sağlamlıq vəziyyəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına x8 və Transfuziologiya İnstitutu tərəfindən tərtib edilmiş arayış 16 aprel 2001-ci il tarix üçün olmaqla yanaşı, onun hazırkı sağlamlıq vəziyyətini əks etdirən göstərici deyildir və bunun üçün kifayət etmir. Çünki, verilmiş həmin arayış 16 aprel 2001-ci il tarixi üçün etibarlı ola bilər. Yəni, cavabdehin sağlamlığında 19 il əvvəl problemlər olsa belə, indi o problemlər olmaya da bilər. Həmçinin, cavabdehin sağlamlığında hər hansı problem olsa belə, bu problemin onun həyatında mənfi dəyişikliklərə səbəb olmasını, ümumiyyətlə, cavabdehin işləmək imkanına mane olmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehin özü xəstəliyinə görə işləmək iqtidarında olmadığını qeyd etsə də, 01 iyun 2020-ci il tarixdə Siyəzən rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Bundan başqa, cavabdeh hazırda iddia tələbini qəbul etməsə də, onun özü məhkəmənin hazırlıq iclası zamanı iddia tələbinə münasibətdə onu qismən qəbul etdiyini, habelə Bərdə rayonunda ictimai-iaşə obyektlərindən birində xidmət sahəsində çalışdığını, oğlu Muradın yetkinlik yaşına çatana kimi hər ay iddiaçının xeyrinə 100 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Deməli, cavabdehin etirazında istinad etdiyi dəlillər kifayət qədər əsasa malik olmamaqla, onun özünün valideyn məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarətdir. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Bununla da, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 noyabr 2010-cu il təvəllüdlü x6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(059)-331/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı GültəkinŞükürovanın xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 noyabr 2010-cu il təvəllüdlü x6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 oktyabr 2012-ci il tarixli, 2(059)-331/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-235/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-235/2020
22.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver