Məhkəmə qərarları › İş №2(059)-237/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-237/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-237/2021 30.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X1 iştirakı ilə iddiaçı Siyəzən rayon icra və probasiya şöbəsinin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Siyəzən rayon icra və probasiya şöbəsi Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mobil nəzarət qurğusunun dəyərini təşkil edən 1346,03 manat, eləcə də elektron qolbağın dəyərini təşkil edən 637,91 manat olmaqla, cəmi 1983,94 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün 21 oktyabr 2020-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, Cavabdeh 22 oktyabr 2020-ci il tarixdə şöbəyə dəvət olunaraq, onunla söhbət aparılmış, hüquqları, qanunla və məhkəmənin hökmü ilə üzərinə qoyulmuş vəzifələri izah edilmiş, yol verilə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmış və bu barədə ondan izahat alınmış, 02 dekabr 2020-ci il tarixdə isə müvafiq protokolla ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd xüsusi proqram təminatı ilə mobil nəzarət qurğusu, elektron qolbaq stasionar cihazla birlikdə, bir ədəd usb adapter, və bir ədəd sim kart təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi, eləcə də istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin, məhkum Cavabdeh cəzanın icrası qaydalarını qərəzli şəkildə pozaraq, elektron qolbağın kəmərini bıçaqla kəsməklə, ayağından çıxarmış, sonradan isə elektron qolbağı və mobil nəzarət qurğusunu sındıraraq yararsız vəziyyətə salmışdır. Bununla bağlı Cavabdeh 17 mart 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında ona təhkim olunmuş mobil qurğunu və elektron qolbağı sındırıb yararsız vəziyyətə salaraq sanitar qovşağına atdığını bildirmiş, elə həmin tarixdə də, ona bu məhkəmənin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, cavabdeh qərəzli olaraq mobil nəzarət qurğusunu və elektron qolbağı yararsız vəziyyətə salmış və bununla da, dövlətə maddi ziyan dəymişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığından əlahiddə müşayiət taboru vasitəsilə məhkəmə iclasına gətirilməmiş, həmçinin iddia tələbinə hər hansı bir formada münasibət bildirməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 29 sentyabr 2020-ci il tarixli, 1(059)-40/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1772.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cavabdeh Siyəzən rayon icra və probasiya şöbəsinə yazdığı 22 oktyabr 2020-ci il tarixli izahatın, eləcə də 02 dekabr 2020-ci tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə protokolun surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünün icrası ilə əlaqədar Cavabdeh 1 ədəd elektron nəzarət vasitəsi tətbiq olunmuş, habelə məhkum Cavabdeh ayağına 1 ədəd elektron qolbaq bağlanmış, evində 3 ədəd ev siqnal ötürücüsü quraşdırılmış və məhkuma 1 ədəd mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə, elektron qolbaq stasionar cihazla birlikdə, 1 ədəd usb adapter və 1 ədəd sim kartı təhvil verilmişdir. Bundan əlavə, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 7(059)-3/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh bu məhkəmənin 29 sentyabr 2020-ci il tarixli, 1(059)-40/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 24 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.5-ci maddəsinə əsasən 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Həmçinin, bu qərardan görünür ki, Cavabdeh 28 yanvar 2021-ci il tarixdə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydalarına və şərtlərinə əməl etməyərək, ərazi məhdudiyyətini pozmaqla, Bakı şəhərinə getmiş, burada Şamaxinka deyilən ərazidə isə elektron qolbağı kəsmiş, həmçinin mobil qurğunu sındırmışdır. Bu hallar cavabdehin özü tərəfindən də etiraf edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmçinin, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyi səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh 28 yanvar 2021-ci il tarixdə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydalarına və şərtlərinə əməl etməyərək, ərazi məhdudiyyətini pozmaqla, Bakı şəhərinə getmiş, burada Şamaxinka deyilən ərazidə isə elektron qolbağı kəsmiş, həmçinin mobil qurğunu sındırmış, bununla da, Cavabdeh məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Məhz onun təqsirli hərəkəti nəticəsində dövlətin müstəsna mülkiyyətində olan əşya, o cümlədən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş, bununla da, dövlətə ümumilikdə 1983,94 manat məbləğində zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən iddiaçıya (dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqana) ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçını xeyrinə mobil nəzarət qurğusunun dəyərini təşkil edən 1346,03 manat, eləcə də elektron qolbağın dəyərini təşkil edən 637,91 manat olmaqla, cəmi 1983,94 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı Siyəzən rayon icra və probasiya şöbəsinin azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı Siyəzən rayon icra və probasiya şöbəsinin xeyrinə mobil nəzarət qurğusunun dəyərini təşkil edən 1346,03 manat, eləcə də elektron qolbağın dəyərini təşkil edən 637,91 manat omaqla, cəmi 1983,94 (bir min doqquz yüz səksən üç manat 94 qəpik) manat məbləğində pul tutulsun. İddiaçı Siyəzən rayon icra və probasiya şöbəsinin azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar