Məhkəmə qərarları › İş №2(059)-239/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-239/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-239/2021 27.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Siyəzən şəhərində, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətində olan Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 nömrəli binanın 31-ci mənzilinə cavabdehlər tərəfindən vurulmuş maddi zərər hesablanmaqla, hesablanmış məbləğin sonunculardan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 nömrəli binanın 33-cü mənzilinin mülkiyyətçisi olan Cavabdeh3 da cavabdeh qismində işdə iştirak etməyə cəlb edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətində olan Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 nömrəli binanın 31-ci mənzilinə cavabdehlər tərəfindən vurulmuş 1140 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin sonunculardan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərifindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, hazırda ünvan 2 ünvanında yerləşən 31 nömrəli mənzildə ailəsi ilə birgə yaşayır. Həmin binanın mülkiyyətçisi Cavabdeh3 olan 33 saylı mənzilində yaşayan Cavabdeh1 və arvadı Cavabdeh2 dəfələrlə yaşadığı mənzilə su axıtmaqla, ona maddi zərər vurmuş və ilk vaxtlar bunu təsadüfi hal kimi başa düşmüşdür. Bir neçə dəfə bununla bağlı Siyəzən RPŞ-yə məlumat versə də, cavabdehlər hərəkətlərinə son qoymadıqları üçün mənzilini öz vəsaiti hesabına təmir etdirmişdir. 2021-ci ilin yanvar, fevral və mart aylarında cavabdehlərin hərəkətləri yenidən mütəmadi hal almış və suyun, çirkab sularının axıdılması davam etdirilmişdir. Nəticədə, ona məxsus mənzilin mətbəxinə, uşaq yataq otağına, su və sanitar qovşağa, həmçinin dəhlizə ciddi ziyan vurulmuşdur. Cavabdehlər təkcə evinə su axıtmaqla ona ziyan yetirməmiş, həmçinin qonşuluq qaydalarına da riayət etməmişlər. Belə ki, cavabdehlər evlərində ucadan danışmaqla, nalayiq ifadələr işlədərək, onun və ailə üzvlərinin rahatlığını pozmuşlar. Digər dövlət orqanlarına edilən müraciətləri nəticəsiz qaldığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə əri, İddiaçı izahatına uyğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 18 dekabr 2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 nömrəli evin 3-cü mərtəbəsində olan 77,45 kv.m ümumi, 50,4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 31 nömrəli mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 107 nömrəli vərəqində **********65-05101-093003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 29 dekabr 2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 nömrəli evin 4-cü mərtəbəsində olan 78,3 kv.m ümumi, 50,6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 33 nömrəli mənzil Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində **********65-05101-093004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 08 iyul 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 nömrəli evin 4-cü mərtəbəsində olan 78,3 kv.m ümumi, 50,6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 33 nömrəli mənzili X1 bağışlamışdır. İşdə olan Siyəzən RİH-in mənzil istismar sahəsinin rəisi, mühəndisi və nəzarətçisi tərəfindən təsdiq edilməklə, tərtib edilmiş aktdan aydın olur ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 saylı evin 31-ci mənzilinin hamam, mətbəx və bir otağına üst qonşunun mənzilindən çirkab suları axıdılmışdır. İşdə olan Siyəzən RİH-in mənzil istismar sahəsinin 22 oktyabr 2021-ci il tarixli, 103 nömrəli məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təxminən 4 ildən yuxarı olar Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 saylı evin 33-cü mənzilində kirayədə yaşamışlar. Beləliklə, iddia tələbinə mahiyyəti üzrə baxılması və obyektiv qərar qəbul edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmənin 07 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 06 sentyabr 2021-ci il tarixli, 10/3129 saylı rəyindən görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 saylı evin 31-ci mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 1140,90 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan 16 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 saylı evin 31-ci mənzilinə həmin mənzillə üst mərtəbədəki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kirayədə yaşadıqları 33 saylı mənzildən suyun sızması nəticəsində maddi zərər dəymiş və birinci mənzilin əvvəlki təmirini bərpa etmək üçün iddiaçının 1140 manat məbləğində xərc çəkməsinə ehtiyac yaranmış, o cümlədən həmin əmlaka dəymiş ziyanın məbləği qeyd edilən həcmdə müəyyən edilmişdir. Çünki, ekspert rəyində, 1140,90 manat məbləğində müəyyən edilsə də, iddiaçının tələbi 1140 manatdan ibarət olmuşdur. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kirayədə yaşadıqları mənzil zərər dəyən ərəfədə Cavabdeh3 məxsus olsa da, sonuncu bu mənzildə yaşamamış və zərər onun tərəfindən vurulmamaqla, iddiaçının hüquq və maraqları məhz onun tərəfindən pozulmamışdır. Bu səbəbdən də, iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməsi istisna edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 48 saylı evin 31-ci mənzilinə su axıdılması nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1140 (bir min yüz qırx) manat pul, eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 48 saylı evin 31-ci mənzilinə su axıdılması nəticəsində vurulmuş maddi ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1140 (bir min yüz qırx) manat pul, eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar