Məhkəmə qərarları › İş №2(059)-24/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-24/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-24/2025 02.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan, istifadə etməsi üçün cavabdehə etibar etdiyi 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərin dəyərini təşkil edən 4500 manat pulun və ödənilmiş 71 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, İİ qrup əlil və pensiyaçı olmaqla, hazırda işləmir. Əlilliyi ilə bağlı dövlət tərəfindən 29 yanvar 2021-ci il tarixində ona 2020-ci il buraxılışlı, göy rəngli “Khazar LX” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı minik avtomobili bağışlanmışdır. O, avtomobili idarə edə bilmədiyi üçün onu uzun illər tanıdığı və münasibət saxladığı dostu Cavabdeh etibarnamə ilə idarə etməyə vermiş, sonuncu, avtomobili 2-3 ay idarə etdikdən sonra, 2021-ci ilin təxminən aprel-may aylarında həmin maşınla yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə, avtomaşınına zərər vurulsa da, cavabdeh hadisə barədə ona dəqiq məlumat verməmişdir. Belə ki, cavabdeh əvvəlcə hadisənin Şabran rayonunun girişində, dairəvi yolda baş verdiyini desə də, sonradan Bakı-Quba magistral yolunun Saray DYP postunun 5-6-cı kilometrliyinə çatmamış, aqrotexniki maşınların satışı ilə məşğul olan mağazanın qarşısında baş verdiyini, həmçinin sözügedən avtomobili düzəltdirmək üçün sığorta vasitəsi ilə Bakı şəhərinə apardığını ona demişdir. O, da maşının təmirdə olmasına inanmış, habelə, təxminən 8 ay ərzində əmlakından xəbəri olmamışdır. Bundan sonra, cavabdehin onu aldatmasından şübhələnib, bu barədə yaxın dostu, Siyəzən şəhər sakini X1 demiş, sonuncu, dərhal Cavabdeh soruşanda, cavabdeh maşının Bakı şəhərində servisdə olduğunu bildirmişdir. Bir müddət sonra maşınından xəbər çıxmadığı üçün, özünün səhhəti ilə əlaqədar bu işlə məşğul ola bilmədiyinə görə etibarlı X12dan ona kömək etməsini xahiş etmişdir. X6 Qurbanovdan avtomobillə əlaqədar maraqlanarkən, cavabdeh müxtəlif bəhanələrlə onu da aldatmış, habelə avtomobilini təmir etdirib qaytarmamışdır. Bundan sonra, Heybətulla Məmmədov əzilmiş maşının Siyəzən şəhərində Ehram adlı ustanın sexində, xeyli müddət sökülmüş vəziyyətdə qalmaqla, hazırda çox pis vəziyyətdə olmasını öyrənib, bu barədə ona məlumat vermişdir. X12 maşını düzəltdirməkdə ona kömək etmək qərarına gəlmişdir. Bu məqsədlə, adından maşınla bağlı sərəncam vermək üçün 11 aprel 2023-cü il tarixdə Heybətulla Məmmədova etibarnamə vermiş, sonuncu da öz növbəsində oğlu Kiçikbəy Məmmədova etibarnamə verib avtomobili düzəltdirməyi ona tapşırmışdır. Bundan sonra, Kiçikbəy Məmmədov avtomobilini Siyəzən şəhərindən evakuator vasitəsi ilə sökülmüş vəziyyətdə Xaçmaz şəhərinə aparıb orada düzəltdirmişdir. Maşınını düzəltdirən zaman Kiçikbəy Məmmədov avtomobilin ehtiyat hissələrinə Bakı şəhərində Dərnəgül şossesində “Elit” deyilən yerdə Vüqar adlı satıcıya 2200 manat, dəmirçi işi üçün Xaçmaz şəhərində ustaya 480 manat, Xaçmaz şəhərində “xodovoy” ustası Eminə 350 manat pul vermişdir. Həmçinin, Kiçikbəy Məmmədov avtomobili Siyəzən şəhərindən usta Ehramın sexindən götürərkən maşının qabaq təkərləri və yük yerindəki ehtiyat təkər ümumiyyətlə olmamış, iki ədəd arxa təkərlər isə cırılmış vəziyyətdə olmuşdur. Ona görə də Kiçikbəy Məmmədov maşına 4 ədəd təzə təkər üçün 400, işlənmiş ehtiyat təkər üçün isə 60 manat pul vermişdir. Bundan başqa, avtomobilin qabaq diskləri yol-nəqliyyat hadisəsi zamanı zərbənin təsirindən yararsız hala düşmüş, arxa disklər isə salamat qalmışdır. Ona görə də Kiçikbəy Məmmədov 3 ədəd təzə disk alıb onlara 200 manat pul vermişdir. Eyni zamanda, Cavabdeh avtomobilin üzərindən bir ədəd akkumulyatoru götürdüyünü deyib sonradan qaytarmamışdır. Buna görə də Kiçikbəy Məmmədov 100 manat dəyərində akkumulyator alaraq maşının üzərinə qoymuşdur. Bundan başqa, Kiçikbəy Məmmədov avtomobilini Siyəzən şəhərindən Ehramın sexindən götürərkən, maşının üzərində kondisioner dəsti, motorun katalizatoru, qabaq bufer, altında olan bamper, qabaq faralar, qabaq dumannı faralar, ayaqaltılar, şüşəsilənlər, yan güzgülər, arxa amortizatorlar, motorun remeni, natijitellər olmamışdır. Xaçmaz şəhərində usta maşına baxıb avtomaşının üzərindən həmin hissələrin sökülüb götürüldüyünü demişdir. Belə ki, Kiçikbəy Məmmədov maşını Ehram adlı ustanın sexindən götürərkən, sonuncu, ona Cavabdeh və oğlunun, maşının sahibinin yaşlı olduğunu, ölüb gedəcəyini deyərək avtomobili ehtiyat hissəsi kimi satmaq istədiyini demişdir. Ehramın sexində usta işləyən Camal Heydərov da bunları təsdiqləmişdir. Beləliklə, Heybətulla və sonuncunun oğlu Kiçikbəy Məmmədovlar vasitəsi ilə avtomobilin təmirinə cəmi 4500 manatdan çox pul xərclənmişdir. Təmirdən sonra Heybətulla Məmmədov Cavabdeh yararsız hala saldığı maşına görə 4500 manatdan çox pul xərcləndiyini deyib həmin pulu verməsini istəyərkən cavabdeh pulu verəcəyini vəd etmişdir. Lakin, xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan, istifadə etməsi üçün etibar etdiyi maşını yol-nəqliyyat hadisəsi nəticəsində əzməklə vurduğu zərəri, yəni, avtomaşının təmirinə sərf edilmiş pulu qaytarmamışdır. Beləliklə, cavabdehin ona məxsus avtomobili yol-nəqliyyat hadisəsi zamanı əzdikdən sonra, onun təmirinə çəkdiyi xərci, yəni 4500 manat məbləğində ziyanı ödəmək istəməməsi səbəbindən hüquqları və qanunla qorunan mənafeləri pozulmuş, eyni zamanda, vurulmuş zərəri tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçını uzun illərdir tanıyır, habelə həmişə normal münasibətləri olmuşdur. Belə ki, İddiaçı göy rəngli, “Khazar” LX minik markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edə bilmədiyindən satmaq üçün 29 yanvar 2021-ci il tarixdə ona vermiş, habelə 08 may 2021-ci il tarixdə həmin avtomobilə etibarnamə alaraq sözügedən avtomobili təxminən 5 aya yaxın müddət ərzində idarə etmişdir. Bundan sonra, 19 may 2021-ci il tarixdə, saat təxminən 13:40 radələrində Bakı şəhərindən Siyəzən rayonuna gələrkən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 20-ci kilometrliyində, tanımadığı “Khazar” LX minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomaşın hərəkətdə olarkən İddiaçı məxsus, onun idarə etdiyi sözügedən avtomobili arxadan vurması nəticəsində idarəetməni itirib, yolun sağ tərəfində olan səkiyə dəymişdir. Beləliklə, hadisə nəticəsində “Khazar” LX minik markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsi ciddi zədələnmiş, ardınca hadisə yerinə DYP əməkdaşları gələrək müvafiq sənədləşdirmə işləri aparmışlar. Daha sonra, 26 may 2021-ci il tarixdə Bakı şəhərində yerləşən Nizami metro stansiyasının yaxınlığında "xxxx" ASC-nin filialından 400 manat sığorta pulunu İddiaçıla birlikdə almış, habelə avtomobili idarə edərək Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Çıraqqala” şadlıq sarayının arxa tərəfində Ehram adlı şəxsə məxsus avtomobil təmir sexinə gətirmiş və orada motorçu işləyən X13 avtomobili təhvil vermişdir. Bundan başqa, avtomobilin təmiri üçün zəhmət haqqı olaraq Camal Heydərovla ümumilikdə 900 manata razılaşmışlar. Razılaşmaya əsasən, Camal, avtomobilin ehtiyat hissələrini təhvil verdikdən sonra təxminən 1-2 ay müddətində təmir edib, ona verəcəkdi. Əlavə olaraq təxminən 580 manat dəyərində ehtiyat hissələrini sığortadan aldığı 400 manat pulun üzərinə özü də, 180 manat qoyaraq alıb, təhvil vermişdir. Həmçinin, Camal ona avtomobildən sökülən yararlı ehtiyat hissələrini həyətinə qoymasını, avtomobil yığılan zaman ehtiyac olduqca gətirməsini bildirdiyindən, həmin ehtiyat hissələrini yaşadığı evin həyətyanı sahəsinə aparmışdır. Bundan başqa, avtomobil təmir olunan zaman pandemiya vaxtı olduğundan ustanın yanına gedə bilməsə də, Camala bir neçə dəfə zəng edib, təmir işlərinin necə getməsi ilə maraqlanmışdım. Beləliklə, İddiaçı tanışı X2 ona zəng edərək təhvil verdiyi ehtiyat hissələrinin usta Camal tərəfindən yararsız hala salınmasını, sexdən kənar yerə qoyulmasını bildirmişdir. Halbuki, həmin ehtiyat hissələrini özü Camala təhvil vermiş, bununla da, İddiaçı iddia ərizəsində qeyd etdiyi ehtiyat hissələrinin, təkər və disklərin, həmçinin ustalara verilən pulların ona heç bir aidiyyəti olmamaqla, yanaşı bu pulu verəcəyinə dair kiməsə söz verməmişdir. Ona görə də, iddia ərizəsi əsassızdır, habelə heç bir sübuta əsaslanmır. Bundan başqa, iddiaçı guya özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə ilə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 4500 manata yaxın zərər vurduğu üçün barəsində cinayət işinin başlanması haqqında müraciət etmiş, habelə Siyəzən rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı X14 16 mart 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar vermişdir. Beləliklə, İddiaçı məxsus “Khazar” LX minik markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil 08 may 2021-ci il tarixdən, həmin ilin dekabr ayınadək onun idarəçiliyində olmuşdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, iddiaçını 32 il olar tanıyır, habelə aralarında dostluq münasibətləri vardır. 2020-ci il buraxılışlı, “KHAZAR LX MİNİK” markalı, 90FY848 dövlət qeydiyyat nişanlı minik avtomobili X16 əlili olan iddiaçıya qeyd edilən səbəbdən dövlət tərəfindən verilmişdir. İddiaçı əvvəllər uzun müddət evlərində kirayə qaldığı Cavabdeh etibarnamə əsasında sözügedən avtomobili sürmək üçün vermişdir. Sonradan dostu İddiaçı cavabdehin maşını qaytarmamasını bildirdikdən sonra, maraqlanarkən, avtomobilin usta sexində olmasını müəyyən etmişdir. Bu zaman sözügedən avtomobilin sökülüb dağıdılmasını görmüş və bunu iddiaçıya bildirmişdir. Hətta, özünə məxsus 4500 manat vəsaiti oğlu Kiçikbəy Məmmədova avtomobilin təmir etdirilməsindən ötrü vermişdir. Oğlu Kiçikbəy isə avtomobilin təhlükəsizlik yastıqlarından və kondisionerindən başqa, qalan hissələri təmir etdirmişdir. Həmçinin, avtomobilin təmirbərpa xərcini təşkil edən cəmi 4500 manat pulu o, oğlu Kiçikbəyə vermiş, sonuncu isə ustaya çatdırmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, Cavabdeh təhqiqatçıya da yanlış məlumat verərək avtomobil qəzasının Şabran rayonunun ərazisində olmasını bildirsə də, təhqiqat zamanı hadisənin Sumqayıt şəhərinin Nasosnu qəsəbəsində baş verməsi məlum olmuşdur. O, avtomobil qəzasından sonra iddiaçıya məxsus 2020-ci il buraxılışlı, “KHAZAR LX MİNİK” markalı, 90FY848 dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin vaxt sözügedən avtomobil çox əzik vəziyyətdə olmuşdur. Habelə, avtomobilin qəza zamanı əzilən ön hissəsindən əlavə arxa hissəsi bərbad halda olmuşdur. Belə ki, Cavabdeh başqa şəxslərin yanında iddiaçının yaşlı adam olmasını, sonuncu, öldükdən sonra dövlət tərəfindən verilmiş bu avtomobilin satışının mümkün olmamasını əsas gətirərək, ehtiyat hissələrini satmasını bildirmişdir. Qəza hadisəsindən sonra, Cavabdeh avtomobilin təmirinin pulunu verəcəyi ilə razılaşmışdır. Lakin, cavabdeh vədinə əməl etməmiş, 4500 manatdan çox təşkil edən sözügedən avtomobilin təmiri pulunu ona atası Heybətulla vermiş, o, isə bir dəfə 1000, bir dəfə 1500 manat olmaqla, pulu hissə-hissə ustaya “milli ön” aparatı vasitəsilə göndərmişdir. Bu zaman əsas pul avtomobilin cavabdeh tərəfindən sökülüb satılmış ehtiyat hissələrinin bərpasına sərf olunmuşdur. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərdi ki, tərəflərin hər ikisini Siyəzən şəhər sakinləri kimi tanıyır. Təxminən bu ilin yaz aylarında Cavabdeh 2020-ci il buraxılışlı, “KHAZAR LX MİNİK” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi avtomobil sexinə Siyəzən RPŞ-nin arayışı əsasında gətirərək, sökməsini xahiş etmişdir. Həmin vaxt bu avtomobilin qabaq sağ tərəfi əzilmiş, habelə, plastmas paneli, radiatoru, sağ faraları, ban dayağı bərbad vəziyyətdə olmuşdur. Cavabdeh sözügedən avtomobili sexə təhvil verdikdən sonra, uzun müddət onunla maraqlanmamış, hətta, bu avtomobilin təmiri üçün zəhmət haqqı olaraq, onunla razılaşdırılmış 200 manat pulu da ödəməmişdir. Cavabdeh həmin vaxt avtomobili təmir etdirib satacağını bildirsə də, o, dövlət tərəfindən bağışlanmış bu avtomobilin satışının mümkün olmayacağını bəyan etmişdir. Həmin vaxt hesablamalarına görə, qeyd edilən avtomobilin təmirinə ümumilikdə 4700 manat vəsait tələb olunmuşdur. Belə ki, o, sözügedən avtomobili sökdükdən sonra, onun qabaq sağ farasının, sağ dumanlı işığının, buferin, buferin altındakı plastmasdan olan ekranın, kompressor kondisionerinin, motorun kəmərinin, 2 ədəd rolikin, sağ amortizatorun, disklə birlikdə sağ təkərin, dəmirdən olan mühərrik traversinin, sağ alt çaşkanın yararsız vəziyyətdə olmasını müəyyən etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən 29 yanvar 2021-ci il tarixdə verilmiş AD seriyalı, 996796 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. İşdə olan Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 07 may 2021-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-3370 nömrə ilə qeydə alınmış ƏN-V seriyalı, 615813 saylı etibarnamənin surətindən görünür ki, 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil 6 il 3 ay 4 gün müddətinə idarə edilməsi məqsədilə İddiaçı tərəfindən Cavabdeh etibar edilmişdir. İşdə olan DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İ Tağımının əməkdaşı tərəfindən 19 may 2021-ci il tarixdə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın və 036603 nömrəli arayışın surətlərindən görünür ki, X5 təqsirli hərəkətləri nəticəsində 19 may 2021-ci il tarixdə, saat 13:40 radələrində Bakı-Quba yolunun 20-ci km-də yolnəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi Khazar LX minik markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətməklə, Cavabdeh idarə etdiyi “Khazar LX” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, tərəflər arasında yaranmış münasibətlər mülki xarakterli olduğundan və araşdırma müddətində Cavabdeh əməlində hər hansı cinayət hadisəsinin olmasını müəyyən etmək mümkün olmadığına görə bununla bağlı toplanmış HK-1/245 nömrəli material üzrə cinayət işinin başlanmasını rədd edilmişdir. Eyni zamanda, baş vermiş hadisə ehtiyatsızlıqdan törədildiyindən bu əməlin Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin təsiri altına düşməsi istisna edilmiş, həmçinin İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası “X10” MMC-nin məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 20 may 2025-ci il tarixli, 126 nömrəli rəyinin surətindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində iş materiallarında olan “ZZ” avtomobil sexi tərəfindən 22 noyabr 2022-ci il tarixli ziyan aktında göstərilən 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı minik avtomobilə aid ehtiyat hissələrinin və həmin ehtiyat hissələrinə dair görülmüş işlərin (xidmətlərin) dəyəri 3121 manat olaraq müəyyən edilmişdir. İşdə olan eyni tarixli və eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 300 manat ekspertiza xərci Cavabdeh tərəfindən “X10” MMC-nin hesabına ödənilmişdir. İşdə olan 22 may 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla, habelə şahidlərin ifadələri ilə müəyyən olundu ki, İddiaçı mülkiyyətindəki “Khazar” LX minik markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomaşını 07 may 2021-ci il tarixdə Cavabdeh etibarnaməli idarəçiliyinə vermiş, habelə bu avtomobil sonuncunun idarəsində olarkən 19 may 2021-ci il tarixdə yolnəqliyyat hadisəsi baş vermiş və avtomobil zərərə məruz qalmışdır. Bununla əlaqədar Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunda müvafiq araşdırma aparılmış və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğuna, eləcə də araşdırma müddətində Cavabdeh əməlində hər hansı cinayət hadisəsinin olması müəyyən edilmədiyinə görə 16 mart 2024-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasını rədd edilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı etibarını doğrultmamış, sözügedən avtomobili şəxsi istifadəsinə verildikdən sonra səhlənkarlıq və ehtiyatsızlıq nəticəsində zərərə məruz qoymuş, o cümlədən qəza nəticəsində bu avtomobilin bir neçə əsas konstruktiv elementi ciddi zədələnmiş, avtomobilin ümumi texniki vəziyyəti yararsız hala düşmüşdür. Eyni zamanda, hadisədən sonra həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən avtomobil təmir servisinə yerləşdirilsə də, sonuncu laqeydlik nümayiş etdirərək nə avtomobilin təmirini təşkil etmiş, nə də bu barədə müvafiq bərpa xərclərini qarşılamışdır. Bundan əlavə, Cavabdeh İddiaçı məxsus sözügedən avtomobilin təmiri üçün əməli addımlar atdığını bildirsə də, bunu təsdiq edəcək hər hansı bir mötəbər sənədi və ya sübutu məhkəməyə təqdim etməmişdir. Deməli, Cavabdeh bu avtomobilin vəziyyəti ilə bağlı məsuliyyətdən yayınmış və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, problemi aradan qaldırmaq üçün heç bir tədbir görməmiş, əksinə avtomobilin təmiri ilə bağlı xərc mülkiyyətçinin, İddiaçı hesabına ödənilmişdir. Əlavə olaraq, ekspert rəyi əsasında “Khazar” LX minik markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği (ehtiyat hissələrinin və həmin ehtiyat hissələrinə dair görülmüş işlərin (xidmətlərin) dəyəri 3121 manat həcmində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. X21 Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Sözügedən Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ona etibarnaməli idarəçilik əsasında verilmiş “Khazar” LX minik markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə mülkiyyətçinin, yəni İddiaçı mənafeyi naminə hərəkətlər etmək əvəzinə, sonuncunun mənafelərinə zidd davranışlar etməklə, onun əşya hüququnu pozmaqla, əmlakına zərər vurduğundan, iddiaçının (mülkiyyətçinin) əmlakına dəymiş zərərin əvəzini geri tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi olaraq 3121 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumunun 69%-i, yəni 48,30 manatı tutularaq ödənilməlidir. Həmçinin, maddi zərərin “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ödənilmiş 300 manat ekspertiza xərcinin 31 %-i, yəni 93 (dorxan üç) manatı İddiaçı tutularaq, ona ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi olaraq 3121 (üç min yüz iyirmi bir) manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumunun 69%-i, yəni 48,30 (qırx səkkiz manat 30 qəpik) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş 300 manat ekspertiza xərcinin 31 %-i, yəni 93 (dorxan üç) manatı İddiaçı tutularaq, ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar