Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-240/2022 23.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 5000 manat, gedişgəliş taksi xidmətinə sərf etdiyi 1000 manat olmaqla, ümumilikdə 6000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, oğlu Müşkürəli işsiz olduğundan onu işə düzəltmək istəmiş, habelə 2019-cu ilin sentyabr ayında qaynı Alim ona yaxınlaşaraq, Siyəzən şəhərində Ramil adlı dostunun olduğunu bildirmiş, həmçinin sonuncunun bacısı oğlu Rafiqin Bakı şəhərində FHN-də tanışı olduğunu və işə düzəltməyə adam axtardığını qeyd etmişdir. O, Alimə Ramil ilə danışıb, onları görüşdürməsini xahiş etmiş, Alim isə sonradan Ramillə görüşdüyünü qeyd etməklə, 5000 manat müqabilində həmin işin alına biləcəyini bildirmişdir. Belə ki, həmin pulun 2500 manatını dərhal, qalan 2500 manatını isə müəyyən müddətdən sonra verəcəklərini bildirmişdir. 27 sentyabr 2019-cu il tarixdə, günorta saat 13:00 radələrində o və arvadı Təranə Ramil ilə Şabran şəhərində görüşmüş, sonuncu onlara bacısı oğlu Rafiqin Bakı şəhərində FHN-də yanğınsöndürən olduğunu və öz oğlunu da həmin yerə düzəldəcəyini qeyd etmişdir. Bundan sonra, o, birlikdə notariusa gedib verəcəkləri pulu rəsmiləşdirilməsini istəmiş, habelə Şabran şəhər Notariat ofisinə gedərək, orada kredit müqaviləsi bağlayıb, 2500 manat pulu notarial qaydada Ramilə vermiş, lakin o, həmin pulu işə düzəltmək üçün deyil, borc olaraq verildiyini qeyd etdirmiş, habelə Ramil pulu alaraq getmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında Alim onlara zəng edərək, Ramilin qalan 2500 manatı da istədiyini bildirmiş, o, isə həmin məbləği düzəldərək heç bir sənədləşmə aparmadan 2019-cu ilin oktyabr ayının ortalarında, saat 12:00 radələrində Siyəzən şəhəri, “Balıq bazarı” adlanan yerdə görüşərək, ona vermişdir. Ramil onu işin həll olunmasına az müddətin qaldığına, 10 gün ərzində ünvanlarına məktub gələcəyinə və oğlunun işə başlayacağına inandırmışdır. Həmin vaxtdan başlayaraq o, nə Ramili görmüş, nə də əlaqə saxlaya bilmişdir. 2020-ci ilin yanvar ayında Ramilin bacısı oğlu Rafiq onunla əlaqə saxlayaraq dayısı Ramilin həbsdə olduğunu, tezliklə buraxılacağını və sonra bu işi həll edəcəyini bildirmişdir. Təxminən bir il ərzində o, Rafiqlə müntəzəm əlaqə saxlamış, dayısının nə vaxt həbsdən çıxacağını soruşduqda, o, hər dəfəsində dayısının tezliklə azad olunacağını qeyd etmişdir. Sonradan Rafiq də onu qara siyahıya atmış, bir daha telefon zənglərinə cavab verməmişdir. Ramilin bacısı oğlu Cavabdeh2 hal-hazırda FHN-nin Nəsimi rayonu YMX-də kolon rəisinin köməkçisi vəzifəsində işləyir. O, dayısının ona bu işə qarışmamasını, özü həbsdən çıxdıqdan sonra bu işi qaydaya salacağını bildirmişdir. 1 il 5 ay ərzində o, dəfələrlə Qusarın ucqar dağ kəndi olan Cağar kəndindən Siyəzən, Şabran və Bakı şəhərinə dəfələrlə taksi tutub gedib-gəlmişdir. Gediş-gəliş xərclərinə ən azı 1000 manata yaxın pul xərcləmişdir. Ramilin əməlində birbaşa dələduzluq əməli olduğu üçün Siyəzən RPŞ-yə müraciət etmiş, 27 iyul 2021-ci il tarixdə isə ərizəsi üzrə toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, habelə Azərbaycan Respublikası MPM-in 25 və 35-ci maddələrinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 2019-cu ilin oktyabr ayının ortalarında qaynı Alim ona zəng edərək, Cavabdeh1 qalan 2500 manat pulu istədiyini bildirmişdir. Həmin pulun 2000 manatını Siyəzən şəhərində “Balıq bazarı” adlanan yerin yaxınlığındakı yeməkxanada Ramilə vermiş, həmin vaxt hazırda Rusiya Federasiyasında yaşayan qaynı Alim də onların yanında olmuşdur. Qalan 500 manat pulu isə həmin günün səhərisi Ramilə çatdırmaq üçün qaynı Alimə vermiş, sonra Ramilə zəng edərək, pulun ona çatdırılıb-çatdırılmamasını soruşmuş, sonuncu pulun artıq onda olmasını bildirmişdir. Bundan əlavə, o, Cavabdeh2 hər hansı bir məbləğdə pul verməmiş, lakin, Cavabdeh1 pul verildikdən sonra Cavabdeh2 ilə telefon əlaqəsi saxlamışdır. Həmçinin, o, məhkəməyə müraciət edərkən ödədiyi 80 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh1 sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən əlahiddə müşayiət taboru vasitəsilə məhkəmə iclasına gətirilməmiş, həmçinin iddia tələbinə hər hansı bir formada münasibət bildirməmişdir. Eyni zamanda, digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, da məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Şabran rayon notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 27 sentyabr 2019-cu il tarixdə, reyestrdə 3M-148 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən, eləcə də qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 27 dekabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə 2500 manat məbləğində faizsiz borc pul verilmişdir. İşdə olan 27 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciətindəki göstərdiyi xüsusatlarda tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edilməklə, Cavabdeh1 əməlində hər hansı cinayət tərkibinin olmadığı aydınlaşdırılmış, məhz bu səbəbdən də toplanmış material üzrə cinayət işinin başlaması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, araşdırma zamanı Cavabdeh1 izahatında 4500 manat məbləğində pulu İddiaçı borc məqsədilə almasını etiraf etməklə, həbsdən çıxdıqdan sonra bu məbləğin hissə-hissə qaytarılmasına söz vermişdir. İşdə olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 80 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 27 sentyabr 2019-cu il tarixdə İddiaçı tərəfindən Şabran rayon notariat kontorunda Cavabdeh1 27 dekabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə 2500 manat məbləğində faizsiz, 2019-cu ilin oktyabr ayının ortalarında isə Siyəzən şəhərində “Balıq bazarı” adlanan yerin yaxınlığındakı yeməkxanada 2000 manat borc pul verilmiş, lakin, tərəflər arasında sonradan münasibətlər pozulduğundan iddiaçı verdiyi vəsaiti tələb etməyə başlasa da, bunun nəticəsi olmamışdır. Bu səbəbdən də, iddiaçı, Cavabdeh1 ondan aldığı pulun qaytarılması üçün Siyəzən RPŞ-yə müraciət etmiş, orada müraciəti müsbət həll edilməsə də, aparılmış araşdırma nəticəsində Cavabdeh1 İddiaçı olan 4500 manat borcunu etiraf etmiş və həmin vəsaiti həbsdən çıxdıqdan sonra hissə-hissə qaytarmağa söz vermişdir. Bundan əlavə, İddiaçı 2019-cu ilin oktyabr ayının ortalarında 2000 manatı Cavabdeh1 verdikdən bir gün sonra sonuncuya çatdırması üçün qaynı Alimə əlavə 500 manat pul verdiyini, Ramillə danışarkən sonuncunun həmin məbləği də aldığını qeyd etməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı bunu təsdiq edən sübutları təqdim edə bilməmiş və nəticədə bu hal öz təsdiqini tapmamışdır. Belə olan halda, hazırda Cavabdeh1 İddiaçı 4500 manat məbləğində borcu vardır və onun öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Adı qeyd edilən Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739-cu maddəsinin 2-ci hissəsinin 1-ci cümləsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı 4500 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Habelə, sübutların tədqiqatı zamanı məhkəmə iclasında Cavabdeh2 cavab verməli şəxs olmadığı aydınlaşmışdır. Belə ki, İddiaçı, Cavabdeh2 oğlunun işə düzəldilməsi üçün çəkmiş olduğu xərcin əvəzinin ödənilməsini tələb edir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki, İddiaçı izahatında Cavabdeh2 hər hansı bir məbləğdə pul vermədiyini qeyd etmişdir ki, bu da işin mübahisələndirilməyən halıdır. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi borcun mövcudluğu, həmçinin qəbul edilməsi yalnız Cavabdeh1 tərəfindən etiraf edilmişdir. Göründüyü kimi hazırda Cavabdeh2 tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildi. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 İddiaçı xeyrinə 4500 (dörd min beş yüz) manat pul və ödənilmiş 80 manat dövlət rüsumunun 75 %-i, yəni 60 (altmış) manatı tutulmalıdır. Həmçinin, iddianın “gediş-gəliş taksi xidmətinə sərf etdiyi 1000 manat vəsaitin iddiaçının xeyrinə tutulması”na dair hissəsinə münasibətdə qeyd edilir ki, tələbin bu hissəsi hər hansı bir mötəbər sənəd və ya sübutlarla təsdiq edilmədiyindən təmin edilməsi istisna edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, mötəbər sənəd və ya sübuta malik olduğu təqdirdə, Cavabdeh1 tərəfindən etiraf edilməyən, lakin ona çatdırılması üçün qaynı Alimə verdiyi 500 manat vəsaitin sonuncudan tələb etmək hüququnun olması İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 4500 (dörd min beş yüz) manat pul və ödənilmiş 80 manat dövlət rüsumunun 75 %-i, yəni 60 (altmış) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-240/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-240/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver