Məhkəmə qərarları › İş №2(059)-243/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-243/2023

08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-243/2023 08.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli, 2(059)-300/2014 saylı qətnaməsi ilə hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli, 2(059)-300/2014 saylı qətnaməsi ilə 06 iyun 2002-ci il təvəllüdlü X1 və 30 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi qət edilmişdir. 06 iyun 2002-ci il təvəllüdlü qızı Turanə Xəlilovanın 18 yaşı olduğu üçün digər övladına görə hər ay 100 manat məbləğində aliment alır. Bu məbləğ hazırda övladının maddi tələbatını ödəmir, habelə oğlu Heybət Xəlilovun mütərəqqi təhsil alması və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün çox azdır. Bundan əlavə, hazırda uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, uşağı böyüdüyünə görə maddi ehtiyacları və saxlanılma xərcləri də artdığından müəyyən edilmiş məbləğ ilə uşağın saxlamasına gücü çatmır. Həmçinin, o, mediasiya qurumunda iştirak edərək, mediasiya xərcini də ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehin hazırda aliment borcu yoxdur, habelə alimenti hər ay ödəyir. O, hazırda heç yerdə işləmir, habelə uşaqlarının maddi təminatını anasının pensiyası ilə qarşılayır. Bundan əlavə, gəliri yoxdur. X2 müraciət etsə də, hazırda heç bir məlumat verilməmişdir. Eyni zamanda, anası Nabat Abbasova onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün aldığı 326 manat pensiya məbləği sonuncunun müalicəsinə, habelə dərman preparatlarına xərclənir. Bununla belə, əvvəllər həm müxtəlif sahələrdə işlədiyindən, həm də anasının yardımı olduğu üçün 2014cü ildə Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş aliment məbləği dolanışıqlarına kifayət etdiyindən alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Böyük övladı subaydır və heç yerdə işləmir. Həmçinin, oğlu Heybət savadlı olduğundan təhsili üçün ümumilikdə 150 manata yaxın məbləğdə məşğələlərə vəsait xərcləyir. Əvvəllər aliment məbləği ilə bu xərcləri qarşılasa da, hazırda ödəyə bilmir. Bundan başqa, cavabdeh iddia tələbi üzrə qeyd olunan 220 manat məbləğində alimenti ödəmək iqtidarında deyilsə, o, sonuncudan hər ay 180 manat məbləğində alimenti ödəməsini tələb edir. Odur ki, iddianın qismən, yəni bu həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, hazırda Quba şəhərində alma bağlarında fəhlə kimi alaq təmizləyən işləməklə gündəlik 13 manat əmək haqqı alır. Əvvəllər işləyib 200 manat məbləğində alimenti ödəyə bilsə də, hazırda fiziki cəhətdən ağrıları olduğundan işləyə bilmədiyi üçün hazırkı iddia tələbi üzrə alimenti ödəmək iqtidarında deyildir. Ağır işlərdə işləyə bilmədiyinə görə bağlarda ağacların diblərinin otlarını, alaqlarını təmizləməklə gündəlik məvacib alır. Bundan əlavə, yağışlı havalarda iş olmadığı üçün həmin günlərdə vəsait almır. Eyni zamanda, o, oğlu Heybətə görə hər ay 180 manat sabit pul məbləğində alimenti iddiaçının xeyrinə ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən, yəni bu həcmdə təmin edilməməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 09 avqust 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 931060 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh anası Xəlilova (Sədrəddinova) Bibi Adil qızı olan X4 30 iyul 2007-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli, 2(059)-300/2014 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 01 fevral 2010-cu il tarixli, 2(059)-37/2010 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılaraq, Cavabdeh 06 iyun 2002-ci il təvəllüdlü X1 və 30 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 01 may 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan 02 mart 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 06 avqust 2001-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 06 iyun 2002-ci il tarixdə Turanə, 30 iyul 2007-ci il tarixdə isə Heybət adlı övladları doğulmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 iyun 2014-cü il tarixli qətnaməsi ilə 06 iyun 2002ci il təvəllüdlü Turanənin və 30 iyul 2007-ci il təvəllüdlü Heybətin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 01 may 2014-cü il tarixdən başlayaraq hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, tərəflərin birgə nikahından doğulmuş 06 iyun 2002-ci il təvəllüdlü Turanə yetkinlik yaşına çatsa da, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 30 iyul 2007-ci il təvəllüdlü Heybətin artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 30 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqğın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq gəliri, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti, həmçinin tərəflərin qarşılıqlı razılığı nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli, 2(059)-300/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, alimentin “qalıq məbləğə” dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən tam müdafiə edilmədiyindən, eləcə də sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 46,40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 manat məsrəf iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 iyul 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli, 2(059)-300/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 46,40 (qırx altı manat 40 qəpik) manat dövlət rüsumunun 82%-i, yəni 38,05 (otuz səkkiz manat 05 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar