Məhkəmə qərarları › İş №2(059)-25/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-25/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-25/2023 05.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7000 manat pulun və 90 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh onun doğma qardaşı olmaqla, sürücülük vəsiqəsi olmadığı üçün 7000 manata aldığı “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını sonuncunun adına qeydiyyatdan keçirmişdir. Bir müddət keçdikdən sonra Siyəzən RPŞ DYPB-nin YPXnin əməkdaşları yoxlama zamanı avtomaşını saxlayıb, ona nəqliyyat vasitəsinin üzərində həbsin olduğunu bildirdikdə, o, araşdırma əsasında cavabdeh qardaşının alimentə görə 4000 manat borcu olduğu üçün avtomobilinin üzərinə icra məmuru tərəfindən məhdudiyyət qoyulduğunu öyrənmişdir. Bununla əlaqədar o, avtomaşınını həbsdən çıxarmaq məqsədilə cavabdeh qardaşına 4000 manat aliment borcunu ödəməsini təklif etdikdə, sonuncu ona pulunun olmadığını bildirib, avtomobili əbəs yerə onun adına keçirdiyini vurğulamış, aralarında mübahisə olmuşdur. Eyni zamaqda, cavabdeh Siyəzən RPŞ-də verdiyi izahatında, Siyəzən rayonunun ərazisində “Azercell” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, onların qardaş olduqlarını, bir-birilə düşmənçilik və ədavətlərinin olmadığını, təxminən 7 il əvvəl dostu Elçinin “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını satdığı üçün sonuncudan həmin avtomobili qardaşları Azada aldığını, avtomaşının baş etibarnamə ilə Azadın adına sənədləşdirildiyini, təxminən 5 il bundan öncə isə Azadın aylıq ödəniş vasitəsilə sözügedən avtomaşını digər qardaşı Ağakərimə satdığını, lakin avtomaşına dair etibarnamənin müddəti bitdiyinə, eləcə də Elçinin ona zəng edərək, ölkədən çıxacağını, avtomaşının adından çıxarılmasını istədiyini bildirdiyinə görə Ağakərimə avtomaşını adına keçirməsini təklif etdiyini, sonuncunun isə sosial yardım almaq üçün avtomaşını adına sənədləşdirməkdən imtina etdiyini, o, isə belə olan halda Ağakərimin xahişi ilə qardaşının maddi durumu ilə bağlı sözügedən avtomaşını Sumqayıt şəhərində yerləşən dövlət yol polisində öz adına Ağakərimin qaynı Fuad Qurbanovun iştirakı ilə sənədləşdirdiyini, bundan sonra da dəfələrlə Ağakərimə avtomaşını adından çıxarmasını təklif etdiyini, hətta Siyəzən RPŞ DYPB-nin indiki rəisi Dilşən Məmmədovun da bu barədə bildirdiyini, lakin, Ağakərimin yalan vədlər verərək, avtomaşını adına sənədləşdirmədiyini, bu səbəbdən də avtomobilin adına qaldığını bildirmişdir. Həmçinin, cavabdeh izahatında ona 7000 manat borcunun olduğunu da qeyd etmişdir. Beləliklə, o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, onun 2018-ci ilin yay aylarında aldığı “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın mütəmadi olaraq idarə etmə hüququ olmadan idarəçiliyində olsa da, əksər hallarda avtomaşın onun qarajında saxlanılmış, həmçinin qardaşı, Cavabdeh güvənərək, həmin avtomaşını sonuncunun istəyi ilə dəfələrlə cavabdehin idarəçiliyinə vermişdir. Bununla yanaşı o, Bakı şəhəri ərazisində avtomaşın idarə edə bilmədiyi, eyni zamanda həmin ərəfələrdə oğlu hərbi xidmətdə olduğu üçün onu müxtəlif yerlərə aparması, habelə ayın 26 günü işdə olması səbəbi ilə ailəsinin lazımi ev işlərini həll etməsindən ötəri cavabdehə qardaş kimi güvənərək, sözügedən avtomaşını onun adına rəsmiləşdirmişdir. Bundan əlavə o, həmin avtomaşını digər qardaşı Şahid2la 7000 manata razılaşaraq satın almış, həmçinin bu məbləği sonuncuya ödəmişdir. Cavabdeh aliment borcu olduğuna görə sonuncunun adına qeydiyyata alınmış “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulduğundan 29 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində həmin avtomaşınla hərəkətdə olarkən Siyəzən RPŞ DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılmış, hətta avtomaşın bir ildən artıq müddətdir ki orada saxlanılmaqdadır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sözügedən “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun adına qeydiyyata alındığından, həmçinin ona hər hansı bir formada iddiaçı tərəfindən pul ödənilmədiyindən avtomaşın və ya avtomaşının dəyəri ondan geri tələb oluna bilməz. Belə ki, həmin avtomaşını 2016-cı ildə dostu Elçindən təxmini 7000-8000 manat qarşılığında qardaşı Şahid2 vəsaiti hesabına sonuncuya almışdır. Daha sonra, dostu Elçin ona ölkə xaricinə gedəcəyini bildirərək, avtomobili adından çıxarmasını təklif etmiş, habelə bu ərəfələrdə qardaşları Ağakərim və Şahid2 avtomaşının alqı-satqısı barədə razılığa gəldikləri üçün sonuncu iddiaçının borcu bitənədək avtomaşını onun adına qeydiyyata alınmasını istəmişdir. Buna baxmayaraq, onun iddiaçı Ağakərim İsgəndərov ilə Şahid2 arasında olan borc ilə bağlı hər hansı məlumatı yoxdur. Bundan əlavə, iddiaçı Ağakərim İsgəndərov digər qardaşı Şahid2 külli miqdarda zərər vurduğu üçün sonuncu avtomaşını iddiaçının adına keçirməsinə icazə verməmişdir. Eyni zamanda, o, iddiaçı və azyaşlı oğlu sözügedən avtomaşını heç bir hüquqi əsası olmadan idarə etdiyi üçün daşıdığı məsuliyyətdən azad olmaqdan ötrü Ağakərim İsgəndərova dəfələrlə iradını bildirsə də, bunun nəticəsi olmadığından Siyəzən rayon Polis Şöbəsi DYPB-nin YPXB-nin inspektoru Dilşən Məmmədovdan qeyd olunan “Mercedes Benz 200” markalı avtomaşını saxlamasını, habelə onun adından qeydiyyatdan çıxarmasını Ağakərim İsgəndərovdan tələb etməsini xahiş etmişdir. Nəticədə, Dilşən Məmmədov həmin avtomaşını saxlayaraq, iddiaçıya bu barədə göstəriş verdikdən sonra sonuncu sözügedən avtomaşını bir həftə ərzində öz adına rəsmiləşdirəcəyini bildirsə də, qardaşı Şahid2 əsas mülkiyyətçi kimi buna icazə verməmişdir. O, aliment borcu olduğu üçün avtomaşının hərraca çıxarılması ilə bağlı Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda, həmin avtomaşının dəyəri 7000 manat deyil, təqribən 5000 manatdır. Eyni zamanda, əgər 2017ci ildə ona pul vermiş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş tələb etmə müddəti keçdiyindən pulu ondan geri tələb oluna bilməz. Beləliklə, iddiaçının hazırkı iddiasının heç bir əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, eləcə də şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, hər iki qardaşı ilə 3 il olar heç biri münasibəti yoxdur. “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını 3000 manat ilkin ödəniş edərək, aylıq 250 manat ödəmək şərtilə cəmi 7000-8000 manat qarşılığında təxminən 4-5 il öncə qardaşı Cavabdeh Bakı şəhərinə gedərək onun vəsaiti hesabına satın almışdır. Həmin borc məbləği ödənildikdən sonra o, bu avtomaşını qardaşı Cavabdeh adına qeydiyyata saldırmışdır. Bundan sonra, o, Bakı şəhərində işlədiyi dövrdə sözügedən avtomaşının təyinatı üzrə düzgün istifadə edilməməsinə görə sıradan çıxacağını düşünüb, Ağakərim İsgəndərova aparıb qarajında saxlamasını bildirmiş, həmçinin aralarındakı razılığa əsasən 5000 manata sonuncuya satmağa razılaşsa da, qeyd olunan avtomaşını demək olar ki, iddiaçı Ağakərim İsgəndərova əvəzsiz vermişdir. Daha sonra, qardaşı ilə oynadıqları lotereyadan götürdüyü 1000 manat məbləğin üzərinə 500 manat da əlavə edərək, cəmi 1500 manat qarşılığında yük daşımaq üçün köhnə VAZ 2106 markalı avtomaşın satın almışdır. Həmin ərəfələrdə, qardaşı Ağakərim İsgəndərovla birlikdə işlədikləri “Xəmsə“ MMC-dən alacağı təxmini 15-16 min manat zəhmət haqqını qardaşı Ağakərimin təqsiri ucbatından ala bilmədiyindən, yəni ona külli miqdarda zərər vurulduğundan o, sözügedən avtomaşının Ağakərim İsgəndərovun adına rəsmiləşdirilməsinə razı olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsi tərəfindən 18 may 2018-ci il tarixdə verilmiş AD seriyalı, 202101 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1994-cü il buraxılışlı, sedan tipli, “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Cavabdehdur. İşdə olan 12 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, HK-1/318 nömrəli material üzrə cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan 01 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 90 (doxsan) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu mənada, tərəflərin izahatı, şahidin ifadəsi, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin qardaşı Şahid2 vəsaiti hesabına əldə edilmiş “Mercedes Benz 200” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın 18 may 2018-ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sözügedən Məcəllənin 1091-ci maddəsinin İ və İİ hissələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yenə bu Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Göründüyü kimi iddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulduğunu, bununla da ona zərər dəydiyini əsas gətirib, məhkəməyə müraciət etsə də, sonuncunun iddiaçıya hər hansı bir formada zərər vurması, əsassız varlanması, onun qarşısında qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdüyü müəyyən edilməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən müqavilənin olması zəruri olmaqla, yanaşı cavabdeh iddiaçı tərəfə zərər vurmalı, yəni hazırkı vəziyyətdə sonuncunu qanuni sahib olduğu əmlakından mərhum etməli, həmçinin hüquqi əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak əldə etməlidir. Hazırda isə tərəflər arasında avtomaşına dair hüquq və vəzifələrin yaranması üçün müəyyən edilmiş formada yazılı müqavilənin mövcud olmaması, cavabdehin iddiaçıya hər hansı bir formada zərər vurmaması, eləcə də onun hesabına varlanmaması işin mübahisələndirilməyən halıdır. Halbuki, cavabdehin mübahisəli avtomobilə münasibətdə əmlak hüquqları onun dövlət qeydiyyatına alındığı andan, yəni 18 may 2018-ci il tarixdən əmələ gəlmiş, həmçinin bu halın əksini təsdiq edən mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mübahisəli avtomaşının cavabdehin adına dövlət qeydiyyatına alınması üçün əsas olmuş 18 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı hər hansı bir mötəbər sübut və ya sənədi məhkəməyə təqdim etməmiş, habelə bu müqavilə ötən dövr ərzində onun tərəfindən mübahisələndirilməmişdir. Bu isə iddiaçının mövcud vəziyyətlə, yəni avtomaşının cavabdehin adında olması ilə qane olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Əqdin etibarsızlığı ilə bağlı yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. İlk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bundan başqa, 12 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdeh iddiaçıya 7000 manat borcunun olmasının etiraf etməmiş, habelə qeyd olunan qərarda belə bir hal aşkar edilməmişdir. Digər tərəfdən, iddiaçının mübahisəli avtomobilə mülkiyyət hüququnu sahiblik hüququ əsasında əldə etməsi əsasları da müəyyən edilməmişdir. Çünki, işin faktiki halları, eləcə də tədqiq edilmiş mötəbər sübutlar əsasında iddiaçının avtomaşına görə hər hansı bir məbləğdə vəsait sərf etməsi, habelə həmin vəsait hesabına avtomaşını əldə etməsi müəyyən edilməmiş, eyni zamanda İddiaçı qardaşı Şahid2 tərəfindən zənginləşdirilməmiş, yəni rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyanın, avtomaşının bağışlanması ilə əlaqədar onlar arasında müqavilə bağlanmamış, həmçinin belə bir müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Eyni zamanda, sürücülük vəsiqəsi yalnız nəqliyyat vasitəsini idarəetməyə hüquq verməklə, yanaşı bu vəsiqənin olmaması da mülkiyyət hüququnun əldə olunması üçün məhdudiyyət və ya əsas deyildir. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, cavabdehdən 7000 manat pulun qaytarılmasını tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən də, iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar