Məhkəmə qərarları › İş №2(059)-250/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-250/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-250/2023 12.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "təbiətə dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "təbiətə dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 330 manat pulun tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankındakı İBAH kodu AZ78CTRE******************** nömrəli, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatı kodu 142582 olan hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən qanununun tələblərinə zidd olaraq Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində 3 ədəd kütüm, 20 ədəd siyənək və 1 ədəd kefal balığı ovlaması faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanuna müvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdehlər qanunun tələblərini pozmuş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2021-ci il tarixli, 128 saylı qərarı ilə ziyanın hesablanması və ödənilməsi Qaydası’na əsasən onlar tərəfindən təbiətə dəymiş ziyana görə 330 (üç yüz otuz) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəmələri üçün barələrində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli 03 oktyabr 2022-ci il tarixli, Ç-İM/4422-080-1985 saylı məktubla Cavabdeh2 və Cavabdeh1 poçt vasitəsilə göndərilsə də onlar, iddia məbləğini ödəməkdən imtina etmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, idarənin iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 30 sentyabr 2022-ci il tarixli, 75765 nömrəli aktın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 30 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonunun İstisu qəsəbəsinin yaxınlığında Xəzər dənizinin akvatoriyasında bort nömrəsi AŞA 8317 olan 1 ədəd mühərrikli taxta qayıqla balıq ovlama bileti olmadan istifadəsi qanunla qadağan edilmiş sintetik torla balıq ovladıqları müəyyən olunmuşdur. Qayığa baxış zamanı qanunsuz ovlanmış 20 ədəd siyənək, 3 ədəd kütüm, 1 ədəd kefal cinsli balıq və ov zamanı istifadə edilmiş 60 metr uzunluğunda sintetik tor idarəyə təhvil verilməsi üçün götürülmüşdür. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2017-ci il tarixli, 243 nömrəli Balıq və digər su bioresursları ovunun qaydaları barədə qərarının tələbləri pozulmuşdur. Bundan əlavə, Cavabdeh2 yazılı izahat verməkdən və aktı imzalamaqdan imtina etsə də, Cavabdeh1 izahat verməklə, bu aktı imzalamışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X1 tərəfindən tərtib edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolların surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 30 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonunun İstisu qəsəbəsinin yaxınlığında Xəzər dənizinin akvatoriyasında istifadəsi qanunla qadağan edilmiş sintetik torla balıq ovlama bileti olmadan qanunsuz olaraq balıq ovladıqları üçün onlar tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.1 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 17 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə görə sonuncular barəsində 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan iddia hesabatının surətindən görünür ki, 3 ədəd kütüm balığının qanunsuz tutulmasına görə vurulan ziyanın məbləği 99 manat, 20 ədəd adi siyənək balığının qanunsuz tutulmasına görə vurulan ziyanın məbləği 220 manat, 1 ədəd kefal balığının qanunsuz tutulmasına görə vurulan ziyanın məbləği 11 manat müəyyən olunmuşdur. Beləliklə, təbiətə dəymiş ümumi ziyanın məbləği 330 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2022-ci il tarixli, Ç-İM/4422- 080-1985 saylı məktubunun surətindən görünür ki, dəymiş ziyanın 10 gün müddətində ödənilməsi ilə bağlı Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 38.1-ci maddəsinə əsasən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə balıqçılıq su obyektlərində müxtəlif fəaliyyət növlərindən balıq və digər su bioresurslarına dəyən zərərli təsirin qarşısının alınması mümkün olmadıqda balıq və digər su bioresurslarına vurulan zərər təqsirkar şəxslər tərəfindən kompensasiya edilir. Kompensasiya vəsaitləri balıq və digər su bioresurslarının artırılmasına, bərpasına, habelə balıqmühafizə və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”nın 2.5.1 bəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”in 10-cu bəndinə və bu qərara əlavə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2021-ci il tarixli, 128 nömrəli qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza, o cümlədən kütümə vurulmuş ziyanın məbləği 33 manat, kefala və siyənəyin digər növlərinə görə isə 11 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonunun İstisu qəsəbəsinin yaxınlığında Xəzər dənizinin akvatoriyasında bort nömrəsi AŞA 8317 olan 1 ədəd mühərrikli taxta qayıqla balıq ovlama bileti olmadan istifadəsi qanunla qadağan edilmiş sintetik torla 20 ədəd siyənəyi, 3 ədəd kütümü, 1 ədəd kefal cinsli balığı ovlamaqla, təbiətə ümumilikdə 330 manat həcmində ziyan vurmuşlar. Həmin zərərin könüllü ödənilməsi cavabdehlərə təklif edilsə də, bunun nəticəsi olmamış, buna görə də iddiaçı həmin zərərin tutulması məqsədilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərilərinə düşən öhdəliyi lazımınca icra etmədiklərinə və onlar “Balıq və digər su bioresursları ovunun qaydaları” haqqında qanunvericiliyinin tələblərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı cavabdehlər tərəfindən vurulmuş zərərin əvəzinin tam şəkildə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 330 (üç yüz otuz) manat pul tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankındakı İBAH kodu AZ78CTRE******************** nömrəli, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatı kodu 142582 olan hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə iddia qiyməti 1000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən bu hal nəzərə alınmalı və iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 330 (üç yüz otuz) manat pul tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankındakı İBAH kodu AZ78CTRE******************** nömrəli, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatı kodu 142582 olan hesabına ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar