Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-258/2021 24.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı MMQBKT-nın xeyrinə 3109 manat əsas, 869 manat faiz, 22,20 manat cərimə olmaqla, cəmi 4000,20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 39,50%-lə 24 ay müddətinə 3700 manat məbləğində kredit verilmiş, həmçinin, tərəflərin imzaladıqları 25 aprel 2016-cı il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. Bundan sonra, şərtləri dəyişdirilmiş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 25 aprel 2016-cı il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən sonuncular zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq üzərilərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə, onların iddiaçı QBKT-ya cəmi 4000,20 manat borcları yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 24 iyul 2015-ci il tarixli, **********0170 nömrəli kredit müqaviləsindən görünür ki, "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatı Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə, illik 39,50% ödəmək şərtilə 3700 manat məbləğində kredit vermiş, borclu isə bankdan götürdüyü kredit məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 24 iyul 2015-ci il tarixli, **********0170 nömrəli kredit müqaviləsinin restruktruzasiyasına dair 25 aprel 2016-cı il tarixli sazişdən görünür ki, bu sazişlə ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 33 ayadək, yəni 25 yanvar 2019-cu il tarixədək uzadılmış, habelə kredit müqaviləsi üzrə qalıq borcun məbləği 3109 manat həcmində müəyyən edilməklə, qalıq məbləğinə 18 % dərəcəsi ilə faiz hesablanacağı qeyd edilmişdir. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında 25 aprel 2016-cı il tarixdə zaminlik müqavilələri bağlanmış və bu müqavilələrə görə zaminlər eyni tarixli müqavilələr üzrə borcun vaxtında və tam icra edilməsi üçün məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İşdə olan 24 iyul 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 3700 manat məbləğində pul verilmişdir. İşdə olan "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatı tərəfindən tərtib edilmiş 11 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMQBKT-yə həmin tarixə 3109 manat əsas, müqavilə müddətinə 869 manat faiz, 22,20 manat cərimə olmaqla, cəmi 4000,20 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 31 mart 2021-ci il tarixli qəbzdən görünür ki, "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildiki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və zaminlik müqavilələrinin müddəalarından görünür ki, zaminlik müqavilələri 25 aprel 2016-cı il tarixində bağlanmış və bu müqavilələrin qüvvədə olma müddəti əsas öhəliklərin tam icra olunma vaxtı ilə müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqavilələrində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqavilələrində göstərilən zaminlərin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminlərin üzərilərinə götürdükləri öhdəliklərin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kreditalan kreditverənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kreditverən və kreditalanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 39,50%-lə, 24 ay müddətinə 3700 manat məbləğində kredit verilmiş, həmçinin, tərəflərin imzaladıqları 25 aprel 2016-cı il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. Beləliklə, iddiaçı həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, sonuncu borclu kimi üzərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuş, nəticədə onun kredit müqaviləsi üzrə cəmi 4000,20 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 iddiaçı "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatının xeyrinə 3109 manat əsas, 869 manat faiz, 22,20 manat cərimə olmaqla, cəmi 4000,20 manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "FİNCA Azerbaijan" X3 Bank Kredit Təşkilatının xeyrinə 3109 manat əsas, 869 manat faiz, 22,20 manat cərimə olmaqla, cəmi 4000,20 (dörd min manat 20 qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-258/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-258/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver