Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-259/2025 05.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdehə 1955 manat məbləğində borc pul vermiş, cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməmiş və pulu faizə götürdüyünü və ona qaytardığını bildirmişdir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1955 manat məbləğində borc pulun, eləcə də, ödənilmiş 40 manat məbləğində məhkəmə xərcinin tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, əvvəllər yaxın dostluq münasibətində olduğu Beyləqan rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən Cavabdeh 5239 1517 4931 1042 nömrəli bank kartına özünə məxsus 4169 7388 **** 3145 nömrəli “Birbank” kartı vasitəsi ilə müxtəlif tarixlərdə o cümlədən, xx.xx.2024-cü il tarixdə, saat 20:24-də 500 manat, xx.xx.2024-cü il tarixdə, saat 12:23-də 220 manat, xx.xx.2024-cü il tarixdə, saat 19:15-də 300 manat, xx.xx.2024-cü il tarixdə, saat 18:06-da 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 18:48-də 1200 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:36-da 70 manat, xx.xx.2024-cü il tarixdə, saat 11:43-də 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:39-da 20 manat olmaqla, cəmi 2610 manat pul vəsaitini cavabdehin xahiş ilə borc olaraq köçürtmüşdür. Cavabdeh həmin 2610 manat məbləğində borcundan əvvəl 575 manat, sonra isə 80 manat məbləğində pul geri qaytarsa da, qalan 1955 manat borcunu hazırki vaxta kimi geri qaytarmamışdır. Belə ki, cavabdeh əvvəllər telefon zənglərinə cavab versə də, sonradan müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq maddi imkanı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh da məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə iddiaçının, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, oğlu olan cavabdeh Beyləqan rayonunun ərazisində yerləşən hərbi hissədə hərbi qulluqçu kimi xidmət edir. Bundan başqa, oğlu iddiaçıdan aldığı 2000 manat məbləğində pulu qaytarmış, lakin sonuncu pulu sənəmə (faizə) verdiyi üçün, hazırda faiz hissəsini tələb edir. Hesab edir ki, iddiaçı hazırki tələblə bağlı Beyləqan Rayon Məhkəməsinə müraciət etməli olsa da, oğlunun sonuncu qeyd olunan rayonda işlədiyini və işdən çıxıb məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildiyi üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla belə, oğlu carı ilin may ayında məzuniyyətə çıxaraq, məhkəmə proseslərində iştirak etməklə, iddiaçıya olan əsas borcunu qaytarmasına dair sübutlar təqdim edəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını ətraflı araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:24-də 500 manat, xx.xx.2024-cü il tarixdə, saat 12:23-də 220 manat, xx.xx.2024-cü il tarixdə, saat 19:15-də 300 manat, xx.xx.2024-cü il tarixdə, saat 18:06-da 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 18:48-də 1200 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:36-da 70 manat, xx.xx.2024-cü il tarixdə, saat 11:43-də 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:39-da 20 manat olmaqla, cəmi 2610 manat məbləğində pul 4169 7388 **** 3145 nömrəli kart vasitəsi ilə "xxxx" ASC-yə məxsus olmaqla, 5239 15** **** 1042 saylı kart hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdehla şifahi borc müqaviləsi bağladığını, ona bu müqavilə əsasında 2024-cü ilin avqust-oktyabr ayları ərzində cəmi 2610 manat məbləğində borc pul verdiyini, ondan 655 manatının ödənildiyini, qalan 1955 manatının isə ödənilmədiyini (bank qəbzləri) sübut edə bilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak edərək pulu ödədiklərini, buna dair məhkəməyə sübut təqdim edəcəklərini bildirsə də, məhkəmə hazırlıq və baxış iclasları bir neçə dəfə təxirə salınmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, borcu ödədiklərinə dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1955 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 31 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 40 (qırx) manat xərc çəkmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1955 manat məbləğində borc və 40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 1955 (bir min doqquz yüz əlli beş) manat məbləğində borc və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə