Məhkəmə qərarları › İş №2(059)-263/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-263/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-263/2023 10.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat pulun, eləcə də ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh onun iş yoldaşı olmuş və 12 dekabr 2021-ci il tarixdə ondan 3 gün müddətinə qaytarmaq şərtilə, 4000 manat məbləğində borc pul almışdır. Sonuncu onun iş yoldaşı olduğundan ona etibar etməklə, evinin təmiri üçün başqa şəxsin adına "xxxx" ASC-dən götürdüyü pulun 4000 manatını ona vermiş, üzərindən xeyli müddət ötməsinə baxmayaraq, cavabdeh pulu geri qaytarmamışdır. O, iki ay olar işsiz olmaqla, habelə ataları öldüyündən üç atasız uşaq böyüdür. Beləliklə, o artıq banka olan borcunu ödəyə bilmir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 26 oktyabr 2021-ci il tarixdə Mehriban adlı şəxsin adına "xxxx" ASC-dən götürdüyü 5210 manat məbləğində pulun 4000 manatını 3 gün müddətinə qaytarmaq şərtilə, əlavə faiz tələb etmədən 12 dekabr 2021-ci il tarixdə iki il müddətində birgə işlədiyi Cavabdeh işlədikləri yerdə vermiş, daha sonra sonuncu bir həftəyə bankdan kredit götürərək qaytaracağını bildirsə də, həmin pulu qaytarmamışdır. Bununla yanaşı, o, sözügedən məbləğdə pulu Cavabdeh verdikdən sonra, sonuncu qış aylarında 35 manat qarşılığında ondan aldığı koftanın pulunu geri qaytarmasa da, hazırda həmin 35 manatı cavabdehdən tələb etmir. Cavabdeh ona 4000 manat məbləğində pul borcunun olması ilə bağlı hər hansı yazılı sənədi və ya sübutu olmasa da, cavabdeh danışıqlarında olan səs yazılarında borcunun olmasını qeyd edir. Belə ki, cavabdeh ilə WhatsApp tətbiqində apardığı danışıqlarda onun cavabdehə göndərdiyi “nə oldu Şəhla? Sən demisən axı pulu verəcəksən” səs yazısına sonuncu “Dayan, kartım düz deyil. Səhv var kartımda. Kartım başqasındadır, İlhamə adlı birindədir qaytarıb verəcək özümə, özüm düzəltdirib alacam göndərəcəm pulunu” kimi səs qeydi ilə cavab göndərmişdir. Bundan əlavə, onun Cavabdeh 4000 manat məbləğində pulu verməsini hər kəs bilsə də, o, bu məbləği sonuncuya təklikdə vermişdir. Bundan başqa, cavabdeh ondan pul istəyərkən, uşağına atalıq alması üçün dnt analizi etdirməsi, eləcə də uşağı bağçaya qoyması üçün pula ehtiyacı olduğunu, habelə ona borca pul verdikdən sonra bankdan kredit götürüb borcunu qaytaracağını bildirmişdir. Bundan əlavə, Cavabdeh əvvəlcə borcu çıxarması üçün öz bank kartını ona təqdim etsə də, həmin kart hesabı bloklandığından pul çıxarması mümkün olmamış, nəticədə kartı cavabdehə qaytarmışdır. Habelə, cavabdeh bu kartla yanaşı başqa şəxlərə məxsus kartları da ona təqdim etmiş, lakin o, həmin kartlardan yalnız keçmiş iş yoldaşı Nuranə Məmmədovaya məxsus kartı özündə sübut kimi saxlamışdır. Cavabdeh ona olan borcunu qaytaracağını hər zaman bildirdiyi üçün cavabdehdən borc ilə əlaqədar hər hansı yazılı kağız imzalamasını tələb etməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatdığından əvvəllər məhkəməyə müraciət etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o və İddiaçı bir-biriləri ilə mübahisə etdikləri üçün 18 oktyabr 2022-ci il tarixdə onları işdən çıxarmışlar. Belə ki, işlədikləri "xxxx" ASC-də sıradan çıxmış cihazda onu günahkar gördüklərindən İddiaçı ilə aralarında mübahisə yaranmış, nəticədə sonuncu həmin vaxt onun saçını yolmuş, ona zərbələr endirmişdir. Bundan əlavə, iddiaçıdan aldığı kofta üçün sonuncuya 35 manat borcu olsa da, ona 4000 manat məbləğində borcu yoxdur, habelə iddiaçıdan bu məbləğdə pulu almamış, bununla bağlı hər hansı bir sənədi imzalamamışdır. İddiaçı ilə mübahisələri səbəbindən işdən çıxarıldıqlarından sonuncu ona acıqlı olması səbəbi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, ödəniş qrafikinin surətindən görünür ki, "xxxx" ASC X1 26 oktyabr 2021-ci il tarixli, GTKR4322147A158 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 5210 manat məbləğində kredit vermiş, habelə bu məbləğ faizlərlə birlikdə hər ay 181,58 manat, sonuncu ay isə 187,77 manat hesablanmaqla ödənilməli olmuşdur. İşdə olan 09 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında geyim əşyasının nisyə alqı-satqısı ilə əlaqədar şifahi borc münasibətinin olması işin mübahisəsiz halı olsa da, cavabdeh məhkəmə araşdırması zamanı iddiaçıdan geyim əşyası almasını etiraf etmiş, həmçinin bu halın əksini təsdiq edən mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmiş, eləcə də bununla əlaqədar borc məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilməmişdir. Bundan əlavə, iddiaçının 12 dekabr 2021-ci il tarixdə cavabdehə 4000 manat məbləğində borc pul verməsinin, habelə cavabdehin həmin vaxt iddiaçıdan borc olaraq pul almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Göründüyü kimi iddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulduğunu, bununla da ona zərər dəydiyini əsas gətirib, məhkəməyə müraciət etsə də, sonuncunun iddiaçının qarşısında 12 dekabr 2021-ci il tarixdə borcun alınması barədə qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdüyü müəyyən edilməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən müqavilənin olması zəruridir. Hazırda isə tərəflər arasında 12 dekabr 2021-ci il tarixdə borc münasibətlərindən irəli gələn hüquq və vəzifələrin yaranması üçün belə bir şifahi və ya yazılı müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 740-cı maddəsinin İ və İİ hissələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, cavabdehdən 4000 manat borc kimi verdiyi pulun qaytarılmasını tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən də, iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar