Məhkəmə qərarları › İş №2(059)-267/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-267/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-267/2021 14.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan bankın xeyrinə 1842,73 manat əsas, 146,71 manat faiz, 25,16 manat cərimə olmaqla, cəmi 2014,60 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, iş üzrə əlavə araşdırma zərurəti yarandığına görə Siyəzən Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 02 iyun 2020-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 59 ay müddətinə, illik 10% ödəmək şərtilə 1843 manat məbləğində kredit vermiş və sonuncuya bank hesabı (cari, kredit) açmışdır. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun isifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, onun banka kredit müqaviləsi üzrə cəmi 2014,60 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 02 iyun 2020-ci il tarixli kredit və bank hesabı müqaviləsindən müəyyən edilir ki, "xxxx" KB ASC Cavabdeh 59 ay müddətinə, illik 10% ödəmək şərtilə 1843 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" KB ASC-nin 17 mart 2021-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, Cavabdeh qeyd edilən müqavilə üzrə "xxxx" KB ASC-yə 1842,73 manat əsas, 146,71 manat faiz və 25,16 manat cərimə olmaqla, cəmi 2014,60 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2020-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" KB ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 17 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit və bank hesabı müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən də görünür ki, 1843 manat məbləğində kredit 59 ay müddətinə faizlərlə birlikdə hər ay 40 manat, sonuncu ay isə 27,60 manat hesablanmaqla ödənilməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit və bank hesabı müqaviləsinin 3.1-ci bəndinə görə borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin təqvim günündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 02 iyun 2020-ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh "xxxx" KB ASC-yə əsas məbləğ üzrə 1842,73 manat, faiz üzrə 146,71 manat, cərimə üzrə 25,16 manat ödənilməmiş borcu mövcuddur. Cavabdeh borclu kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, edilən xəbərdarlıqlara məhəl qoymamış və iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, bankın vəsaitindən qanunsuz istifadə etməklə sonuncuya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1842,73 manat əsas, 146,71 manat faiz, 25,16 manat cərimə olmaqla, cəmi 2014,60 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1842,73 manat əsas, 146,71 manat faiz, 25,16 manat cərimə olmaqla, cəmi 2014,60 (iki min on dörd manat 60 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar