Məhkəmə qərarları › İş №2(059)-272/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-272/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-272/2022 08.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat borc pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Siyəzən şəhəri 113 X2 X1 rayon şöbəsində xadimə işləyir, əri isə Rusiya Federasiyasında məhkum edilmişdir. İki övladı olmaqla, ikisi də Bakı şəhərində təhsil alır. Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan iş yoldaşı Cavabdeh 2021-ci ilin may ayında evini təmir etdirmək məqsədilə ondan borc pul istəmişdir. Mətanətlə yaxın münasibətlərdə olduğuna görə 25 avqust 2021-çi il tarixdə 5000 manat X3 rayon şöbəsindən pul götürüb, 3000 manatını Mətanətin dəfələrlə israrından sonra ona vermişdir. Bu barədə onun işlədiyi iş kollektivinin əksəriyyətinin xəbəri vardır. Onun işlədiyi müəssisədə xadimə kimi əmək haqqı 240 manat olsa da, Mətanət Siyəzən rayon MDM X4 dispetçer işləməklə, ay ərzində 1200 manata yaxın əmək haqqı alır. Sonradan Mətanətdən dəfələrlə pulunu istəsə də, sonuncu pulunu qaytarmamışdır. 31 oktyabr 2021-ci il tarixdə kollektiv arasında ondan pulunu istəsə də, cavabdeh onu aşağılayıb, “istəyirsən öl, istəyirsən də qal, mən sənə pul verən deyiləm” kişi iş yoldaşlarının yanında əxlaqsız sözlər deyərək, şərəf və ləyaqətini alçaltmışdır. 02 noyabr 2021-ci il tarixdə işdə Mətanətdən borcunu istədikdə, o yenə onun ünvanına alçaldıcı sözlər demiş və borcunu qaytarmayacağını bildirmişdir. Həmin vaxt əsəbi olduğundan yanındakı sirkə turşusundan bir qurtum içmiş, iş yoldaşları isə sirkə şüşəsini ondan zorla almışlar. Hadisə baş verəndən sonra ona sistem köçürülməklə, Bakı şəhərinə, 1 saylı şəhər X5 göndərilmiş, orada 1 gün qaldıqdan sonra evə buraxılmışdır. İşə Siyəzən rayon Prokurorluğunda baxılmış, cinayət tərkibi olmadığı barədə qərar verilmişdir. Cavabdeh onu ölüm həddinə çatdırmış, o, da buna cəhd etmişdir. Belə ki, onun mağazalara çoxlu borcu vardır, uşaqların dolanışıq xərclərinə, təhsil xərclərinə çoxlu pul lazımdır. Onsuz da ağır olan maddi durumu Mətanətin ucbatından daha da pis vəziyyətə düşmüşdür. Cavabdeh dələduzluq əməli barədə Siyəzən rayon prokurorluğuna rəsmi müraciət ünvanlasa da, prokurorluğun 29 noyabr 2021-ci il tarixli qərarı ilə toplanmış 62c- 21 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi cavabdeh aralarında olan şifahi razılıq əsasında öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmir, bir mənalı olaraq, cavabdehin öhdəliyi pozması səbəbindən ona 3000 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, həmin məbləği 25 avqust 2021-ci il tarixdə X2 Yardım Stansiyasında təxminən 12-13:00 radələrində cavabdehin xidməti otağında sonuncuya şifahi razılaşma əsasında faizsiz borc kimi vermiş, habelə sözügedən borc məbləğinin cavabdeh tərəfindən 2-3 aya qaytarılması razılaşdırılmışdır. Bundan əlavə, cavabdeh bu məbləği lotereya oynayaraq, eləcə də əmək haqqından hissəhissə olmaqla, qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, o, cavabdehə pulu borc kimi verərkən, aralarında yazılı sənəd tərtib edilməmiş, bu razılaşma şifahi qaydada olmuş, ikisindən başqa, yanlarında kimsə olmamışdır. Hazırda ona ödəniş olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, 25 avqust 2021-ci il tarixdə xidməti otağında iddiaçıdan hər hansı bir məbləğdə pul almamışdır. Belə ki, o, iddiaçıdan borc pulu 2020-ci ilin iyun ayında hissəhissə almışdır. Məhz həmin ayda təmirə pulu çatmadığı üçün iddiaçıdan iki dəfə 1000 manat, bir dəfə isə 1500 manat olmaqla, ümumilikdə 3500 manat borc pul almış, məbləğin 2500 manatı 10 %-lə, 1000 manatı isə 15 %-lə ona borc kimi verilmiş, öhdəliklərinin bitmə müddəti faizlərin ödənilib, yekunlaşma müddəti ilə şərtləşdirilmişdir. O, borcun əvəzində iddiaçıya sonuncunun istəyi ilə əmək haqqı kartını vermiş, habelə bu kart iddiaçıda 2021-ci ilin may ayının axırına kimi qalmışdır. O, 569 manat maaş alır. Beləliklə, iddiaçı 9 ay ərzində onun kartından hər ay 400 manat pul çıxartmış, 169 manatını isə ona qaytarmışdır. 2021-ci ilin may ayının axırında isə o, maddi vəziyyətinin çətin olduğunu iddiaçıya bildirib, əmək haqqı kartını sonuncudan geri almış, həmçinin borcun hissə-hissə, o cümlədən əvvəlcə əsas məbləğin, daha sonra isə faizin qaytarılması ilə bağlı razılaşmışlar. Beləliklə, faiz ödənişləri dayandırılmış, əsas məbləğdən ödənişlər etməyə başlamışdır. Bundan sonra, o, 2021-ci ilin oktyabr ayına kimi iddiaçıya əlbəəl hər ay 400 manat ödəməkdə davam etsə də, toylar səbəbindən oktyabr ayında ödəniş edə bilməmişdir. Bundan sonra o, iddiaçıya oktyabrda toylar olduğunu bildirib, pulu verə bilmədiyini qeyd etmiş, habelə oktyabrın 14-ü əmək haqqı alana qədər möhlət istəmişdir. Daha sonra, 2021-ci ilin noyabr ayında növbəyə keçmiş, keçən gün iddiaçı ona zəng vuraraq, pulunu qaytarmasını tələb etmişdir. Bu zaman o, iddiaçıya səbrli olmasını, noyabrın 14-də əmək haqqı alan kimi pulu verəcəyini bildirsə də, iddiaçı telefonda ona qarşı nalayiq ifadələr işlətdiyindən o, telefonu söndürmüş, sonra qızlar ona zəng vuraraq, iddiaçının sirkə turşusu içdiyini qeyd etmələrinə baxmayaraq, o, “cəhənnəmə içsin, onu kim məcbur edib ki, içsin” deyə fikir bildirmişdir. Ondan sonra iddiaçı ilə arasında mübahisələr başlamış, sonuncu onu polisə verdikdən sonra isə iddiaçıya pul ödəməmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Belə ki, o, iddiaçıya 5500 pul qaytarmışdır. 25 avqust 2021-ci il tarixdə iddiaçının "xxxx" ASC-dən götürdüyü pulun isə ona aidiyyəti yoxdur, bu barədə qeyd edilənlər yalandır. Çünki, 25 avqust 2021-ci il tarixdə iddiaçının götürdüyü pul sonuncunun uşaqlarının təhsili və digər ehtiyacları üçün alınmışdır. Beləliklə, iddiaçının hazırkı iddiasının heç bir əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə da iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qeyd edilənlər yanlışdır. Siyəzən rayon Polis Şöbəsində, eləcə də prokurorluqda da iddiaçıya hansı səbəbdən yanlış məlumat verməsi, məbləği həmin miqdarda göstərməsi soruşulmuşdur. Onlar isə olan məbləği qeyd etmişlər. Hər ay cavabdeh bacısı, Cavabdeh pul tutulmuşdur. Bu səbəbdən də işə ədalətli baxılmasını xahiş edir. Eyni zamanda cavabdeh bacısı, Cavabdeh ilə eyni mövqedədir, sonuncunun bilidirdiklərini təsdiqləyir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 25 avqust 2021-ci il tarixli, BPM**********81 saylı tam kart çərçivə müqaviləsinin, eləcə də bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən də görünür ki, "xxxx" ASC İddiaçı istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermiş, habelə bu məbləğ faizlərlə birlikdə hər ay 157,54 manat, sonuncu ay isə 156,71 manat hesablanmaqla ödənilməli idi. İşdə olan 29 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın, eləcə də Siyəzən rayon prokurorluğunun eyni tarixli, 62C-21 nömrəli məktubunun surətlərindən görünür ki, İddiaçı 02 noyabr 2021-ci il tarixdə, saat 09:40 radələrində iş yerində sirkə turşusu içməsi faktına görə rayon prokurorluğunda araşdırma aparılmış, bu zaman toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyi üçün 29 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan 01 mart 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 50 (əlli) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında əvvəllər şifahi borc münasibətlərinin olması işin mübahisəsiz halı olsa da, cavabdeh həm məhkəmə araşdırması zamanı, həm də Siyəzən rayon prokurorluğunda iddiaçının şikayəti əsasında toplanmış materialda belə müqavilənin məhz 2020-ci ilin iyun ayında bağlandığını, habelə həmin dövrdə iddiaçıdan borc pul aldığını etiraf etmiş, həmçinin bu halın əksini təsdiq edən mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının 25 avqust 2021-ci il tarixdə cavabdehə 3000 manat məbləğində borc pul verməsinin, habelə cavabdehin həmin vaxt iddiaçıdan borc olaraq pul almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Göründüyü kimi iddiaçı cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulduğunu, bununla da ona zərər dəydiyini əsas gətirib, məhkəməyə müraciət etsə də, sonuncunun iddiaçının qarşısında 25 avqust 2021-ci il tarixdə borcun alınması barədə qanunvericiliyin tələblərinə müvafiq müqavilə bağlayaraq öhdəlik götürdüyü müəyyən edilməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən müqavilənin olması zəruridir. Hazırda isə tərəflər arasında 25 avqust 2021-ci il tarixdə borc münasibətlərindən irəli gələn hüquq və vəzifələrin yaranması üçün belə bir şifahi və ya yazılı müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, qeyd olunan bütün hallar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə iddiaçı, cavabdehdən 3000 manat borc kimi verdiyi pulun qaytarılmasını tələb etməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəbdən də, iddianın təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “borc pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar