Məhkəmə qərarları › İş №2(059)-275/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-275/2025

01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-275/2025 01.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(059)-13/2024 hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, İddiaçı etibarından sui-istifadə etməklə və aldatma yolu ilə İddiaçı 4000 manat məbləğində əməlakını ələ keçirmiş, habelə bu məbləğdən 1000 manatı sonuncuya qaytarılsa da, 3000 manat qalıq qalmışdır.Hazırda iddiaçı maddi və mənəvi zərərin ödənilməsini tələb edir, cavabdeh isə iddiaçıdan aldığı pulu birdəfəlik ödəmək imkanından məhrum olduğunu, mənəvi zərər tələbini isə qəbul etmədiyini bildirir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(059)-13/2024 saylı hökmü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən cavabdeh X1 ona vurulan 3000 manat məbləğində maddi ziyanın və 3000 manat mənəvi zərərin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tələbin faktiki halları qanuni qüvvəsinin almış Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(059)-13/2024 nömrəli hökümünə əsasən müəyyən edilmişdir. Belə ki, hökümlə müəyyən olunmuşdur ki, cavabdeh X3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə etməklə və aldatmaqla əvvəlcədən yerinə yetirə bilməyəcəyni bilməsinə baxmayaraq, sonuncunun oğlu Təvəkkül Quliyevi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində bir vəzifəyə işə düzəldəcəyi barədə yalan vəd verərək İddiaçı öz kürəkəni X4 ona çatdırılması üçün verdiyi 4000 manat məbləğində nağd pulu 24 may 2022-ci il tarixdə, günorta saatlarında Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən "xxxx" ASC-nin Siyəzən rayon filialının inzibati binasının qarşısında Rəşad Talıbovdan alıb, zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vurmaqla, dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan sonra, cavabdeh dələduzluq yolu ilə əldə etdiyi 4000 manat puldan iddiaçıya cəmi 1000 manat qaytarmış və 3000 manat pulu qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Beləliklə hazırda cavabdeh tərəfindən iddiaçıya maddi ziyan qismində vurduğu 3000 manat pulu qaytarmayaraq ona maddi ziyan vurmuşdur. Bununla da yuxarıda qeyd edilən tələbin faktiki halları, cavabdeh X2 iddiaçıya qarşı Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinatəyi törədməsində təqsirli bilinib hər ay qazancının 15% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilməsi Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(059)-13/2024 nömrəli hökümü ilə müəyyən edilmişdir. Lakin cinayət nəticəsində iddiaçıya vurulan maddi ziyan ödənilməmişdir. Həmçinin, istər ibtidai istintaq, istərsə də, məhkəmə istintaqı zamanı iddiaçı tərəfindən ona vurulan maddi ziyanın ödənilməsi barədə mülki iddia verilməmişdir. Bundan başqa, cavabdehin hüquqa zidd cinayət xarakterli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanla yanaşı, fiziki iztirablar formasında mənəvi zərər də vurulmuş, həmçinin sonuncuya dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzi ödənilməlidir. Həmçinin, iddiaçı cavabdeh tərəfindən ona dəymiş mənəzi zərəri 3000 manat məbləğində qiymətləndirilmiş, habelə hesab edilmişdir ki, bu məbləğ bəlkədə itirdiklərinin bəzisini geri qaytarsada, təəssüf ki, iddiaçının sağlamlığını, mənəvi sarsıntı və iztirabların vurduğu zərəri geri qaytara bilməyəcəkdir. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, üç ilə yaxın müddətdir cavabdeh aldatma yolu ilə pulunu ondan alsa da, hazırki vaxta kimi qaytarmamışdır. Bu müddət ərzində o, taxıl əkini ilə məşğul ola bilməmişdir. Həmçinin, arvadı və övladı xəstə olsa da, sonuncuları müayinəyə apara bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, həqiqətən də iddiaçıdan 3000 manat məbləğində pul almış, habelə sonuncunun oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyinə dair vəd vermişdir. Lakin, iddiaçının oğlu sözügedən nazirlikdə ona təklif olunun vəzifələrdə işləməkdən imtina etmişdir. Eyni zamanda, o, qeyd olunan məbləğdə pulu iddiaçının oğlunu işə düzəltməsi məqsədi ilə yol xərclərinə sərf etmişdir. Bundan başqa, 26 fevral 2026-ci il tarixə kimi əldə etdiyi kredit borcunu ödəməli olduğu üçün, iddiaçının pulunu birdəfəlik ödəyə bilmir. Mənəvi zərər tələbini isə ümumiyyətlə qəbul etmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İddia tələbindən görünür ki, tələb maddi və mənəvi zərərin ödənilməsindən ibarət olub iki hissədən ibarətdir. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(059)-13/2024 hökmündən göründüyü kimi Cavabdeh törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və təqdiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar ilə sübuta yetirilmişdir. Qeyd olunan cinayət hadisəsi nəticəsində isə hazırki iş üzrə İddiaçı 4000 manat məbləğində ziyan dəyməsi, ondan 1000 manat ödənilməsi hökmlə öz təsdiqini tapmışdır. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən qeyd olunan hallarla bağlı yenidən mülki mühakimə icraatı qaydasında araşdırma aparılması yolverilən deyil. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdeh həmin əməllərə görə məhkum edilmiş, iş üzrə çıxarılmış hökmdə zərərin məbləği göstərilmiş, həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya 4000 manat maddi ziyan vurduğunu, ondan 1000 manatını ödədiyini etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 3000 manat maddi ziyanın tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Məhkəmə yuxarıda qeyd olunan mövqedən çıxış edərək göstərir ki, iddiaçı 25 may 2022-ci il tarixdə cavabdehə öz kürəkəni Rəşad Talıbov vasitəsi ilə oğlu Təvəkkül Quliyevin işə düzəldilməsi məqsədi ilə 4000 manat məbləğində pul vermiş, cavabdeh bu məbləğdən 1000 manatını qaytarsa da, 3000 manat qalıq qalmışdır. İddiaçı bununla bağlı polis şöbəsinə müraciət etmiş, habelə ibtidai və məhkəmə istintaqı dövründə qalıq pulunu geri ala bilməmişdir. Bu əkinçiliklə məşğul olan şəxs kimi onun öz işlərini buraxıb dəfələrlə polis şöbəsinə və məhkəməyə gəlməsinə səbəb olmuş, nəticədə o, dərin stress, əsəb və mənəvi sarsıntı keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, mənəvi zərərə dair hissədə iddia qismən təmin edilməli, cavabdehdən 300 manat məbləğində mənəvi zərərin əvəzi tutulub iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 80 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 55 %-i, yəni 44 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində maddi ziyan və 300 manat mənəvi zərər olmaqla, cəmi 3300 manat məbləğində pul və ödənilmiş 80 manat dövlət rüsumunun 55 faizi, yəni 44 manatı tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat məbləğində maddi ziyan və 300 manat mənəvi zərər olmaqla, cəmi 3300 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 55 faizi, yəni 44 manatı Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar