Məhkəmə qərarları › İş №2(059)-278/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-278/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-278/2020 05.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Mustafayev Ziya Əbdürəhim oğlunun iştirakı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada MMC-nin xeyrinə xx xxxxxxx 2016-cı il tarixli, LD/16300/00022 saylı kredit müqaviləsi üzrə 425,49 manat əsas, 42,55 manat cərimə olmaqla, cəmi 468,04 manat borcun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, Cavabdeh2 etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Mustafayev Ziya Əbdürəhim oğlu izahatında göstərdi ki,Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMCnin Şabran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana sonuncunun xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə xx xxxxxxx 2016-cı il tarixə olan qalıq öhdəliyini ABŞ dollarından manata konvertasiya etmiş, nəticədə, Cavabdeh2 1820,49 manat ekvivalentində yeni kredit öhdəliyi qəbul etməklə, həmin krediti 36 ay müddətində, faizsiz, borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə digər Cavabdeh1 arasında xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. BOKT "xxxxxxxxxxxxxxxxxxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə ötürülmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq üzərilərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə, onların iddiaçı BOKT-a xx xxxxxxx 2019-cu il tarixinə kredit müqaviləsi üzrə cəmi 468,04 manat borcları yaranmışdır. Bundan əlavə qeyd edir ki, Cavabdeh2 etirazı əsassızdır. Belə ki, cavabdeh etirazında qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası ilə bağlı verilmiş kompensasiya məbləği hazırda öhdəliyi olduğu kredit müqaviləsi üzrə borca görə deyil, digər kredit müqaviləsinə əsasən götürdüyü kredit məbləğinin ABŞ dolları ilə manat arasında yaranmış fərq məbləğinə uyğun ödənilmişdir. Halbuki, iddiaçı MMC ilə Cavabdeh2 arasında təkcə sözügedən kredit müqaviləsi mövcud olmuş, lakin vətəndaş sözügedən Fərmanın aşağıda qeyd edilən bəndlərinin mənasını düzgün anlamamışdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanının 2-ci və 8.6-cı hissələrində müvafiq olaraq bu Fərmanın İ hissəsinə əsasən edilən ödənişin, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, qalan məbləğin isə fiziki şəxslərin sərəncamına verilməsi və vaxtı keçmiş kredit borcu dedikdə, fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar olduğu göstərilmişdir. Fərmanın qeyd edilən bəndlərindən də aydın görünür ki, Fərmanın icrası ilə bağlı bir şəxsə kompensasiya ayrılanda, həmin şəxsin götürülən aktiv kredit borcu üzrə gecikmə günlərinin sayı 360 gündən az olduqda həmin kompensasiya məbləği həmin şəxsin özünə ödənilir. Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək hər ay ödənişləri vaxtında həyata keçirmiş, Fərmanın qəbulundan sonra isə ödənişləri dayandırmışdır. Fərman icra olunarkən cavabdehin gecikmə günlərinin sayı təxminən 30 gün olduğuna görə, ona kompensasiya məbləği Mərkəzi Bankdan poçt vasitəsilə ödənilmiş, vətəndaş isə Fərmanın qeyd edilən bəndlərinin məzmununu dərk etməyərək, kredit müqaviləsi üzrə qalıq borcun dövlət tərəfindən banka ödənildiyini zənn edərək, qalan pulun kompensasiya məbləği kimi ona ödənildiyini düşünmüşdür. Bir daha qeyd edir ki, Cavabdeh2 ləğv prosesində olan BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də hazırkı iddia tələbindəki aktiv kredit borcu üzrə Fərmanın verildiyi xx xxxxxx 2019-cu il tarixə gecikmə günlərinin sayı 360 gündən az olduğundan həmin məbləğ şəxsin özünə qaytarılmış, Cavabdeh2 isə öz növbəsində ona ödənilən kompensasiya məbləğindən banka qalan ödənişlərini həyata keçirməli idi. Qeyd edir ki, BOKT “xxxxxxxx” MMC ilə yüzlərlə vətəndaş arasında Fərmanın bu bəndinin məzmununun düzgün anlaşılmaması ilə əlaqədar problemlər yaranmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh2 məhkəməyə ünvanladığı etirazında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, ilkin olaraq xx xxxxx 2015-ci ildə “Vijn Fond xxxxxxxx” MMCdən 1800 ABŞ dolları məbləğində kredit götürmüşdür. ABŞ dollarının manata nisbətən məzənnəsinin 1,70 manata qədər artımından sonra, o, BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə çağırılmış və kredit müqaviləsi üzrə dollarla götürülmüş kreditin ödənilməmiş qalan 1100 ABŞ dolları məbləğ müvafiq olaraq manata çevirilmiş, habelə alınan 1820 manat kredit borcuna uyğun xx xxxxxxx 2016-cı il tarixli yeni kredit müqaviləsi və ayda 51 manat ödənilməsi ilə bağlı yeni ödəniş cədvəli tərtib edilmişdir. Beləliklə, o, xx xxxxxxx 2016-cı il tarixdən sonra yeni kredit müqaviləsinə əsasən hər ay 51 manat kredit borcu ödəməyə başlamışdır. Dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalivasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə məlum “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanından sonra təxminən 2019cu ilin mart-aprel aylarında onun ***-***-**-** nömrəli telefonuna Siyəzən rayon poçtuna getməsi ilə bağlı mesaj gəlmiş, bunun səbəbi isə dolların qalxmasından sonra ödədiyi artıq pulların ona qaytarılacağı olmuşdur. Beləliklə, bu Fərmanın tələbinə görə Poçtdan ona təxminən 1156 manat məbləğində hesablanmış artıq ödədiyi kredit qaytarılmışdır. Hesab edir ki, BOKT “xxxxxxxx” MMC müəyyən vaxtlarda müxtəlif banklara çevrildiyindən burada nəsə anlaşılmazlıq baş vermişdir. İddia ərizəsində qeyd edildiyi kimi BOKT “Vijn Fond xxxxxxxx” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Habelə onun bu Fərmanın icrası zamanı müqavilə üzrə borcu qalmış olsa idi, ona veriləcək 1156 manat artıq ödənilmiş məbləğ, ilk növbədə onun bank qarşısında qalan kredit borclarının ödənilməsinə yönəldilərdi. Ona görə ki, Fərmanın icrası zamanı, ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilirdi, yerdə məbləğ qalırdısa, qalan məbləğ həmin fiziki şəxslərin sərəncamına verilirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şabran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, LD/16300/00022 saylı kredit müqaviləsinin surətindən müəyyən edilir ki, borcverən borcalana sonuncunun xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə xx xxxxxxx 2016-cı il tarixə olan qalıq öhdəliyini ABŞ dollarından manata konvertasiya etmiş, nəticədə, Cavabdeh2 1820,49 manat ekvivalentində yeni kredit öhdəliyi qəbul etməklə, həmin krediti 36 ay müddətdə, faizsiz, borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsinin təminatı kimi Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şabran filialı ilə zamin Cavabdeh1 arasında xx xxxxxxx 2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun vaxtında və tam icra edilməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildirişdən görünür ki, BOKT "xxxxxxxxxxxxxxxxxxxx" MMC-nin Cavabdeh2 öhdəliyi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə ötürülmüşdür. İşdə olan BOKT “xxxxxxxx” MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 BOKT “xxxxxxxx” MMC -yəxx xxxxxxx 2019-cu il tarixə 425,49 manat məbləğində əsas, 42,55 manat cərimə olmaqla, cəmi 468,04 manat məbləğində borcu vardır. İşdə olan xx xxx 2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanın İİ bəndinə əsasən bu Fərmanın İ hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Bu Fərmanın 8.6-cı yarımbəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə, fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Qeyd olunan Fərmandan da məlum olur ki, Fərmanın icrası ilə bağlı, bir şəxsə kompensasiya ayrılanda, həmin şəxsin götürülən aktiv kredit borcu üzrə gecikmə günlərinin sayı 360 gündən az olduqda həmin kompensasiya məbləği həmin şəxsin özünə ödənilir. Bu səbəbdən də, Cavabdeh2 BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də hazırkı iddia tələbindəki aktiv kredit borcu üzrə Fərmanın verildiyi xx xxxxxx 2019-cu il tarixə gecikmə günlərinin sayı 360 gündən az olduğundan həmin məbləğ şəxsin özünə qaytarılmışdır. Beləliklə, iddiaçı BOKT Cavabdeh2 kompensasiya kimi ödənilmiş məbləğin ona düşən hissəsini sonuncudan tələb etməkdə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh1 əsas borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. xx xxxxxxx 2016-cı il tarixli, LD/16300/00022 saylı kredit müqaviləsinin 5.1.1-ci bəndinə görə yubanma günlərinin sayı 90 günə qədər olduqda, borcalan gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün borcverənin xeyrinə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şabran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana sonuncunun xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında götürdüyü kredit üzrə xx xxxxxxx 2016-cı il tarixə olan qalıq öhdəliyini ABŞ dollarından manata konvertasiya etmiş, nəticədə, Cavabdeh2 1820,49 manat ekvivalentində yeni kredit öhdəliyi qəbul etməklə, həmin krediti 36 ay müddətdə, faizsiz, borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə digər Cavabdeh1 arasında xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. BOKT "xxxxxxxxxxxxxxxxxxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə ötürülmüşdür. Lakin, cavabdehlər üzərilərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx xxxxxxx 2016-cı il tarixli, LD/16300/00022 saylı kredit müqaviləsi üzrə 425,49 manat əsas, 42,55 manat cərimə olmaqla, cəmi 468,04 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx xxxxxxx 2016-cı il tarixli, LD/16300/00022 saylı kredit müqaviləsi üzrə 425,49 manat əsas, 42,55 manat cərimə olmaqla, cəmi 468,04 (dörd yüz altmış səkkiz manat 04 qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar