Məhkəmə qərarları › İş №2(059)-280/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-280/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-280/2020 28.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "İddiaçı" QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" QSC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixli, 030CL0000083 saylı kart hesabı üzrə kredit müqaviləsi üzrə 1070,90 manat əsas, 88,76 manat faiz və 4667,75 manat cərimə borcu olmaqla, ümumilikdə 5827,41 manat borcun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı QSC ilə xx xxxxxx 2013-cü il tarixdə bağladığı kredit kart üzrə kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 33% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsilə 1100 manat məbləğində kredit götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə, onun kredit müqaviləsi üzrə banka əsas məbləğ üzrə 1070,90 manat, müqavilə müddətinə faiz üzrə 88,76 manat, xx xxx 2020-ci il tarixə isə cərimə üzrə 4667,75 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, bildiriş vərəqələrini ona təqdim etmək mümkün olmamış və bildiriş vərəqələri cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməklə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, xx xxxxxx 2013-cü il tarixli, 030CL0000083 saylı kart hnsabı üzrə kredit müqaviləsindən müəyyən edilir ki, ”İddiaçı” QSC-nin Binəqədi filialı tərəfindən Cavabdeh illik 33%-lə, 12 ay müddətinə 1100 manat məbləğində kredit xətti açılmış və kredit limiti daxilində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2013-cü il tarixli qəbzdən görünür ki, ”İddiaçı” QSC tərəfindən Cavabdeh 1 (bir) ədəd kart verilmiş və ona kredit limiti ayrılmışdır. İşdə olan "İddiaçı" QSC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "İddiaçı" QSC-yəxx xxx 2020-ci il tarixli, 030CL0000083 saylı kart hesabı üzrə kredit müqaviləsinə əsasən 1070,90 manat əsas, 88,76 manat faiz və 4667,75 manat cərimə borcu olmaqla, ümumilikdə 5827,41 manat borcu vardır. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar "İddiaçı" QSC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, "İddiaçı" X3 iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit kart üzrə kredit müqaviləsinin 2.5-ci bəndinə görə kredit xəttinin müddəti bitənədək kredit Banka ödənilir. Əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, iddiaçı "İddiaçı" QSC-nin "kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 1070,90 manat olan əsas kredit borcu üzrə ümumilikdə 4667,75 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, ümumilikdə 4667,75 manat cərimə məbləğinin 321 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxx 2013-cü il tarixli kart hesabı üzrə kredit müqaviləsinə əsasən Cavabdeh "İddiaçı" QSC-yə əsas məbləğ üzrə 1070,90 manat, faiz üzrə 88,76 manat, cərimə üzrə 321 manat ödənilməmiş borcu mövcuddur. Cavabdeh borclu kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, edilən xəbərdarlıqlara məhəl qoymamış və iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, bankın vəsaitindən qanunsuz istifadə etməklə sonuncuya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, xx xxxxxx 2013-cü il tarixli, 030CL0000083 saylı kart hesabı üzrə kredit müqaviləsinə əsasən 1070,90 manat əsas, 88,76 manat faiz və 321 manat cərimə olmaqla, cəmi 1480,66 (bir min dörd yüz səksən manat 66 qəpik) manat borc, eləcə də, 30 manat dövlət rüsumunun 25 %-i, yəni 7,50 (yeddi manat 50 qəpik) manatı Cavabdeh "İddiaçı" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2013-cü il tarixli, 030CL0000083 saylı kart hesabı üzrə kredit müqaviləsinə əsasən 1070,90 manat əsas, 88,76 manat faiz və 321 manat cərimə olmaqla, cəmi 1480,66 (bir min dörd yüz səksən manat 66 qəpik) manat borc, eləcə də, 30 manat dövlət rüsumunun 25 %-i, yəni 7,50 (yeddi manat 50 qəpik) manatı Cavabdeh iddiaçı "İddiaçı" QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar