Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-280/2021 31.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borc pulun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borc pulun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 700 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 730 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Siyəzən rayonu, Yuxarı Ələz kəndində yaşayır. Cavabdeh həmkəndlisi olmaqla yanaşı, 2016-cı ildən onunla qudadır. Belə ki, oğlu Asif Mürsəliyev cavabdehin qızı Səidə Nəsirova ilə 2016-cı ilin sentyabr ayında rəsmi nikaha daxil olmaqla evlənmişdir. 2017-ci ilin oktyabr ayında cavabdeh ona zəng edərək, çox vacib məsələ ilə bağlı 2 aya qaytarmaq şərti ilə 700 manat pul istəmişdir. Çünki, həmin ərəfədə cavabdeh arvadının başqa şəxslə münasibətini bilmiş, polis orqanlarına etdiyi şikayət əsasında pul lazım olduğunu ona bildirmişdir. O da, qohum olduqları üçün gəlini Səidənin xətrinə 700 manat məbləğində pulu Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən evində 2 aya qaytarmaq şərti ilə cavabdehə vermiş, bu zaman yanlarında başqa şəxs olmamışdır. Sonradan dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq, sonuncu pulu qaytarmaqdan imtina etmişdir. Gəlini Səidə də dəfələrlə onun evində yaşayarkən atası olan cavabdehə telefon vasitəsilə zəng edərək, sonuncudan evlərində mübahisə yaratmamasını xahiş etsə də, cavabdeh qızına da əhəmiyyət verməmişdir. Bu səbəbdən də pulunun qaytarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı həmkəndlisi olmaqla yanaşı, 2016-cı ildən onunla qudadır. Belə ki, qızı Səidə Nəsirova iddiaçının oğlu Asif Mürsəliyevlə 2016-cı ilin sentyabr ayında rəsmi nikaha daxil olmaqla evlənmişdir. 2017-ci ilin oktyabr ayında iddiaçıya zəng edərək guya çox vacib məsələ ilə bağlı 2 aya qaytarmaq şərti ilə 700 manat pul istəməsi barədə iddiaçının bildirdikləri yalandır. 2017-ci ilin yay aylarında iddiaçının Siyəzən rayonu, Yuxarı Ələz kəndində işlətdiyi mağazada sonuncunun mərhum arvadı Rəsmiyyə Mürsəliyevadan 148 manatlıq ərzaq almış, sonradan bu pulu iddiaçının arvadına qaytarsa də, sonuncu onun adını nisyə dəftərindən silməyi unutmuşdur. Lakin, iddiaçının qeyd etdiyi kimi 2017-ci ilin oktyabr ayında sonuncu tərəfindən göstərilən səbəblə bağlı ondan hər hansı məbləğdə pul almamışdır. İddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi hazırda Siyəzən şəhərində kirayə qalan qızı Səidə və kürəkəni Asifin yenidən Siyəzən rayonunun Yuxarı Ələz kəndinə iddiaçının evinə qayıdıb, sonuncuya qulluq etməsinə nail olmaq istəyi ilə əlaqəlidir. Bir daha qeyd edir ki, iddiaçı 2017-ci ilin oktyabr ayından bəri təxminən 4 il ərzində 700 manat pulu nə yazılı, nə də şifahi qaydada ondan tələb etməmişdir. Hətta, həmin müddətdən 4 il keçdiyindən iddiaçı hazırkı iddia ilə müraciət etməsi üçün iddia müddətini də ötürmüşdür. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Siyəzən RPŞ-nin 18 mart 2021-ci il tarixli, 183-12943M-3221 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər nazirinə yazmış olduğu ərizəyə Siyəzən RPŞ-nin İTB-də baxılmış və ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan 16 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamış, pulun alınması və ödənilməsi qaydası ilə bağlı bir-birinin qarşısında bu və ya digər formada öhdəlik götürməmiş, o cümlədən şərtləşdirməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı və ya şifahi müqavilənin olması zəruridir. Həmçinin, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, müqavilə yazılı formada bağlanmalı olduğu halda, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bundan başqa, tərəflər arasında şifahi borc münasibətlərinin yaranması üçün onların müqaviləyə qədər danışıqlar, həmçinin yazışmalar aparması halları müəyyən edilməmiş, bu hallar mötəbər sənəd və ya sübutlarla əsaslandırılmamaqla, yanaşı tərəflərin qarşılıqlı münasibətlərində, habelə onların sonrakı hərəkətlərində özünü büruzə verməyərək, işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün yazılı və ya şifahi müqavilə mövcud deyildir və istisna edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıdan borc olaraq pul almasının heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla da, iddiaçının cavabdehə hər hansı bir məbləğdə pulu borc verməsi iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "borc pulun qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinə etirazındakı iddia müddətinin ötürülməsinə dair fikrinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi qanuni əsasa malik olmadığına, eyni zamanda iddia müddəti təmin edilən iddialara münasibətdə tətbiq edildiyinə, eləcə də hazırkı iddia tələbi əsassız olmaqla, təmin edilmədiyinə görə bu mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013cü tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "borc pulun qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-280/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-280/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver