Məhkəmə qərarları › İş №2(059)-284/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-284/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-284/2023 17.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 870 manat pul, eləcə də 31 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 901 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İİ qrup əlil kimi aldığı pensiya məbləği yaşayışına, o cümlədən müalicə və müayinələrinə yetərli olmadığı üçün hərdən müxtəlif ticarət mərkəzlərindən (Sədərək və s.) velosiped və hissələrini, mühərrikli odun doğrayan mişar, habelə uşaq paltarları, o sıradan trikotaj mallarını gətirərək alver etməklə, birtəhər dolanır. Cavabdeh velosipedlərin təmiri ilə məşğul olduğundan 2018-ci ildən onunla nisyə alver etməyə başlamış və sonuncu tam etibarını qazandığından bəzən onu özü ilə mal almağa da aparmışdır. Sonuncu dəfə cavabdehi özü ilə Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən ticarət mərkəzinə apararaq ona alver etmək üçün xeyrinə 1500 manatlıq mal alıb vermiş, şərtə görə cavabdeh nisyə aldığı malları sataraq dəyərini hissə-hissə ödəməli olmuşdur. Lakin, cavabdeh nisyə alınan malları satsa da, onların dəyərini ödəməmişdir. Bundan başqa, cavabdeh qızının toy ərəfəsində ailəsinin istehlakı üçün ondan pərdələr, süfrə, uşaq paltarları və s. nisyə olaraq almış, həmçinin qızının toy mərasiminə hazırlaşdığını səbəb gətirərək, ümumi aldığı malların qalıq dəyərinin ödənilməsini saxlamışdır. Beləliklə, cavabdeh qeyd edilən vaxtdan ondan nisyə aldığı malların dəyərinin hissə-hissə ödənişini 2020-ci ildə tam saxladığından o, ondan təkidlə aldığı malların pullarını tələb etdikdə, cavabdeh arvadı X2 aid müavinət kartını ona vermiş, həmin karta hər ay 50 manat pul köçürülmüş və o, bu məbləği 6 ay ərzində (6x50 manat=300 manat) almışdır. Lakin, plastik kart 15 iyun 2021-ci il tarixdən cavabdeh tərəfindən bloklanmış və ona ödənilməmiş qalan 970 manat borcun ödənişi dayandırılmışdır. Cavabdeh qızına toy etdiyindən borclandığını əsas gətirərək, borcunu qaytaracağını bildirsə də, onun borcu ödəməkdən qəsdən boyun qaçırdığını görüb şifahi şəkildə Elmir adlı sahə müvəkkilinə müraciət etmişdir. Sahə müvəkkilinin cavabdehlə danışığından sonra sonuncu 2022-ci ilin iyul və avqust aylarında hər dəfə 50 manat olmaqla, cəmi 100 manat borcundan qaytarsa da, o, hal-hazıra kimi 870 manat borcu qaytarmaqdan qərəzli boyun qaçırır. Bu fakt cavabdehin özünün etirafı, o cümlədən sahə müvəkkilinə verdiyi izahatla və tərəfindən aparılan nisyə satılan malların qeydiyyat dəftərindəki cavabdehə münasibətdə nisyə alınan malların qeydiyyatı, habelə şahid ifadələri ilə təsdiq edilir. Beləliklə, cavabdeh könüllü olaraq borcun qaytarılması üçün heç bir əməli iş görmür. Artıq məlumdur ki, məhkəmə müdafiəsindən istifadə etməsə cavabdehdən borcun alınması qeyri-mümkündür. Digər tərəfdən, borc məbləği inflyasiya nəticəsində dəyərdən düşməkdədir. Bu səbəbdən də, cavabdehdən borcun bir dəfəyə alınması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 2019-cu ilin iyun ayında Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən ticarət mərkəzindən öz vəsaiti hesabına 1450 manat dəyərində velosiped və velosipedin ehtiyat hissələrini Cavabdeh vermək məqsədilə alaraq, Siyəzən şəhərinin Gənclik qəsəbəsində işlətdiyi qarışıq mallar mağazasının qabağında boşaltmışlar. Eyni zamanda, cavabdeh bu malları ondan nisyə şəkildə əldə etdikdən sonra özünün işlətdiyi velosipedin ehtiyat hissələrinin təmiri mağazasında sataraq, ona 1450 manat puldan əlavə, hissə-hissə olmaqla, 350-400 manat pul da verməyi vəd etmişdir. Bundan sonra, cavabdeh ondan, gətirilmiş mallardan 650 manat dəyərində velosipedin ehtiyat hissələrini nisyə alaraq, satsa da, dəyərini tam ödəməmiş, habelə bu əşyaların 85 manatlıq hissəsi natura şəklində qaytarılmışdır. Həmçinin, cavabdeh bu əşyalara görə ona əlavə 65 manat pul da vermiş, qalan məbləğ isə ödənilməmiş qalmışdır. Daha sonra, cavabdeh 2020-ci ilin iyun ayında qızı Nazəninin toy mərasimi ərəfəsində ondan cəmi dəyəri 850 manat olan pərdə, süfrə, uşaq paltarı və digər məişət əşyaları almış, habelə bu məbləğin 300 manatlıq hissəsi cavabdehin arvadı Güldanə Eyvazovaya məxsus sosial müavinət kartı hesabına 6 ay ərzində hər ay 50 manat olmaqla, ödənilmiş, 100 manatı polisə müraciətindən sonra, hər dəfə 50 manat şəklində qaytarılmışdır. Bundan əlavə, cavabdeh velosipedin ehtiyat hissələrinin bir qismini satmayıb, qaytardığına görə məişət əşyalarına görə olan ümumi borcdan 100 manat da çıxmışdır. Bununla da, cavabdeh məişət əşyalarına görə ona ümumilikdə 500 manat vəsait ödəmiş, 350 manat isə borclu qalmışdır. O, cavabdehə çox güzəştlər etmiş, lakin, sonuncu ona olan borcunu müxtəlif bəhanələr gətirməklə, ödəməkdən imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2019-cu ilin iyun ayında İddiaçı ilə birlikdə Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən ticarət mərkəzindən 1050 manatlıq velosipedin ehtiyat hissələrini alıb, sonuncunun Siyəzən şəhərinin Gənclik qəsəbəsində işlətdiyi qarışıq mallar mağazasının qabağında boşaltmışlar. Bundan sonra, o, Siyəzən şəhərinə gətirilmiş əşyaların 650 manat dəyərində olan hissəsini özünün işlətdiyi velosipedin ehtiyat hissələrinin təmiri mağazasına aparmış, habelə sonradan apardığı malların 300 manatlıq hissəsini natura şəklində qaytarsa da, 350 manatlıq hissənin dəyərini pul şəklində ödəmişdir. Qeyd etdikləri barədə dəftərdə müvafiq qeydlər aparsa da, orada iddiaçının imzası olmamışdır. Bundan əlavə o, qızı Nazəninin toyu ərəfəsində, yəni 2020-ci ilin iyun ayında ümumilikdə 460 manat dəyərində olan pərdə, süfrə və uşaq paltarı olmaqla, müxtəlif ev əşyalarını iddiaçıdan nisyə satın almış, həmin borcun 300 manatını iddiaçı sosial müavinət kartından götürmüş, 100 manatını qarşı tərəfin polisə müraciətindən sonra, qalan 60 manatını isə 3 dəfəyə hər dəfə 20 manat olmaqla, iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 15 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən cəmi 31 (otuz bir) manat məhkəmə xərci çəkmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bu Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün İddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bu mənada, tərəflərin izahatlarından, işin faktiki hallarından, o cümlədən tədqiq edilmiş mötəbər sübutlardan görünür ki, tərəflər arasında şifahi razılığa əsasən 2019-cu və 2020-ci ilin iyun aylarında İddiaçı tərəfindən Cavabdeh müvafiq olaraq 650 manat və 460 manat olmaqla, ümumilikdə 1110 manat dəyərində mallar nisyə olaraq satılmış, həmçinin sonuncu tərəfindən həmin borcdan müxtəlif vaxtlarda cəmi 650 manatı qaytarılsa da, qalıq 460 manat ödənilməmiş qalmış, bununla da, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, İddiaçı şifahi razılığa əsasən 2019-cu və 2020-ci ilin iyun aylarında Cavabdeh müvafiq olaraq 650 manat və 850 manat olmaqla, ümumilikdə 1500 manat dəyərində malları nisyə olaraq satdığını bildirsə də, o, müqavilənin ümumi qiymətinin kifayət qədər əsaslı olmasını təsdiq edəcək mötəbər sənədə və ya sübuta malik olmamış, əksinə bu qiymətin qismən əsaslılığı, o cümlədən ümumilikdə 1110 manat həcmində olması məhz cavabdehin etirafı nəticəsində təsdiqini tapmışdır. Hətta, İddiaçı vəsatəti əsasında şahid qismində dindirilməsi üçün məhkəmə baxış iclasına dəvət edilmiş şahid X1 iclasa gəlməməsi də, iddiaçının nisyə alqı-satqı müqaviləsinin ümumi qiymətinin qalıq məbləğinə münasibətdə istinad etdiyi halların şəxsi mülahizələri kimi qiymətləndirilməsinə əsas yaratmışdır. Çünki, iddiaçı nisyə alqı-satqı müqaviləsinin ümumi qiymətinin qalıq məbləğinə münasibətdə istinad etdiyi halları təsdiq edəcək mötəbər sənəd və ya sübuta malik olmamışdır. Bundan əlavə, cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu tam şəkildə ödədiyini bildirsə də, onun özü də istinad etdiyi bu halları təsdiq edəcək mötəbər sənəd və ya sübuta malik olmamış, əksinə, iddiaçının, ona ümumi borcdan müxtəlif vaxtlarda cəmi 650 manatın ödənildiyini bildirməsi, o cümlədən bu halı etiraf etməsi işin mübahisələndirilməyən halına çevrilmişdir. Deməli, nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehin iddiaçıya ümumilikdə 460 manat borcunun qalması işin təkzib olunmaz halıdır. Beləliklə, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, nisyə alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də, iddiaçı ödənilməmiş 460 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbi 460 manat borca dair hissədə əsaslı olduğundan təmin edilməli, iddia tələbinin "qalıq məbləğə" aid hissəsi isə sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 460 manat əsas borc və iddia tələbi üzrə ödənilmiş 31 manat məhkəmə xərcinin 53%-i, yəni 16,43 manatı alınaraq ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 460 (dörd yüz altmış) manat əsas borc və iddia tələbi üzrə ödənilmiş 31 (otuz bir) manat məhkəmə xərcinin 53%-i, yəni 16,43 (on altı manat 43 qəpik) manatı alınaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar