Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-290/2020 03.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı cavabdeh “x1 Təsərrüfatı” MMC-yə qarşı "icarə müqaviləsi yaranmış borcun, eləcə də dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh “x1 Təsərrüfatı” MMC-yə qarşı "icarə müqaviləsi yaranmış borcun, eləcə də dəymiş zərərin ödənilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 16 may 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi üzrə 25000 manat, qazdan istifadəyə görə 8949,20 manat, işıqdan istifadəyə görə 1796,31 manat və icarəyə verənə dəymiş zərərə görə 1330 manat olmaqla, cəmi 37052,2 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi İddiaçı vergi ödəyicisi olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxsdir. İş materiallarına əlavə edilmiş 16 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti Abşeron Rayon İcra Hakimiyyətinin 14 noyabr 2011-ci il tarixli, 2335 nömrəli sərəncamı əsasında iddiaçıya ayrılmış 4,98 ha torpaq sahəsi üzərində həmin icra hakimiyyətinin 1217 nömrəli, 03 avqust 2012-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş Bakı şəhəri 1 nömrəli Zeytunçuluq Sovxozunun ərazisində yerləşən sahəsi 6891,61 kv.m olan quşçuluq obyektinin onun tərəfindən cavabdeh MMC-yə icarəyə verilməsindən ibarət olmuşdur. Həmçinin, bu müqavilədən göründüyü kimi icarəyə götürən iddiaçıya aylıq 2500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Yəni, sahibkarlıq fəaliyyətinin bir növü olan quş və quş əti məhsullarının istehsalı ilə bağlı cavabdeh “x1 Təsərrüfatı” MMC İddiaçı ona məxsus əmlakları icarə əsasında istifadə etməyə başlamış, sonuncunun niyyəti isə cavabdehin bu fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ondan icarə haqqı almaq, yəni gəlir əldə etmək olmuşdur. Beləliklə də tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar müqavilə münasibətləri yaranmışdır. Digər tərəfdən iddia tələbinin cavabdehdən tələb edilən pul məbləğləri də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində tərəflər arasında yaranmış fikir ayrılığından qaynaqlanmış, iddiaçı müvafiq ziyan məbləğini əsaslandırarkən quşçuluq obyektində olan avadanlıqların cavabdeh tərəfindən öz sahibkarlıq məqsədləri üçün istismarı nəticəsində yararsız vəziyyətə düşməsinə istinad etmişdir. Bütün bunlar isə mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Belə olduğu halda İddiaçı ilə cavabdeh “x1 Təsərrüfatı” MMC-yə arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı cavabdeh “x1 Təsərrüfatı” MMC-yə qarşı "icarə müqaviləsi yaranmış borcun, eləcə də dəymiş zərərin ödənilməsi" tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-290/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-290/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver